Deputat seçicilərinə seks təklif edir

25.08.2026

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Almaniyanın Mannheym şəhər şurasının üzvü Jülyen Ferra şəhər meriyasının binasında böyüklər üçün tədbir, svinger gecəsi keçirməyi təklif edib.

Modern.az xəbər verir ki, bu barədə DPA məlumat yayıb.

Ferra bununla bağlı şəhər rəhbərliyinə müraciət etsə də, tədbirin keçirilməsi üçün zəruri detalları təqdim etməyib. Şəhər hakimiyyəti deputatdan tədbirin dəqiq tarixini, hansı otaq və ya sahədən istifadə olunacağını, həmçinin təşəbbüsün onun yerli siyasi mandatı ilə əlaqəsini açıqlamağı istəyib.

Mannheym meriyasının sözçüsü bildirib ki, belə bir təklifə lazımi qaydada baxılması üçün sözügedən məlumatlar vacibdir.

Bundan başqa, Ferra meriyada tədbirin keçirilməsi üçün rəsmi ərizə də təqdim etməyib. Şəhər hakimiyyəti yalnız rəsmi müraciət daxil olduqdan sonra məsələ ilə bağlı qərar verə bilər.

Deputat isə bildirib ki, hazırda tədbirlə bağlı bütün zəruri məlumatlara malik deyil. Onun sözlərinə görə, potensial iştirakçıların dəqiq sayı və tədbirin keçirilmə tarixi hələ müəyyənləşdirilməyib.

Ferra tədbirin miqyası, o cümlədən lazım olacaq məkanın ölçüsü barədə daha aydın təsəvvür formalaşdırdıqdan sonra növbəti addımları müəyyənləşdirmək niyyətində olduğunu deyib. Hazırda tədbirə təxminən 50 nəfərin maraq göstərdiyi bildirilir.

Deputat həmçinin tədbirlə bağlı elanı şəhər meriyasının rəsmi bülletenində dərc etdirmək istəyib. Lakin şəhər rəhbərliyi elanın oxucular arasında potensial olaraq yanlış təsəvvür yarada biləcək məlumat yayacağını əsas gətirərək onun dərcindən imtina edib. Elanın dəyişdirilmiş variantı da təsdiqlənməyib.

Ferra isə meriyanın şəhərin mərkəzində yerləşməsinin belə bir tədbir üçün əlverişli olduğunu düşünür. O, şəhərin davranış qaydalarında və yerli normativ aktlarda bu tip tədbirlərin meriya binasında keçirilməsini birbaşa qadağan edən müddəanın olmadığını iddia edib.

Deputat təklifini yerli siyasətlə də əlaqələndirib. Onun fikrincə, Mannheimın bu istiqamətdə turizm məkanı kimi inkişaf etdirilməsi şəhərə əhəmiyyətli gəlir gətirə bilər.

Şəhər hakimiyyəti tədbirin keçirilməsinə icazə verməsə, Ferra məhkəməyə müraciət edəcəyini və tədbiri özəl qaydada təşkil etməyə çalışacağını bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью