Deputat torpaq ehtiyatlarının uçotunda mövcud problemləri AÇIQLADI

27.11.2026

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Torpaq sahələrinin dövlət qeydiyyatına alınması ölkədə mövcud hüquqi boşluqların aradan qaldırılmasına, torpaq ehtiyatlarının düzgün uçotunun aparılmasına və kənd təsərrüfatı torpaqlarından səmərəli istifadəyə imkan verəcək.

Redaktor.az xəbər verir ki, bunu deputat Bəxtiyar Əliyev Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirdi.

Deputat qeyd etdi ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun qəbulundan sonra vahid sistem formalaşdırıldı, daşınmaz əmlakın dövlət reyestri və çıxarış mexanizmi yaradıldı, torpaq kadastrı üzrə sistemləşdirmə aparıldı və qanunvericilik bazası təkmilləşdirildi.

Bəxtiyar Əliyevin sözlərinə görə, əvvəlki dövrlərdə verilmiş şəhadətnamə və aktlar torpaq sahələrinin bağışlanması, girov qoyulması, alqı-satqısı və dəyişdirilməsi kimi əməliyyatlar zamanı mülkiyyət hüququnu təsdiq edən sənədlər kimi qəbul edildi.

Deputat daşınmaz əmlakın dövlət reyestrində və ya torpaq kadastrında qeydiyyata alınmayan sahələrlə bağlı ölkənin torpaq ehtiyatları haqqında müfəssəl məlumat əldə etməyin çətin olduğunu vurğuladı.

O bildirdi ki, bəzi hallarda torpaq sahələrindən istifadə edən şəxslərin mülkiyyət forması, torpağın təyinatı və istifadə məqsədi barədə dəqiq məlumat olmur.

Bəxtiyar Əliyev əsas məqsədin torpaqdan səmərəli istifadə etmək və kənd təsərrüfatı məhsullarının istehsalını təmin etmək olduğunu diqqətə çatdırdı.

“Lakin uçot düzgün aparılmadıqda ölkədə nə qədər əkin sahəsinin olduğu, onların nə qədərinin əkildiyi barədə dəqiq məlumat əldə etmək çətinləşir. Bu da dövlət reyestri ilə torpaq kadastrı arasında uyğunsuzluqlara səbəb olur”, - deputat qeyd etdi.

O, qanun layihəsinin ölkədə əkinə yararlı torpaq sahələrinin düzgün uçotunun aparılmasına xidmət edəcəyini bildirdi.

Deputatın sözlərinə görə, dəyişikliklər torpaqdan istifadə edən hər bir şəxsin, istər xüsusi mülkiyyətdə, istərsə də kənd təsərrüfatı təyinatlı torpaqlarda fəaliyyət göstərməsindən asılı olmayaraq, torpaqdan daha məqsədyönlü və səmərəli istifadə etməsinə kömək edəcək.

NURİYYƏ
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью