Deputat: “Niyə 28 May dövlət səviyyəsində Gülüstan sarayında qeyd olunmur?”

26.05.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

“Mərhum prezident Heydər Əliyev vaxtilə söyləmişdi ki, Azərbaycan xalqının ən böyük tarixi nailiyyəti onun istiqlalıdır. 

Dövlət protokolundakı əsas qaydalar haqqında Prezident tərəfindən imzalanmış fərmana əsasən, dövlət bayramları Gülüstan sarayında qeyd olunmalı və Prezident orada çıxış etməlidir. Amma çox təəssüf ki, bizim ən böyük bayramımız dövlət səviyyəsində qeyd olunmur. 

Nazirlər Kabinetinin tərkibində üzv kimi hörmətli Bahar Muradova istəsə, bu məsələyə də münasibət bildirər. Ümumiyyətlə, Milli Məclisə bu barədə bir məlumat verilməlidir. İzahat verilməlidir ki, niyə bu bayram qeyd olunmur. 

Hörmətli Bahar xanım bizim deputat həmkarımız olub, kifayət qədər hazırlıqlı siyasətçidir və mən hesab edirəm ki, bir çox suallara aydınlıq gətirilməlidir”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Rizvan Nəbiyev deyib. 

Deputat təəssüflə qeyd edib ki, son illər evliliklərin sayı azalır, əvəzində boşanmalar artır, uşaq doğumunun sayı azalır, selektiv abortların sayı artır: 

“Yəni bunun səbəbləri dövlət komitəsində araşdırılıbmı? Bununla bağlı hökumətə, cənab Prezidentə hər hansı təkliflər göndərilirmi? 

Ümumiyyətlə, indi biz burada ailə zorakılığından danışdıq. Qarşıdan Qurban bayramı gəlir. Təəssüflə müşahidə edirik ki, balaca uşaqların gözü qarşısında heyvanlar kəsilir. Halbuki, Məhəmməd peyğəmbər buyurub ki, nəinki uşaqların, başqa heyvanın qarşısında da digər heyvan kəsilməməlidir. 

Bax, bu ailə zorakılığının bir kökü oradan başlayır. Bu yaxınlarda sabiq deputat həmkarımız Etibar Əliyev bir paylaşım etmişdi. Hətta Bahar xanım da rəsmi müraciət etmişdi. Mən mətbuatda oxudum ki, bir kəsimxana var və orada heyvanları kəsirlər, onun başını da orada nümayiş etdirirlər. Uşaqlar da onun qabağından sağa-sola keçir. 

Bax, ailə quranların sayının azalmasının əsas səbəblərindən biri budur. Biz nə qədər maarifləndirmə işi ilə məşğul olsaq da, köklü iqtisadi islahatlar cəmiyyətdə aparılmadan, dövlət tərəfindən ciddi sosial proqramlar həyata keçirilmədən biz bu problemlərə qarşı mübarizə apara bilməyəcəyik. Selektiv abortun səbəbləri araşdırılmalıdır ki, niyə ailələr qız övladlarından imtina edir”. 

Deputat əlavə edib ki, səbəbləri araşdırıb, bir xəstəliyə diaqnoz qoymadan ona qarşı effektiv mübarizə aparmaq mümkün deyil: 

“Ona görə də istərdim ki, belə araşdırmaların aparılması, səbəblərinin araşdırılması ilə bağlı müvafiq vəzifəli şəxslərə tapşırıqlar verilməsi, qanunvericilik təşəbbüsləri ilə çıxış edilməsi üçün təşviq qeyd olunsun. 

Hörmətli icra hakimiyyəti nümayəndələri dedi ki, bu, hamının işidir. Əlbəttə, hamının işidir. Amma ixtisaslaşmış qurum olaraq bu məqsədlə hökumət tərəfindən xüsusi komitə yaradılıb və bu komitənin əsas borcu odur ki, bu məsələləri araşdırıb müvafiq təşəbbüslərlə çıxış etsin”. 

Vilayət Muxtar 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью