Icma.az, Gununsesi saytına istinadən bildirir.
Türkiyədə deputat Mustafa Sarıgül barəsində ciddi ittihamlar irəli sürülüb. O, keçmiş mühafizəçisinə qarşı cinsi zorakılıq etməkdə ittiham olunur.
Gununesi.info xəbər verir ki, mühafizəçi istintaqa verdiyi ifadəsində 2021-ci ildən etibarən Mustafa Sarıgül tərəfindən dəfələrlə öz iradəsinə zidd olaraq cinsi zorakılığa məruz qaldığını iddia edib.
Hazırda ev dustaqlığında olan keçmiş mühafizəçinin ifadəsində bildirdiyi iddialar Türkiyə mediasında geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, Mustafa Sarıgül CHP-dən ayrılaraq yeni yaradılan YENİ Partiyanın üzvüdür. Barəsində səsləndirilən ittihamların partiyanın müzakirə və mübahisə mövzusuna çevrilməməsi üçün Sarıgül partiyadakı üzvlüyünün istintaq başa çatana qədər dayandırılmasını istəyib.
O, açıqlamasında bu addımı partiyasının istintaqla əlaqədar müzakirələrin hədəfinə çevrilməməsi məqsədilə atdığını bildirib.
YENİ Partiyanın sözçüsü Zeynel Emre də məsələ ilə bağlı açıqlama verib. O, Sarıgülün qərarına hörmətlə yanaşdıqlarını və bunu müsbət qarşıladıqlarını bildirib. Partiya sözçüsü hazırda Mustafa Sarıgülün YENİ Partiya ilə heç bir əlaqəsinin olmadığını, irəli sürülən iddialar aydınlaşdıqdan sonra vəziyyətin yenidən qiymətləndiriləcəyini deyib.
Mustafa Sarıgül isə ona qarşı irəli sürülən cinsi zorakılıq ittihamlarını rədd edib. O, iddiaların əsassız olduğunu bildirərək, bu məsələ ilə bağlı hüquqi addımlar atacağını açıqlayıb.
Elmar