Deputatlardan kimlər ürək donoru olacaq? “Düşünməmişəm”, “Şəxsi sualdır”, “Mümkündür...”

02.02.2026

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun "Ötən il Qafqazda və Azərbaycanda ilk dəfə uğurla həyata keçirilən ürək transplantasiyası əməliyyatından sonra ölkədə donor olmaq istəyənlərin sayı artıb. Bunların arasında Milli Məclisin deputatları da var" açıqlaması maraqla qarşılanıb.

Ölkə.az xəbər verir ki, Pravda.az Milli Məclisdə hansı deputatların donor olmaq istədiyi barədə sorğu keçirib.

Maraqlıdır ki, parlamentarilər arasında bu barədə suala konkret cavab verənlərin sayı az olub.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa sualımızı müsbət qarşılayanlardan olub:

"Cəmiyyətdə zərurət varsa, insanlar buna yönəlirlərsə, təbii ki, donor olmaq mümkündür və olmalıyıq. Amma hələ belə bir qərar verməmişəm...”

Parlamentin İnan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu da donor olmaq istəyənlər arasındadır:

“Çox sevinirəm ki, artıq Azərbaycanda tibb o qədər inkişaf edib, ürək transplantasiyası mümkündür və beyin ölümü keçirən insanlardan xəstələrə ürək köçürməsini tətbiq etmək olur. Çox sevinclidir, çünki bu nə qədər insana yaşamaqla bağlı ümidlər verir. Mənim məlumat qıtlığım var ki, hansı şəraitdə, hansı vəziyyətdə, hansı xəstələrdən ürək transplantasiyası həyata keçirmək mümkün olur? Doğrusu, heç bunu da bilmirəm ki, 60 yaşlı insanın ürəyi transplantasiya üçün uyğundur, ya yox? Əlbəttə, şərtlər uyğun olarsa, mən də donor olmağa hazıram. Nəticə etibarilə, bu kiməsə həyat vermək deməkdir. Bundan  böyük müsbət mənada mənəvi hadisə ola bilməz”.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Samir Vəliyev də donor olmaq istəyir:

“Başqa bir xəstənin həyatını xilas etmək üçün hər hansı sağlam orqana ehtiyac varsa, o zaman niyə də yox? Kiməsə həyat vermək, yaşatmaq yolu yalnız orqan transplantasiyasıdırsa, o zaman bu, bir insanın həyatını xilas etməkdir”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov isə hələ bu barədə düşünmədiyini bildirib...

MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov isə belə cavab verdi:

“Bu, şəxsi sual olduğu üçün cavablandırmaq istəmirəm”.

Parlamentin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev də sualımızı qısa cavab verdi:

“Dəstəkləyirəm...”

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov da donor olmaq fikrindədir:

“Razıyam, birmənalı olaraq donor olmaq istəyirəm. Düşünürəm ki, bu prosesə hamımız töhfəmizi verməliyik. Kimsə mənim orqanımdan istifadə edərsə, bu, onun işinə yarayarsa, çox sevinərəm. Məsələyə bu cür yanaşmalıyıq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью