Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Uzun illər Azərbaycanda imtahan sisteminin rəhbəri olmuş Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzinin (DİM) sədri vəzifəsindən azad edilərək Bakı Dövlət Universitetinə (BDU) rektor təyin olunması ətrafında müzakirələr aparılır.
"Yeni Sabah" xəbər verir ki, kadr dəyişikliyinin həm universitetin gələcək inkişaf perspektivlərinə, həm də DİM-də formalaşmış idarəetmə sisteminə təsiri maraq doğurur.
Bu baxımdan, sosial şəbəkələrdə gedən ictimai müzakirələrdə iki əsas məsələ ətrafında müxtəlif fikirlər səslənir. ShopByBro
Onlardan birincisi Məleykə Abbaszadənin rəhbərliyi ilə BDU-da hansı dəyişikliklərin baş verəcəyi və təhsil müəssisəsinin inkişafı üçün hansı istiqamətlərdə islahatların aparılacağıdır.
İkinci məsələ isə Məleykə Abbaszadədən sonra DİM-ə rəhbərlik edəcək şəxslə bağlı gözləntilərdir. Qurumda indiyədək formalaşmış sistem qorunmalıdır, yoxsa müəyyən dəyişikliklərə ehtiyac var?
Geniş ictimai müzakirələrə səbəb olan məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, BDU Azərbaycanın ən qədim universitetlərindən biri, cümhuriyyətimizin yadigarıdır, orada ölkənin ictimai-siyasi, elmi və mədəni həyatında mühüm rol oynayan şəxsiyyətlər yetişib:
"Ulu öndərimiz də bu universiteti bitirib və BDU hər zaman yüksək təhsillə seçilib. Məzunu olaraq mən də onu hər zaman yüksək təhsil ənənələri ilə seçilən ali məktəb kimi tanımışam.
Təəssüf ki, son dövrlərdə universitetin fəaliyyətində bir sıra ciddi problemlər müşahidə olunurdu. Məleykə Abbaszadənin idarəetmədəki zəngin təcrübəsini nəzərə alsaq, bir sıra istiqamətlər üzrə ciddi islahatlara gedilə bilər.
Ən vacib məqamlardan biri kadr siyasətidir. Təəssüf ki, son illər BDU-da kadr siyasətində bir çox səhvə yol verilib. Müəllimlərin işə qəbulu, rəhbər vəzifələrə təyinat hər zaman düzgün meyar və obyektiv kriteriyalar əsasında həyata keçirilməyib. Hətta sıravi müəllimlərin işə qəbulu zamanı belə subyektiv amillərin və müxtəlif əlavə şərtlərin ön plana çıxması zaman-zaman ciddi müzakirələrə səbəb olub.
Məleykə Abbaszadənin böyük idarəçilik təcrübəsini nəzərə alaraq, ilk olaraq gözləntilərimiz ondan ibarətdir ki, universitetin kadr siyasətinə yenidən baxılacaq, savadlı və peşəkar mütəxəssislərin universitetdə fəaliyyət göstərməsinə mane olan baryerlər aradan qaldırılacaq. Çünki bu, çox önəmli məsələdir. Eyni zamanda, tədrisin keyfiyyəti artırılacaq və mövcud neqativ halların aradan qaldırılması istiqamətində sistemli tədbirlər görüləcək. Nəticədə universitetin müəllim heyəti və bazası gücləndiriləcək".
Deputat bildirib ki, digər mühüm məsələ DİM-in gələcək fəaliyyəti ilə bağlıdır:
"Hesab edirəm ki, DİM strateji əhəmiyyətə malik dövlət qurumudur. Məleykə Abbaszadənin rəhbərliyi dövründə vəzifəsinin öhdəsindən yaxşı gəlib, çox yaxşı bir sistem və struktur qura bilib. Artıq formalaşdırılmış bu idarəetmə sisteminin və strukturun qorunması olduqca vacibdir. Çünki burada illər ərzində müəyyən təcrübə, institusional ənənələr və peşəkar kadr potensialı formalaşıb.
Açığını desəm, əsas narahatlığım ondan ibarətdir ki, Azərbaycan reallığında bir sıra hallarda gələnin gedənə rəhmət oxutdurduğunu görürük. Yəni bir şəxsə etimad göstərilir, ancaq o, təəssüf ki, bəzən etimadı doğrultmur və nəticədə müəyyən problemlərin şahidi oluruq. Ona görə əsas məsələ odur ki, gələn şəxs Məleykə Abbaszadənin qurduğu bu sistemi, mühiti dağıtmasın.
Qurumda çalışan təcrübəli əməkdaşları qorunsun və onların potensialından səmərəli istifadə edilsin, formalaşmış peşəkar mühit saxlanılsın. Çünki sistem çox yaxşıdır. Orada yenidən başqa meyarlar işləsə, tanışlıq, dostluq və qohumluq prinsipləri meydana gəlsə, bu, sistemin tənəzzülünə səbəb olacaq. Ona görə də bu quruma gələcək şəxsin kimliyi bizim üçün çox vacib və önəmlidir ki, mövcud sistemi, şəffaflığı, obyektivliyi və ənənələri qoruya bilək"./Oxu.az