Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Təqdim edilən qanun layihəsi psixiatriya yardımı sahəsində mövcud boşluqların aradan qaldırılması və bu sahədə qaydaların təkmilləşdirilməsi baxımından ümumilikdə müsbət qiymətləndirilməlidir. Layihədə psixi sağlamlıq sahəsində müasir tələblər nəzərə alınır, elektron sağlamlıq kartı sistemi tətbiq edilir və məcburi hospitalizasiya zamanı təhlükəsizlik tədbirlərinin hüquqi əsasları dəqiqləşdirilir. Həmçinin, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslərin psixiatrik müayinəsinin hüquqi mexanizmi müəyyən edilir. Bütün bunlar mövcud qanunvericilikdə olan bir sıra boşluqların aradan qaldırılmasına xidmət edir".
Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında deputat Vasif Qafarov “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi danışarkən bildirdi.
O bildirdi ki, layihə hüquqi müəyyənlik prinsipinin gücləndirilməsinə, psixiatriya yardımı sahəsində tətbiq zamanı yaranan praktiki çətinliklərin aradan qaldırılmasına, eləcə də aidiyyəti dövlət orqanları ilə tibb müəssisələri arasında qarşılıqlı fəaliyyətin daha səmərəli təşkilinə imkan yaradacaq:
"Bununla yanaşı, layihənin daha da təkmilləşdirilməsi məqsədilə diqqət yetirilməsi vacib olan bir sıra məqamlar da mövcuddur. Belə ki, elektron sağlamlıq kartında məlumatların saxlanılması nəzərdə tutulsa da, həmin məlumatlara hansı dövlət orqanlarının və hansı əsaslarla çıxış əldə edə biləcəyi, məlumatların saxlanma müddəti və məhv edilməsi mexanizmi, habelə qanunsuz istifadəyə görə məsuliyyət məsələləri kifayət qədər ətraflı tənzimlənməyib. Nəzərə almaq lazımdır ki, psixi sağlamlıqla bağlı məlumatlar xüsusi kateqoriyalı fərdi məlumatlara aiddir və onların mühafizəsi xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, fərdi məlumatların qorunması prinsipinə uyğun olaraq, şəxsə aid məlumatların müvafiq icra hakimiyyəti orqanının informasiya sistemində texniki olaraq hansı müddət ərzində saxlanılmasının qanunda aydın göstərilməsi məqsədəuyğun olardı. Məsələn, bu müddətin 24 saat olaraq müəyyənləşdirilməsi nəzərdən keçirilə bilər.
Həmçinin, layihədə digər pasiyentlərin və şəxsin özünün təhlükəsizliyinin təmin edilməsi məqsədilə təcrid tədbirinin tətbiqi nəzərdə tutulsa da, həmin təcridin maksimum müddəti, uzadılması qaydası, həkim komissiyası tərəfindən yenidən qiymətləndirilməsi və bu proses üzərində nəzarət mexanizmi müəyyən edilməyib. Bu məsələlərin qanunvericilikdə dəqiq təsbit olunması insan hüquqlarının müdafiəsi baxımından əlavə təminat yaradacaq".
NURİYYƏ