Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Prezident İlham Əliyevin regionlara səfərləri zamanı əhali ilə birbaşa təmasda olması, sakinlərlə görüşərək onların problemləri və gündəlik qayğıları ilə maraqlanması, həmçinin həyata keçirilən layihələrlə yerində tanışlığı ənənəvi xarakter alıb.
Dövlət başçısının bölgələrə səfərləri zamanı xalqın içində olması, sakinlərlə açıq şəkildə fikir mübadiləsi aparması və görülən işləri birbaşa yerində qiymətləndirməsi regionların inkişafına xüsusi diqqətin göstəricisi kimi dəyərləndirilir.
Belə səfərlər həm mövcud vəziyyətin daha yaxından öyrənilməsinə, həm də bölgələrdə yeni layihələrin həyata keçirilməsi və sosial-iqtisadi inkişaf üçün əlavə stimul yaranmasına şərait yaradır.
Qeyd edək ki, Prezident İlham Əliyev avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfər edib. Dövlət başçısının Naxçıvana səfəri “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi ilə bağlı çoxsaylı müzakirələrin aparıldığı və müxtəlif planların gündəmə gətirildiyi bir vaxta təsadüf edib.
“Cebheinfo.az”-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Azərbaycan Prezidentinin atdığı addımlar xalqımızı təhlükə və təhdidlərdən qorumağa yönəlib. O qeyd edib ki, Azərbaycan xalqı Prezidentin milli maraqlara söykənən siyasətini görür və qiymətləndirir:
“O dövlət rəhbəri özünü xoşbəxt hesab edə bilər ki, xalqı onu sevsin, xalqının sonsuz ehtiramını və məhəbbətini qazanmış olsun. Bu baxımdan, Azərbaycan Prezidenti cənab İlham Əliyev xoşbəxt Prezidentdir. Səbəbi də bəllidir.
Bu, onun atdığı bütün addımların xalqının və dövlətinin milli mənafeyindən irəli gəlməsi ilə bağlıdır. Bu addımlar müstəqildir və xalqımızı təhlükələrdən, təhdidlərdən qorumağa yönəlib. Cənab Prezident bir neçə dəfə çıxışlarında söyləyib ki, ən sadə yol böyük bir dövlətin qanadları arasına sığınıb ölkəni idarə etməkdir.
Lakin bu dünyada heç nə havayı deyil. Əgər bunu edərsənsə, müxtəlif avantüralardan və təhlükələrdən də qoruna bilməzsən. Biz çətin, lakin şərəfli yolu seçmişik. Bu, müstəqillik yoludur. Bu, milli maraqlara söykənən yoldur. Xalqımız bu reallığı görür və bu səbəbdən də Azərbaycan Prezidentinə sonsuz sevgisini ifadə edir”.
Deputatın sözlərinə görə, bu sevgini sonuncu prezident seçkilərində də görmək mümkün idi:
“Seçicilərimizin 92,12 faizi Azərbaycan Prezidentinin növbəti dəfə dövlət başçısı görmək istəyini ifadə etdi və ona səs verdi. Seçici fəallığı maksimum səviyyədə idi və 77 faizə çatmışdı.
Bu, xalqın Prezidentinə olan sonsuz məhəbbətinin ən yüksək ifadəsi idi. Cənab Prezident konkret əməli addımları ilə xalqının bu sevgisini qazanıb. Tarixi Zəfəri ilə bu sevgiyə layiq olduğunu sübut edib və hər zaman xalqın içindədir, onunla birbaşa təmasdadır”.
Elman Nəsirov əlavə edib ki, Prezidentin xalq arasında olması artıq ənənəyə çevrilib: “Cənab Prezident üçün artıq bir ənənəyə çevrilib ki, ad günlərini heç vaxt paytaxt Bakı şəhərində keçirmir. O, həmişə Qarabağda və digər bölgələrdə, seçicilərin, xalqın arasında olur, onlarla birbaşa təmas qurur.
Onları dinləyir, problemləri yerindəcə həll edir. Xalqımızda Prezidentə böyük inam var. Bu inamın əsas səbəblərindən biri də odur ki, o, sözünün ağasıdır. Nəyi deyibsə, edib”.
Deputat Prezidentin Naxçıvan Muxtar Respublikasına səfərinə də toxunub:
”Bu, sayca 17-cidir. Nəzərə alsaq ki, Naxçıvan müəyyən səbəblərdən Azərbaycanın əsas hissəsindən kənarda qalıb, belə əraziyə 17 dəfə səfər etməyin özü mühüm göstəricidir. Bu, Prezidentin xalqla təmasının, bölgələrə və insanlara diqqətinin ifadəsidir. Cənab Prezident istənilən bölgəyə dəfələrlə səfər edir və insanları narahat edən problemlərlə yerindəcə tanış olub.
Cənab Prezident deputatlar qarşısında da bu məsələni qoyub ki, gedin, seçicilərinizin içərisində olun, onları dinləyin, problemlərini öyrənin və həmin məsələləri yerli icra hakimiyyəti, mərkəzi icra hakimiyyəti, lazım gələrsə, Prezident Administrasiyası qarşısında qaldırın. Ta o vaxta qədər ki, problemlər öz həllini tapsın və vətəndaş məmnunluğu təmin edilsin”.
Deputat bildirib ki, bu səbəbdən də cənab Prezidentə olan etimad yüksək səviyyədədir:
“Bu, həm beynəlxalq səviyyədə, həm də daxilidə belədir. Xalqımız bütün bu reallıqları görür və qiymətləndirir. Həm də ona görə qiymətləndirir ki, bu gün dünya çox təhlükəli mərhələdən keçir. Elə bölgəmizdə faktiki olaraq iki müharibə gedir və yeni-yeni təhdidlər, çağırışlar meydana çıxır. Hər yerdə od, alov, yanğın, partlayışlar baş verir.
Bütün bu reallıqlar fonunda Azərbaycan xalqı təhlükəsiz şəraitdə yaşayır və bunun fərqindədir. Başa düşür ki, bu təhlükəsizliyin təmin olunması Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü müdrik siyasətin nəticəsidir”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Açar sözlər: İlham Əliyev Elman Nəsirov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin