Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Şəhərin yaxınlığında məişət tullantılarının mütəmadi yandırılması nəticəsində havada yayılan tüstü və ağır qoxu həm ekologiyaya, həm də insanların sağlamlığı, xüsusilə xroniki xəstəlikləri olan şəxslər üçün əlavə risklər yaradır.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Fatma Yıldırım bildirib.
Fatma Yıldırım deyib ki, ətraf mühitin mühafizəsi sahəsində ölkəmizdə aparılan siyasətin əsasında Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü iradəsi dayanır: “Prezidentin rəhbərliyi ilə Azərbaycan bu gün dünyada yaşıl inkişaf modelini təşviq edən ölkələr sırasında lider mövqeyə yüksəlib. Lakin aparılan islahatların bölgələrdə də real nəticələr verməsi üçün yerli səviyyədə nəzarətin və təşəbbüskarlığın gücləndirilməsinə ehtiyac var. Bu aspektdə bir məqama toxunmaq istəyirdim. Şəhərinin çox yaxınlığında, insanların sıx yaşadığı ərazidə məişət tullantılarının açıq şəkildə və mütəmadi yandırılması hallarına yol verilməməlidir. Çünki havada yayılan tüstü və ağır qoxu həm ekologiyaya, həm də insanların sağlamlığına ciddi təsir edir. Xüsusilə xroniki xəstəlikləri olan şəxslər üçün əlavə risklər yaranır. Bərdədə də belə hal var. Qanunvericilik bu cür hallara görə cərimə mexanizmləri nəzərdə tutur, lakin bu kifayət etmir. Bu baxımdan bölgələrdə məişət tullantılarının emalı və idarə olunması üzrə müasir texnologiyalara əsaslanan müəssisənin qurulmasının gələcək investisiya proqramlarına daxil edilməsi vacibdir”.