Deputatın taksilərlə bağlı təklifinə reaksiya: “Hamıya şamil edilməlidir”

19.06.2026

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Milli Məclisin deputatı Məlahət İbrahimqızı təklif edib ki, sərnişinləri mindirib-düşürmək üçün taksi xidmətilə məşğul olanlara müxtəlif ərazilərdə 2-3 dəqiqəlik şərait yaradılsın.

Müxtəlif ərazilərdə, o cümlədən sosial obyektlərin qarşısında sərnişinlərin taksidən minib düşməsi üçün şəraitin olmadığından şikayətlənən deputat bildirib ki, taksi sürücüsü cərimələnməmək üçün gedib 200-300 metr kənarda saxlamaq məcburiyyətində qalır.

Bu isə deputatın fikrincə, həm də sərnişinlər, xüsusən də yaşlılar, uşaqlı ailələr üçün çətinlik yaradır.

“Polisə dəstək” İctimai Birliyinin sədri, hüquqşünas Şəmsəddin Əliyev Bakupost.az-a bildirib ki, Milli Məclisin deputatı tərəfindən səslənən fikirlə qismən razıdır.

Belə ki, həmsöhbətimiz hesab edir ki, sözügedən şərait təkcə taksi sürücülərinə deyil, sükan arxasında olan hamıya şamil edilməlidir:

“Hüquqi dövlətimizin qanunçuluq, bərabərlik sahəsində ümumi prinsipləri var. Bu əsasda da təklif yalnız taksilərə şamil edilməməlidir. Digər avtomobil sahibləri də anoloji vəziyyətlə üzləşirlər. Hər bir avtomobil sahibi zəruri şəraitdə 2-3 dəqiqə lazım olmayan yerdə saxlamaq məcburiyyətində qalır. Ona görə də səslənən təklif bütün sükan arxasında əyləşənlərə şamil edilməlidir. Bütün zəruri ehtiyac duyulan alış-veriş məkanları, apteklər, ərzaq dükanları, marketlərin hamısı yol kənarındadır. Buna görə də qaydalar hamıya şamil olunmalıdır”.

Rüfət Sultan, BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью