525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Vilayət QULİYEV
(Əvvəli ötən sayımızda)
Bakı dəmiryol vağzalı milli qürur yaşandığı belə təntənəni bir də 13 il sonra, 1919-cu ilin yanvarında, Azərbaycan Cümhuriyyətinin nümayəndə heyəti Batumi və İstanbul üzərindən Paris sülh konfransına yola salınarkən görmüşdü. Maraqlıdır ki, həmin təntənə də Ə.Topçubaşovun adı və fəaliyyəti ilə bağlı idi. Çünki qiyabi şəkildə sədri seçildiyi Parlamentin qərarı ilə Avropaya gedən ilk heyətə sədrlik ona həvalə edilmişdi. Amma özü Bakıdan yola çıxanların arasında deyildi. Həmkarlarını, komanda üzvlərini dörd aydan bəri Cümhuriyyətin fövqəladə və səlahiyyətli naziri kimi mühüm diplomatik vəzifə tutduğu İstanbulda gözləyirdi.
1906-cı ildəki yolasalma mərasimi əslində 13 ildən sonrakı oxşar aksiyanın təməli, yaxud ilk məşqi sayıla bilərdi. Aradan keçən illər ərzində cəmiyyəti müəyyən qədər dəyişmək, hərəkətə gətirmək mümkün olmuşdu. İndi yolun başlanğıcı kimi mühüm rəmzi məna daşıyan vağzala daha cəsarətli, daha qətiyyətli insanlar gəlmişdi. Elə buradaca Əlimərdan bəyə xalqın ictimai sifarişi kimi "Kaspi" redaksiyasının hazırladığı məktub təqdim olunmuşdu. Şəhər sakinlərinin, ilk növbədə isə həmkarlarının Bakı deputatından gözləntilərinin dilə gətirildiyi sənəddə deyilirdi: "Biz nəşriyyat-mətbəə işçiləri, sizin ən yaxın əməkdaşlarınız və fəaliyyətinizin şahidləri, xalqın rifahı uğrunda böyük və müqəddəs mübarizəyə yola düşməyiniz ərəfəsində, bu ayrılıq və vida dəqiqələrində üzərinizə götürdüyünüz xalq nümayəndəsi vəzifəsinin icrasında uğurlar arzulayırıq.
Sizdən ayrılmaqla təcrübəli, ədalətli və humanist bir rəhbəri itirsək də, inanırıq ki, məruz qaldığımız itki yaradıcı fəaliyyətiniz sayəsində Rusiya qanunvericiliyinə verilən fayda ilə əvəz olunacaq. Bu inamı bizdə xalqın maraqlarına göstərdiyiniz ciddi və dərin bağlılıq yaradıb. Şahidi olduğumuz bağlılıq bizim - gündəlik həyat və fəaliyyətinizin canlı şahidlərinin diqqətindən yayına bilməzdi".
Yolasalma mərasimini işıqlandıran "Kaspi" müxbirinin yazdığına görə, quberniya ruhani idarəsinin rəisi, Bakı qazısı və məşhur Quran təfsirçisi Axund Mirməhəmməkərim Mircəfərzadə xüsusi ilə təsirli nitq söyləmişdi. Əlimərdan bəy möhtərəm din xadimini yaxşı tanıyırdı. İki il əvvəl qubernator M.A.Nakaşidzenin sərəncamı ilə tutduğu vəzifəyə təyin olunanda haqqında "Yeni Bakı qazısı" adlı səmimi yazı dərc etdirmişdi ("Kaspi", 14 sentyabr 1904-cü il). Axund çıxışında müdrikliklə demişdi ki, "Rusiya imperiyasının mövcudluğunu bundan sonra da sülh və rifah şəraitində davam etdirməsinə yeganə ümid Dövlət Dumasıdır". Yeni siyasi mübarizə yolunda xalqının nümayəndəsinə xeyir-dua verən din başçısı Əlimərdan bəyə öz adından "yalnız vəzifə borcuna sarsılmaz sədaqətin məqsədə çatmağa əminlik yarada biləcəyini Dumanın bütün üzvlərinə çatdırmaq" xahişi ilə müraciət etmişdi. Ruhani idarənin üzvü, Cümhuriyyətin ilk şeyxülislamı Ağa Əlizadənin atası (akademik Akif Əlizadənin ulu babası) Axund Molla Cavad da "Bakı deputatına" və I Dumanın digər azərbaycanlı üzvlərinə xeyir-dua verənlər arasında idi.
