Deputatdan təklif: Rəqəmsal klonlaşdırmanın qarşısını almaq üçün ayrıca qanun hazırlanmalıdır

02.02.2026

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

"Son vaxtlar “rəqəmsal klonlaşdırma” və ya “deepfake” texnologiyalarından istifadə etməklə törədilən hüquqazidd əməllər sürətlə artmaqdadır. 

Xüsusi narahatlıq yaradan hal odur ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, dövlət rəsmiləri, millət vəkilləri də bu cür rəqəmsal hücumlara, hətta, deyərdim ki, rəqəmsal terrora məruz qalır, onların səs və görüntüləri təqlid edilir, adlarından saxta videomüraciətlər, bəyanatlar və yazılı açıqlamalar hazırlanaraq sosial şəbəkələr vasitəsilə geniş şəkildə yayılır.
İnformasiya müharibəsinin təhlükəli alətinə çevrilən bu saxta kontentlərin əsas məqsədi ictimaiyyətdə çaşqınlıq yaratmaq, ictimai rəyi manipulyasiya etmək, dövlət orqanlarına inamsızlıq formalaşdırmaq, ölkəmizin milli maraqlarına və təhlükəsizliyinə xələl gətirməkdir". 

Ölkə.az xəbər verir ki, bunu Azay Quliyev parlamentdə çıxışı zamanı deyib.

Deputat hesab edir ki, bu təhlükələrin qarşısının effektiv şəkildə almaq üçün qanuni mexanizmlərimiz yetərli deyil:

"Mövcud qanunvericiliyimizdə “rəqəmsal klonlaşdırma” və ya “deepfake” kimi anlayışlar ayrıca hüquqi kateqoriya kimi tam və müasir çağırışlara uyğun olaraq sistemli şəkildə tənzimlənmir.
Bu boşluqdan istifadə edən maraqlı dairələr və şəxslər, o cümlədən “Meta”, “YouTube”, “X”, “TikTok”  kimi sosial media platformalar Azərbaycanın informasiya məkanında istədiyi kimi fəaliyyət göstərir, lakin buna görə görə heç bir hüquqi məsuliyyət daşımırlar. 
Məhz bu səbəbdən Milli Məclisin yaz sessiyasının işlər planına “Rəqəmsal təhlükəsizlik haqqında” qanunun hazırlanmasının daxil edilməsini təklif edirəm".

Deputat qeyd edib ki, qanunvericilikdə ilk növbədə, şəxsin razılığı olmadan səsinin, görüntüsünün və davranışının süni zəkadan istifadə etməklə klonlaşıdırılması qanunla cinayət hesab olunması əksini tapmalıdır: 

"Artıq bir çox ölkələrdə, o cümlədən Böyük Britaniya və Avropa İttifaqında bu cür qanunazidd əməllərə görə 7 ilə kimi azadlıqdan məhrum etmə cəzası tətbiq olunur. 
Bundan başqa, süni zəka ilə yaradılmış bütün audio, video və vizual materialların məcburi şəkildə etiketlənməsi qanunda tələb kimi qoyulmalı, “bu məzmun süni zəka ilə yaradılıb” xəbərdarlığı açıq və aydın formada göstərilməlidir. 

Əgər belə bir məcburi xəbərdarlıq tələbi qoyulmasa, bu cür materialların hansının doğru, hansının “fake” olduğunu müəyyən etmək adi vətəndaş üçün çox çətin olacaq.
Bu təklifin yaz sessiyası zamanı nəzərə alınacağına ümid edir, diqqətinizə görə təşəkkür edirəm".

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью