Deputat yeni vergi güzəştindən DANIŞDI

07.05.2026

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti müəyyənləşib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Aydın Hüseynov bildirdi ki, bu, dövlətin sosial müdafiə siyasətinin mühüm elementlərindən biri kimi qiymətləndirilir:

"Dəyişikliklərə əsasən, minatəmizləmə işləri zamanı partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisələr zamanı həlak olan və ya aldığı xəsarətlər səbəbindən sonradan vəfat edən minatəmizləyənlərin valideynləri, dul həyat yoldaşları və övladları üçün vergi güzəşti nəzərdə tutulur. Belə ki, onların muzdlu işdən əldə etdikləri aylıq gəlirin 400 manatlıq hissəsi gəlir vergisindən azad ediləcək.
Bu addım yüksək riskli və strateji əhəmiyyət daşıyan minatəmizləmə fəaliyyətində çalışan şəxslərin ailələrinə dövlət tərəfindən göstərilən sosial dəstəyin gücləndirilməsi kimi dəyərləndirilir. Məlumdur ki, münaqişədən zərər çəkmiş ərazilərdə aparılan minatəmizləmə işləri həm insan həyatı, həm də iqtisadi və sosial inkişaf baxımından xüsusi önəm daşıyır. Bu sahədə çalışanların üzləşdiyi təhlükələr isə olduqca yüksəkdir".

Millət vəkilinin sözlərinə görə, vergi güzəştinin tətbiqi nəticəsində ailə üzvlərinin xalis gəlirlərində müəyyən artım baş verəcək ki, bu da onların sosial rifahına müsbət təsir göstərə bilər:

"Bu güzəşt daha çox əlavə dəstək xarakteri daşıyır və ailə başçısını itirmiş şəxslərin üzləşdiyi iqtisadi çətinlikləri tam şəkildə aradan qaldırmaq üçün digər sosial təminat mexanizmləri ilə yanaşı tətbiq olunması vacibdir. Bu kimi təşəbbüslər maddi dəstəklə yanaşı böyük mənəvi əhəmiyyət daşıyır. Dövlətin belə həssas sahələrdə çalışan vətəndaşların ailələrinə diqqət ayırması cəmiyyətdə sosial ədalət hissini gücləndirir və ictimai etimadı artırır. Ümumilikdə, Vergi Məcəlləsinə edilən bu dəyişiklik müsbət addım kimi qiymətləndirilsə də, onun effektivliyi daha geniş sosial müdafiə tədbirləri ilə birlikdə həyata keçirildikdə daha yüksək olacaq".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью