Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, oktyabrın 23-də Bakının Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən restoranlardan birində 43 yaşlı C. Mirağayev bıçaqlanaraq qətlə yetirilib.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin planlaşdırılmasında və təşkilində iştirak etməkdə şübhəli bilinən 11 nəfər həbs edilib.
İstintaq materiallarına görə, həmin şəxslərin kriminal araşdırmalar aparmaq, hədə-qorxu yolu ilə pul tələb etmək, kriminal dairələrdə nüfuz qazanmaq və tələblərinə tabe olmayan şəxsləri cəzalandırmaq məqsədilə cinayətkar birlik yaratdıqları iddia olunur.
Qeyd edək ki, saxlanılanlar arasında əvvəllər məhkum olunmuş şəxslərlə yanaşı, Milli Məclisin deputatı Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə də var.
Bu şəxsləri hansı cəzanın gözlədiyi isə ictimaiyyət tərəfindən maraqla izlənilir.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan vəkil Babək Həmidov bildirib ki, cinayətlərin cinayətkar birlik tərəfindən törədilməsi qanunvericilikdə cinayəti ağırlaşdıran ən ciddi hallardan biri hesab olunur:
"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində cinayət törədilərkən iştirakçılığın bir neçə forması müəyyən edilib. Bunlara qabaqcadan əlbir olmuş bir qrup şəxs, mütəşəkkil dəstə və cinayətkar birlik daxildir.
Nəticə etibarilə, iştirakçılıqla törədilən cinayətlər arasında cəmiyyət üçün ən təhlükəli olanı məhz cinayətkar birlik hesab olunur.
Qeyd olunan ittiham üzrə hədə-qorxu ilə tələb etmə və qəsdən adam öldürmə cinayətlərinin cinayətkar birlik tərəfindən törədildiyi müəyyən edilərsə, şəxslər barəsində daha ağır cəzalar müəyyən edilir. Bu halda 12 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası müəyyən edilə bilər”.
Fəridə Əsədzadə