Vağzal meydançasında digər natiqlərin də ürək sözlərini dediyi vida görüşü və yolasalma mərasiminə şəhər başçısı K.Səfərəliyev yekun vurmuşdu. Platformaya dəvət edilən Əlimərdan bəy indi də Bakı dəmiryolu işçilərinin Zaqafqaziya dəmiryolları rəhbərliyi, xüsusən də İvanovski adlı birisinin hüdudsuz diktatorluq ədaları haqqında şikayətlərini dinləməli olmuşdu. Ona müraciət edən natiqin "mən tam əminəm ki, 140 milyonluq əhalinin taleyinin həll edildiyi Dumada söz haqqına malik olduğunuzun fərqinə vararaq zavallı insanların da alovlu müdafiəçisi kimi çıxış etməkdən çəkinməyəcəksiniz. Sizə yalvarıram, cəmiyyətdəki iyrənc halların kökünün kəsilməsi üçün imkanınız çatan bütün tədbirləri görün" - sözləri Əlimərdan bəyə necə çətin, məsul işə qədəm qoyduğunu bir daha xatırlatmışdı.
Amma daha geriyə yol yox idi. Zatən həyatının Bakıda keçən son on ili ərzində vəkil, qəzet redaktoru və publisist, ictimai xadim, şəhər Dumasının qlasnısı, nəhayət xalqın dərdləri ilə yaşayan bir ziyalı kimi daim problemlərin içində olmuşdu.
İndi isə mübarizəni tək Qafqaz yox, Ümumrusiya miqyasında davam etdirmək lazım gələcəkdi. Əlimərdan bəy buna hazır idimi? Peterburqa yol alan qatar onu yalnız Dumanın iclasına yox, həm də qarşısına siyasi azadlıqlar uğrunda mübarizə məqsədi qoymuş ümummüsəlman hərəkatının başında dayanmağa, dindaş və soydaşlarının dərdinə çarə axtarmağa, bir sözlə, lider olmağa aparırdı...
"Kaspi" müxbirinin yazdığına görə, yolasalma mərasimində səslənən biri-birindən təsirli çıxışlar nəticəsində "xalqın sevimlisi kövrəlmiş, göstərdikləri rəğbətə görə dəmiryol qulluqçularına səmimi təşəkkürünü bildirmişdi. Ümumi rifaha ümid bəsləndiyi yerdə onların vəziyyətini xatırlamaq vədini vermişdi. Sonra ikinci zəng çalındığı üçün vaqonun qapısına tərəf addımlamışdı. Ən təsirli an isə Əlimərdan bəyin övladları ilə vidalaşması olmuşdu. Atalarının necə çətin mübarizəyə yollandığını anlamayan uşaqlar qatar stansiyadan tərpənəndə sevinclə gülümsəyirdilər..."
lll
İyunun 10-da artıq paytaxt Peterburqda idi. Vaxt itirmədən Dövlət Dumasının yerləşdiyi Tavriya sarayına getmişdi. İlk təəssüratları elə həmin gün "Kaspi" redaksiyasına göndərdiyi, qəzetin 12 iyun sayında dərc edilən teleqramda öz əksini tapmışdı: "Bu gün çatdım. Tavrida sarayında Dumanın sədri (72-günlük fəaliyyət dövründə I Dövlət Dumasına rəhbərlik etmiş kadet, hüquq professoru Sergey Andreyeviç Muromtsev - V.Q.) ilə görüşdüm. Bilet və xeyli məlumat əldə etdim. Oturduğum kreslonun nömrəsi 204-dür. Hazırda burada 470 deputat var. Müsəlman deputatlardan Xan İrəvanski və Haqverdiyev (müvafiq surətdə İrəvan və Yelizavetpol quberniyalarından seçilmiş azərbaycanlı deputatlar Abbasqulu xan İrəvanski və Əbdürrəhim bəy Haqverdiyev - V.Q.) hələ gəlməyiblər. Bu gün müsəlman deputatların iclası olacaq, sabah isə muxtariyyətçilər qrupu üzvlərinin yığıncağı keçiriləcək. Bazar ertəsi günü Dumada Qafqazda baş verən iğtişaşlarla bağlı sorğunun müzakirəsi aparılacaq".
12 iyun tarixli teleqram Əlimərdan bəyin qısa müddətdə Dumanın iş ahənginə uyğunlaşdığını, Azərbaycan nümayəndələrinin ilk gündən regionda yaranmış faciəli vəziyyətlə məsələləri qanunverici qurumun gündəliyinə gətirməyə can atdıqlarını göstərir. Teleqramda azərbaycanlı, erməni və gürcü deputatların - Ziyadxanov, Petrosyan, Baqaturov və Ramişvilinin Qafqazdakı erməni-müsəlman münaqişəsi barədə sorğu ətrafında debat keçirdikləri xüsusi vurğulanırdı. Natiqlər yekdil qənaətə gəlmişdilər ki, müsəlmanlarla ermənilər arasında milli ədavət yoxdur, baş verən münaqişə və iğtişaşlar isə hökumətin işidir. Müsəlman və erməni deputatlar son hadisələrlə bağlı ətraflı hesabatı Qafqaz canişinliyindən cavab aldıqdan sonra Dumaya təqdim etmək qərarına gəliblər".
Duma fəaliyyətinin ikinci günü Ə.Topçubaşov türk-müsəlman deputatların konsolidasiyası baxımından tarixi addım atmış, Müsəlman fraksiyasının təşkilinə başlamışdı. Texniki məsələlərin (otaq, avadanlıq, yardımçı heyət və s.) həlli ilə əlaqədar rəhbərliyə müraciət olunmuş, fraksiyanın daimi Bürosu yaradılmışdı. İyunun 12-də, ilk iclasda azərbaycanlı siyasi xadim yekdilliklər fraksiya sədri seçilmişdi. Həmin vaxt Dumada artıq 24 müsəlman deputat fəaliyyət göstərirdi. Seçkilərdə qalib gəlmiş 11 nəfərinsə gəlişi gözlənirdi.
I Dövlət Dumasının səlahiyyət müddəti yuxarıda da qeyd etdiyim kimi, 72 gün olmuşdu. İyunun 12-dən etibarən iclaslara qatılan Ə.Topçubaşov xalq nümayəndəsi kimi cəmisi 28 gün fəaliyyət göstərə bilmişdi. Amma bu qısa müddət ərzində o, Dumanın Müsəlman fraksiyasını və onun Bürosunu yaratmış, Muxtariyyətçilər İttifaqının qurucuları, eləcə də rəhbərləri sırasında yer almış, Parlamentlərarası İttifaqın üzvlüyünə qəbul olunmuş, 6 nəfər "müsəlman" natiqdən biri kimi yüksək Duma tribunasından çıxış etmişdi. Həlledici anda isə özündə barbar rejimə qarşı çıxmağa güc və iradə tapmışdı. Bütün bunlar şovinist hakim millətçilik siyasətinin meydan suladığı bir şəraitdə rəsmən "yadelli" və "yad soylu" sayılan "müsəlman deputat" üçün kifayət qədər cəsarətli addımlar idi.
Bir haşiyə: Keçmiş SSRİ-nin dağılma prosesi müəyyən qədər çar Rusiyasının çöküşünü xatırladırdı. Səhv etmirəmsə, 1990-cı ilin gərgin və həyəcanlı payızında sovet parlamentində - Ali Sovetdə rəsmən qeydiyyata alınmış on deputat qrupu vardı. Onların sırasına SSRİ-nin saxlanmasının qızğın tərəfdarı kimi çıxış edən "İttifaq" qrupu ilə bir sırada "Regionlararası deputat qrupu", "Sosial-demokratlar qrupu", "Gənc SSRİ Xalq deputatları qrupu", "Beynəlmiləlçi döyüşçülər qrupu", "Ekologiya naminə" qrupu, "Konstruktiv əməkdaşlıq qrupu" və s. daxil idi. Amma bizim deputatlar yalnız idarə olunan çoxluğun tərkibində təmsil olunmuşdu. Sanki heç nədən narazı deyildik, heç bir dərdimiz, problemimiz yox idi...
Bəlkə də deputatlarımız ilk Rusiya parlamentindəki mübariz və məqsədyönlü azərbaycanlı həmkarın fəaliyyətindən xəbərdar olsaydılar, onun nümunəsini və tarixi hünərini davam etdirmək üçün müəyyən təşəbbüs göstərilərdi...
Duma fəaliyyətinin ilk günündən Əlimərdan bəy həm də əgər belə demək mümkünsə, ictimai əsaslarla "Kaspi" qəzetinin parlament müxbiri kimi çıxış etməyə başlamışdı. Redaksiyaya göndərdiyi lakonik teleqramlarda seçiciləri, ümumən Bakı sakinlərini Dumada baş verən mühüm hadisə və proseslər haqda məlumatlandırmaq vəzifəsini üzərinə götürmüşdü. Məsələn, 19 iyun tarixli teleqramında o, I Dumanın qəbul etdiyi ən mühüm və humanist qərar - ölüm hökmünün aradan qaldırılması ilə bağlı yazırdı: "Bu gün ölüm cəzasının ləğvi barədə qanun layihəsinə baxılır. Daha əvvəl təqdim edilmiş layihə yalnız indi tam, əsaslı və ətraflı şəkildə müzakirəyə çıxarılıb. Kuzmin-Karavayevin məsələ haqda möhtəşəm və parlaq çıxışından sonra ədliyyə naziri ilə hərbi-dəniz prokuroru izahat verdilər. Hərbi nazirliyin təmsilçisi general Pavlov tribunaya çıxanda sol qanad, mərkəzçilər və sağ qanadın bir hissəsi narazılıqlarını bildirib ona danışmağa imkan vermədi, Pavlovu "cəllad" və "qatil" adlandırdılar. Ümumi həyəcanı fonunda müzakirələr dayandırıldı. İclas bərpa olunanda Duma ölüm cəzasının ləğvi ilə bağlı yekdilliklə qərar qəbul etdi".
I Dövlət Dumasında 525 nəfər deputat olduğunu nəzərə alsaq, natiqlərin sırasına düşməyin çox da asan başa gəlmədiyini söyləyə bilərək. Amma azərbaycanlı deputatlardan iki nəfəri - Ə.Topçubaşov və İ.Ziyadxanov çətin rəqabət şəraitində Duma tribunasından söz demək imkanından yararlana bilmişdilər.
Əlimərdan bəy yalnız iyulun 4-də keçirilən plenar iclasda söz ala bilmişdi. Onun çıxışı milyonlarla insanı maraqlandıran mövzuya - torpaq məsələsinə həsr olunmuşdu. Qanunverici orqana müraciət yollayan hökumət bu məsələdə təkbaşına söz sahibi, yeganə instansiya olmaq istəyirdi. Duma belə yanaşma ilə razı deyildi. Aqrar Komissiyasının mövqeyini müdafiə edən natiq bildirmişdi ki, "komissiya Dumanın tapşırdığı vəzifəni yerinə yetirib. Komissiya haqlı olaraq hesab edir ki, hökumət indiki müraciəti ilə torpaq məsələsində qərar vermək hüququnu Dövlət Dumasının əlindən alıb, öz mövqeyi ilə əvəzləmək istəyir. Müraciətin yaratdığı zərərli təsiri aradan qaldırmaq üçün nəzərdən keçirdiyimiz forma təklif olunur. Ona görə hesab edirəm ki, Dumanın çağırışı qəbul edilməli və mümkün qədər tez bir zamanda bütün ölkə əhalisinin diqqətinə çatdırılmalıdır".
Azərbaycan nümayəndəsi işgüzar təkliflə də çıxış etmişdi. Torpağın hər bir insanın həyatı, taleyi, gələcəyi ilə bağlılığını nəzərə alaraq Dumanın çağırışının yerli dillərə tərcümə edilməsi fikrini irəli sürmüşdü: "Mən də öz növbəmdə, ucqar bölgənin nümayəndəsi və bir qafqazlı kimi, müraciətin daha geniş kütlələr arasında yayılması məqsədilə onun yalnız dövlət dili ilə məhdudlaşıb qalmamasını, imkan daxilində bütün yerli dillərə tərcümə olunmasını təklif edirəm. Qoy hər bir xalq - istər tatar olsun, istər erməni, polyak, gürcü və s. burada nələr baş verdiyi barəsində öz ana dilində məlumat alsın; qoy hər kəs hazırkı nazirliyin nə etdiyini və xalq nümayəndələrinin səmərəli fəaliyyətinə kimin mane olduğunu bilsin".
Deputat Ə.Topçubaşovun çıxışının mətni Dumanın 1906-cı ildə Peterburqda nəşr olunan "Stenoqrafik hesabatı"nın II cildində, 1695-cü sütunda dərc edilmişdi.
Ədalət naminə deyək ki, Dövlət Dumasının tribunasından ilk çıxış edən azərbaycanlı deputat Yelizavetpol (Gəncə) quberniyasının nümayəndəsi İsmayıl xan Ziyadxanov olmuşdu. Onun 12 iyun tarixli iclasda hökumətin milli ayrı-seçkilik siyasəti və bu siyasi kursun Cənubi Qafqazdakı qanlı təzahürləri haqqındakı nitqi kifayət qədər güzəştsiz və sərt idi, birbaşa hədəfə vururdu. 100 il əvvəl rus işğalına uğramış Gəncə xanlığının varisi çıxışında demişdi: "Bizim idarəçilik sistemi heç bir tənqidə davam gətirmir. Rusiyanı bir dənizə, Qafqazı isə sahilə bənzətsək, əminliklə deyə bilərik ki, bu dənizdə izafi, çirkli nə varsa, həmin sahilə atılır. Bizdə 90 yaşlı qocanın son tikəsini boğazından çıxaran məmur ən yaxşı məmur sayılır.
Bilmək istərdim: hökumət Yelizavetpol, İrəvan, Tiflis quberniyalarındakı soyğunçuluğu önləmək üçün hansı tədbirlər görüb? Təbii ki, heç bir iş görülməyib. Yelizavetpol və İrəvan quberniyaları od tutub yanır. Hadisələr indi Bakıya keçir. Artıq üç aydır ki, əvvəldə də qeyd etdiyim kimi, hökumətin təhriki ilə bu ərazilərdə biri-birinə qarşı qanlı qardaş müharibəsi aparan iki cəbhə formalaşıb. Bizim generallar rus-yapon savaşındakı zəifliklərini düşmənin güclü olması ilə ört-basdır etməyə çalışırdılar. İndi daxili idarəçilikdə də bacarıqsız olduqlarını göstərirlər"...
Heç şübhəsiz, 120 il geriyə qayıdıb I Dövlət Dumasındakı deputatlarımız, ilk növbədə isə Əlimərdan bəy və İsmayıl xan üçün haqlı qürur hissi duya bilərik.
lll
Əsrlər boyu Rusiyanı qırmanc və qamçı gücünə idarə edənlər hakimiyyətin Duma deputatlarının timsalında xalqla bölünməsinə iki ay yarım da davam gətirə bilmədilər. Çarın 8 iyul manifesti ilə ilk rus parlamentinin fəaliyyəti dayandırıldı. Duma buraxıldı, daha dəqiq desək, qovuldu.
Xəbəri alan 200 nəfərə yaxın keçmiş (!) Duma üzvü səhər qatarı ilə Peterburq yaxınlığındakı Vıborq şəhərinə yollandı. Niyə bu şəhər seçilmişdi? Təbii ki, yaxınlıq amilinin rolu vardı. Digər tərəfdən, Vıborq Rusiyanın tərkib hissəsi sayılsa da, Finlandiya ərazisi kimi muxtariyyət hüququna, özünüidarə səlahiyyətinə malik idi.
Etirazçı deputatlar arasında sədr Ə.Topçubaşov başda olmaqla Müsəlman fraksiyasının 6 üzvü də var idi. Çoxu peşəkar hüquqşünas olan bu adamlar hansı addımı atdıqlarını, hansı riskə getdiklərini yaxşı bilirdilər. Amma onları seçən xalqın sözünü deməkdən çəkinməmişdilər. Onlardan üçü tatar (Seyid Girey Alkin, Əbüssüqut Əxtəmov, Səlim Girey Canturin), ikisi Azərbaycan türkü (Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov), biri qazax (Əlixan Bukeyxanov) idi. Yeri gəlmişkən Semipalatinsk vilayətinin deputatı Ə.Bukeyxanov paytaxta yalnız iyulun 8-də gəlmişdi. Dərhal da Vıborqa gedib tərəddüd etmədən sənədə imza atmışdı...
"Rusiyanın bütün vətəndaşlarına!" ünvanlanan "Xalq nümayəndələrindən xalqa!" adlı bəyannamədə xalqa azadlıq, torpaq və çörək vermək istəyən Dumanın bütün səylərinin hökumətin etirazı ilə qarşılaşdığı, nəticədə qurumun fəaliyyətinin dayandırıldığı bildirilirdi. 168 nəfər keçmiş deputatın imzaladığı bəyannamə ölkə sakinlərini vətəndaş itaətsizliyinə səsləyir, yeni xalq məclisi çağırılana qədər xəzinəyə bir qəpik vergi, orduya bir nəfər əsgər verməməyə çağırırdı.
Çar ədliyyəsi dövlətə meydan oxuyan asiləri cəzasız buraxmadı. Peterburq Məhkəmə palatasının qərarı ilə onların demək olar ki, hamısı siyasi hüquqlarını itirmək və məsul vəzifələr tutmamaq şərti ilə 3 aylıq həbs cəzasına məhkum edildi. Müsəlman fraksiyasının üzvlərinə gəldikdə isə Ə.Əxtəmov xaric digər beş keçmiş deputat da məhbəs yolunu tutmalı oldu. Hökmün bəyannamənin imzalanmasından dərhal sonra çıxarılmasına baxmayaraq, üsyankar Duma üzvlərinin çoxu həbsxanalara Stolıpin irticasının tüğyan etdiyi 1908-1909-cu illərdə göndərildi. Hələ də Müsəlman fraksiyası Bürosuna rəhbərlik edən Əlimərdan bəyin sırası 1908-ci ilin mayında çatdı. Fraksiya ilk başçısını məhbəsə şərəfinə təntənəli ziyafət verməklə, haqqında layiq olduğu yüksək fikirləri bəyan etməklə yola salmışdı.
Bu münasibətlə III Dövlət Dumasının deputatı, Cümhuriyyətin gələcək ədliyyə naziri Xəlil bəy Xasməmmədov Peterburqdan Pəri xanım Topçubaşovaya göndərdiyi 8 may 1908-ci il tarixli teleqramda yazırdı: "Bu gün Vıborq işi üzrə Əlimərdan bəy barəsində çıxarılmış hökmün icrasına başlandı. Müsəlman fraksiyası təcili iclasında Topçubaşovla vidalaşdı. Sabiq deputat Rameyev və digər müsəlmanlarla birlikdə "Volna" restoranında onun şərəfinə ziyafət təşkil edildi. Nitqlərdə Topçubaşovla həmrəylik ifadə olundu, həmçinin ilk müsəlman deputatların Vıborq etirazında iştirakı, tanınmış ictimai xadim və Müsəlman Partiyasının sədri kimi Topçubaşovun fəaliyyəti vurğulandı".
Görünür, həbs yerini seçmək məhkumların öz öhdəsinə buraxılmışdı. Məsələn, İsmayıl xan Ziyadxanov Azərbaycanda qalmış, məhbusluq dövrünü Şəki həbsxanasında keçirmişdi. Dostları, Əlimərdan bəyi tanıyanlar onun da haqsız cəzanı vətəndə, necə deyərlər, "doğma divarlar" arasında çəkməsini istəyirdilər. Bir müddət çarizmin ədliyyə sistemində çalışan, Cümhuriyyət dövründə isə Quba qəza rəisi vəzifəsini tutan Məmməd bəy Məmmədbəyov Ə.Topçubaşova 20 aprel 1908-ci il tarixli məktubda əvvəlcə onun xalqı və seçiciləri qarşısındakı təmənnasız xidmətlərini vurğulayır ("Hərçənd, heç kim Sizin fədakarlığınızı qiymətləndirmir və qiymətləndirməyəcək, lakin adınız tarixə qızıl hərflərlə yazılacaq. Təəssüf, çox təəssüf ki, biz o qızıl dövrü görə bilməyəcəyik, Amma Allah bilən məsləhətdir, bəlkə də görəcəyik!?), sonra isə cəza yeri ilə bağlı təklifini bildirərək yazırdı: "Eşitmişəm ki, Siz üç aylıq cəzanızı hansısa əyalətdə çəkmək istəyirsiniz. Mən Qubanı tövsiyə edərdim. Əvvəla, yayda oralar sərin olur. Həbsxana da yaxşı yerdədir, ətrafında bağlar, yaşıllıqlar var. İkincisi, rəis pis adam deyil, mənimlə münasibəti çox yaxşıdır, nəzarətçi isə deyəsən keçmiş xidmət yoldaşımdır. Düzdür, ilk baxışdan kədərli yer təsir bağışlasa da, oralar çox darıxdırıcı deyil. Üstəlik, mən də Sizinlə gedəcəyəm, Sizi həmin adamlarla görüşdürəcəyəm. Ümumiyyətlə, əlimdən gələn hər şeyi böyük məmnuniyyətlə edəcəyəm. Sizə kiçik də olsa, bir kömək göstərməyi özümə müqəddəs borc və vəzifə sayıram".
Amma görünür, Əlimərdan bəy paytaxtda olmaq, siyasi proseslərdən uzaq düşməmək üçün cəza yeri kimi Peterburqun məşhur Krestı həbsxanasını seçmişdi. Məhbəs həyatını hədər yerə keçirməmişdi. 50-dən çox kitab oxumuşdu. Xalq maarifi, islam dini müəssisələrinin təşkili, Qafqazda zemstvoların tətbiqi və torpaq məsələsi mövzuları ətrafındakı axtarışlarını davam etdirmiş, "Müsəlman xalqların təhsil məsələsinə dair", "Müsəlman ruhani idarəsinin yenidən qurulması ilə bağlı layihə", "Zaqafqaziyada torpaq məsələsi" və s. əsərlərini qələmə almış, həmkarları və həmfikirləri ilə ardıcıl məktublaşmışdı.
Əlimərdan bəy 90 günlük cəza müddətini necə deyərlər, "zəngdən zəngə qədər" çəkib avqustun 6-da həbsdən buraxılmışdı. Həmin gün həm də kiçik qızı Sevərin 5 yaşı tamam olurdu. Odur ki, ailə başçısının azadlığa çıxması ikiqat bayrama çevrilmişdi. Pəri xanımla kiçik Sevərin Pyatiqorskdan göndərdiyi teleqramda da taleyin bu gözlənilməz töhfəsi xüsusi vurğulanmışdı: "Azadlığa buraxıldığınız əlamətdar günündə Sizi və ləyaqətli yoldaşlarınızı salamlayırıq. Bu, həm də doğum gününə düşən xoş bir təsadüfdür".
7-8 avqust tarixlərində Əlimərdan bəy vətəni Azərbaycan və Rusiyanın müxtəlif yerlərindən çoxlu sayda teleqramlar almışdı. Bakıdan həkim və ictimai xadim Məmmədrza Vəkilov, Orenburqdan tatar maarifçisi Fatih Kərimi və "Vakıt" qəzetinin redaksiya heyəti ("Azad olmağınız münasibətilə Sizi salamlayırıq. Sizinlə qürur duyuruq. Müsəlmanların tərəqqisi naminə fəaliyyətinizi əvvəlki enerji ilə davam etdirməyi arzulayırıq"), Yaltadan III Dövlət Dumasının üzvü, Müsəlman fraksiyasının sədri Qutluq Məhəmməd Tevkelov ("Cəzanızı mətinliklə çəkib başa vurmağınız münasibətilə Sizi təbrik edirəm"), Bağçasaraydan İsmayıl Qasprinski və İsmayıl Lemanov, Bakıdan Əbdülhəmid Qorçubaşov və doktor Həsən bəy Ağayev, Moskvadan Yusif Akçurin, dincəldikləri Qusardan Nəcəf bəy Vəzirov və ailə üzvləri, ilk Azərbaycan qadın dramaturqu Səkinə xanım Axundova, səhnəmizin ilk aktrisalarından Gövhər Qazızadə, publisist Cəmo bəy Hacınski ("Möhtərəm xalq mübarizi, azad olunmağınızı böyük sevinclə qarşılayaraq Sizinlə sonsuz həmrəyliyimizi ifadə edirik"), yenə də Qusardan "Kaspi" əməkdaşları Georgi Cinoridze və Mehdi bəy Hacınski ("Əziz xalq mübarizinə, müsəlmanların doğma atasına salamlar") və b. teleqram göndərənlər sırasında idilər.
Əlimərdan bəy 1906-1909-cu illərdə uzun müddətli səfərlər istisna olunmaqla əsasən Peterburqda yaşamışdı. Təmsilçi orqanlara seçilmək hüququnu itirdiyi üçün növbəti seçkilərə qatıla bilməmiş, sadəcə II və III Dumada Müsəlman fraksiyası Bürosunun işinə rəhbərliklə kifayətlənmişdi. İctimai əsaslarla yerinə yetirdiyi vəzifələr sırasına yeni qanun layihələrinin, habelə mövcud qanunlara əlavə və dəyişikliklərin hazırlanması, büroya daxil olan məktub, müraciət və təkliflərə baxılması, deputatlar üçün çıxış mətnləri, arayış və sorğuların tərtibi, hüquqi məsləhətlər verilməsi və s. işlərə rəhbərlik etmişdi. 1916-cı ildə, Fraksiya və Büronun 10 illiyi tamam olanda Ə.Topçubaşovun adına keçmiş və hazırkı müsəlman deputatlardan, ictimai-siyasi xadimlərdən kollektiv təbrik teleqramı daxil olmuşdu. Qadağalara rəğmən, siyasi fəaliyyətdən də uzaqlaşmamışdı. Rusiya müsəlmanlarının III və IV qurultaylarının işinə rəhbərlik etmiş, ümumrusiya müsəlman partiyasının - Müsəlman İttifaqının ("İttifaq əl-Müslimin") sədri seçilmişdi.
Yalnız 1909-cu ilin ortalarında Bakıya qayıdan Ə.Topçubaşov yenidən vəkillik peşəsini davam etdirmişdi. I Dünya müharibəsi başlayana qədər soydaşları arasında həm də geniş ölçüdə ictimai fəaliyyət və mədəni-maarifçilik işi ilə məşğul olmuş, "Nicat" cəmiyyətinin başçısı və "Səadət" məktəbinin fəxri sədri kimi milli təhsil və xeyriyyəçilik şəbəkəsinin qurulmasında yaxından iştirak etmişdi.
Bu dövrdə həm hüquqları, həm də qeyri-rus xalqlar, xüsusən də "müsəlmanlar" arasında təmsilçiləri xeyli ixtisara salınmış (müqayisə üçün deyək ki, I və II Dumada Azərbaycan müfaviq surətdə 6 və 5 nəfər deputatla təmsil olunurdusa, III və IV çağırışlarda yalnız 1 deputat vardı) qanunverici orqan Ə.Topçubaşovun nəzərində əvvəlki əhəmiyyətini itirmişdi. Gündəliyində 8 avqust 1910-cu il tarixli "Birinci Dumanın həyatından" başlıqlı acı yumorla dolu qeyd də təbii ki, həmin düşüncənin təzahürü kimi meydana çıxmışdı: "Köklü islahatlar üçün çağırıldığını düşünən Dövlət Dumasına hökumətin təqdim etdiyi ilk və yanılmıramsa, yeganə qanun layihəsi Yuryev Universitetinin camaşırxanalarının yenidən təşkili ilə bağlı idi".
Burada Karl Marksın Hegelə istinadla yazdığı məşhur sözləri yada salmamaq olmur: "Hegel deyirdi ki, ümumdünya əhəmiyyətli bütün hadisə və şəxsiyyətlər əgər belə demək mümkündürsə, iki dəfə meydana çıxır. Sadəcə onu əlavə etməyi unutmuşdu ki, bir dəfə faciə kimi, ikinci dəfə fars kimi..."
Sarayevo,
Sentyabr, 2026-cı il