Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Misli Premyer Liqasında VIII turun mərkəzi qarşılaşmasında gözlər Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Ölkə futbolunun iki “nəhəng”i hesab olunan “Qarabağ” və “Neftçi” növbəti “Azərbaycan derbisi”ndə üz-üzə gələcək.
Əzəli rəqiblər arasında cari mövsümdə ilk dəfə baş tutacaq duel xüsusi əhəmiyyət kəsb edir. Turnir cədvəlinin zirvəsində gərginlik pik həddədir. Çempionatın lideri olan “Neftçi” keçirdiyi 7 oyunda 5 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə (top fərqi 18:5) 16 xal toplayıb. Konfrans Liqasının pley-off mərhələsində “Tvente” ilə cavab matçı (1:4) səbəbindən bir oyunu təxirə salınan və ehtiyatda qalan “Qarabağ” isə 6 qarşılaşmada 5 qələbə, 1 heç-heçəyə imza ataraq (top fərqi 11:4) eyni xalla 3-cü sıradadır. “Üçlüyün” digər üzvü “Sabah”la birgə hər üç kollektivi hazırda yalnız qol nisbəti ayırır.
Ağdam təmsilçisi çempionatdakı son 5 görüşündə 4 qələbə qazanıb, 1 dəfə heç-heçə edib. Qurban Qurbanovun yetirmələri müvafiq olaraq “Araz-Naxçıvan” (3:2), “Zirə” (1:1), “Sumqayıt” (1:0), “Şəfa” (1:0) və “İmişli”ni (2:0) məğlubiyyətə uğradıblar. Üstəlik, “atlılar” bu sezon evdə çıxdıqları bütün oyunlarda meydandan maksimum nəticə ilə ayrılıblar.
Paytaxt klubu da son tura qədər inamlı seriya yaxalamışdı. “Şəfa” (4:1), “İmişli” (3:2) və “Qəbələ”ni (3:0) üstələyən “ağ-qaralar” yalnız “Zirə”yə (0:1) uduzub, 7-ci turda isə son çempion “Sabah”la qolsuz bərabərliyə razılaşıb. Səfər göstəricilərinə gəlincə, “Neftçi” qonaq qismində keçirdiyi 4 matçın 3-də qələbə sevinci yaşayıb.
İki komanda arasında bu günə qədər keçirilən 125 dueldə aşkar üstünlük “Qarabağ”ın tərəfindədir. Ağdam klubu 59 qələbə qazandığı halda, “Neftçi” 30 dəfə üstün olan tərəf olub, 36 matçda isə heç-heçə qeydə alınıb. Top fərqində də “atlılar” öndədir: 174-104.
Tərəflər arasında baş tutan son 5 görüşün 4-də “Qarabağ” qalib gəlib. Lakin 2026-cı ilin aprelindəki prinsipial duel “Neftçi”nin 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb.
30 aprel 2026: “Neftçi” – “Qarabağ” 2:1
26 aprel 2026: “Neftçi” – “Qarabağ” 1:5
9 noyabr 2025: “Qarabağ” – “Neftçi” 2:0
19 aprel 2025: “Qarabağ” – “Neftçi” 3:0
16 fevral 2025: “Neftçi” – “Qarabağ” 0:1
Qarşıdan gələn derbi liderlik uğrunda vacib sınaqdır. “Qarabağ” evdəki 100 faizlik seriyasını qoruyub ehtiyat matçı ola-ola təkbaşına liderliyə yüksəlmək, “Neftçi” isə “atlılar”ın üstünlüyünü qıraraq zirvədəki yerini möhkəmlətmək istəyir.
Oktyabrın 17-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək derbinin start düdüyü saat 19:00-da səslənəcək.
Ayxan Zayıdzadə