Deputatdan SOS: “Ölkə daxilində də dilimizin vəziyyəti heç də yaxşı deyil”

21.09.2026

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, bunu deputat Hikmət Babaoğlu parlamentin İnsan hüquqları komitəsinin sentyabrın 21-də keçirilən iclasında “Azərbaycan dili milli suverenlik və insan hüquqlarının ayrılmaz tərkib hissəsi kimi” mövzusunun müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, Azərbaycan dili get-gedə daralır və gündəlik leksikonumuzda bəzən min, bəzən iki min sözlə ünsiyyətimizi məhdudlaşdırırıq:

“Bu hal leksik yaddaşımızı və bütövlükdə düşünmə qabiliyyətimizi məhdudlaşdırır. Çünki düşündüyümüz zaman istər-istəməz beynimizdəki leksik fonda müraciət edir, onun vasitəsilə düşünürük. Belə olduqda, iki min sözlə yalnız iki min sözün həcmi qədər düşünə biləcəyik. Nəticədə şüur da daralır”.  

O əlavə edib ki, ona görə də ilk növbədə bu məsələyə qayıtmaq lazımdır: “Elə edək ki, gündəlik leksik fondumuzu və ünsiyyətimizi zənginləşdirək. Bu, ölkə daxilində dilimizə olan birinci təzyiqdir.  

İkinci təzyiq isə sosial şəbəkə dili və ChatGPT leksikonundan qaynaqlanır. Son dövrlərdə televiziya verilişlərinə qulaq asarkən, dilə bələd olan bir şəxs kimi dərhal anlayıram ki, bu bizim leksik və fonetik ardıcıllığımız, düşüncə tərzimiz deyil. Dil təfəkkürün məhsuludur; necə düşünürüksə, elə də ifadə edirik. Burada süni intellektin düşüncə tərzi dərhal bəlli olur”.  
H.Babaoğlu bundan narazı olmadığını söyləyib: 

“Mən buna etiraz etmirəm. Bəlkə də bu yaxşı haldır, bəzən elə gözəl mətnlər alınır ki, insanın xoşuna gəlir. Lakin uzunmüddətli perspektivdə necə olacaq? Bir dəfə dilçilərimizlə, dilşünas alimlərimizlə görüş keçirək. Bunun sonu nə ilə nəticələnəcək? Bu bizi yaxşı məqama aparır, yoxsa əsrlər boyu formalaşmış dil yaddaşımızı və strukturumuzu alt-üst edəcək?  

Psixolinqvistika adlanan yeni bir elm sahəsi yaranıb. Bu sahə səslərin fonetik ardıcıllığının və cümlə üzvlərinin sintaktik quruluşunun insanın düşüncəsinə, psixologiyasına təsirini izah edir. Yani danışarkən vurğunu harada vurmağımız, səsimizi harada yüksəldib-endirəcəyimiz və hansı ardıcıllıqla tələffüz etməyimiz bizim milli kimliyimizi, antropologiyamızı, hətta düşüncəmizi təyin edir. İndi sosial şəbəkələr və ChatGPT vasitəsilə yeni leksik ritm gələcəksə, onda nə baş verəcək? Məncə, biz bunu düşünməliyik, bu bizim borcumuzdur”.

Mürtəza
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью