Deputatlar tətili necə və harada keçirir?

04.08.2026

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Artıq bir müddətdir ki, qanunverici orqan tətilə çıxıb. Lakin Milli Məclis deputatlarının tətil müddətində də bir qayda olaraq adi günlərdə olduğu kimi işlədikləri, mütəmadi olaraq seçiciləri ilə görüşdükləri müşahidə olunur. Bəs görəsən, millət vəkilləri tətildə istirahət etməyə zaman ayıra bilirlərmi? Ümumiyyətlə, deputatlar tətili harada və necə keçirməyə üstünlük verirlər? Məsələ ilə bağlı Newscenter.az olaraq bir neçə millət vəkilinə bununla bağlı sual ünvanladıq.

Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib ki, tətili ailəsi ilə birlikdə Bakıda keçirir. Deputat tətil günlərində millət vəkili seçildiyi rayona da getdiyini bildirib. Nəsib Məhəməliyev yaxın günlərdə isə xarici ölkələrin birinə ezamiyyətə gedəcəyini söyləyib.
Deputat Azər Badamov da hazırda Bakıda olduğunu deyib. Millət vəkili diqqətə çatdırıb ki, tətil başlayandan sonra da media ilə təmaslarını, KİV-lərdəki aktivliyini azaltmayıb:

“Artıq rayona getməyi planlaşdırıram. İnşallah, rayonda olduğum müddətdə Qusarda həm istirahət edəcəyəm, həm də seçicilərimlə bir arada olacağam”.
Millət vəkili Azər Allahverənov da tətili Bakı şəhərində keçirməyə üstünlük verir. Deputat qeyd edib ki, hələlik tətil anlayışına uyğun fəaliyyəti yoxdur və dincəlmir:

“Tətil müddətində xarici ölkələrdən birinə səfər etməkdən də söhbət gedə bilməz. Elə bir planım yoxdur. Müəyyən gözləntilərim vardır ki, tətili ölkənin hüdudları daxilində edim. Lakin bu da məndən asılı olmayan səbəblərdən mümkün olmadı. Hazırda da Bakıdayam və gündəlik iş rejimində olduğu kimi fəaliyyətimiz davam edir”.
Deputat Vüqar Bayramov da tətildə Azərbaycanda olduğunu deyib. O bildirib ki, tətildə olmağına rəğmən, həm elektron, həm audiovizual media ilə əməkdaşlığı davam etdirir:

“Həftəsonlarını isə Azərbaycanın rayonlarında keçirməyə üstünlük verirəm. Bu həftəsonu yenidən Qarabağa getməyi planlaşdırıram”.
Millət vəkili İlham Məmmədov da tətili Bakıda keçirməyə üstünıük verən deputatlardandır. O bildirib ki, tətil müddətində ölkənin turizm istirahət zonalarına, rayonlara getməyə belə üstünlük vermir:

“Yalnız evdə oluram. Nəvələrimlə, ailə-məişət işləri ilə məşğul oluram. Boş vaxtlarımda kitab oxuyur, film izləyirəm. Ümumiyyətlə, hava isti olanda evdən kənara çıxmağı sevmirəm”. İlham Məmmədov tətil müddətində respublikanın turizm zonaları, gəzməli yerlərinə də getmək planının olmadığını deyib.
Süleyman İsmayılbəyli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью