Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Moruq balaca giləmeyvədir. Amma son illər onun çəkisi özündən qat-qat böyük olan geniş iqtisadi əhəmiyyət qazanıb. Bir vaxtlar bağlarda, həyətyanı sahələrdə yetişdirilən moruq indi müasir texnologiyalarla qurulan iri təsərrüfatların məhsuluna, fermer üçün gəlir mənbəyinə, kənd sakini üçün isə mövsümi iş yerinə çevrilir.
Üstəlik, moruq adi meyvələrdən deyil. Ətri, dadı, görünüşü ilə seçilir, təzə halda süfrələrə gətirilir, mürəbbə, şirniyyat və müxtəlif emal məhsullarının hazırlanmasında istifadə olunur. Təbii ki, bazarda ona olan tələbat da bu məhsulu fermer üçün cəlbedici edir.
Bu mənzərəni Göygölün Səmədli qəsəbəsində daha aydın görmək mümkündür.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Səmədli qəsəbəsində fermer Fuad Zalova məxsus yeni salınmış intensiv moruqçuluq təsərrüfatı ilə yerində tanış olub.
Məlumat verilib ki, müasir damcı suvarma sistemi ilə becərilən 8 hektar moruq sahəsində yığım mövsümündə hər gün 50 nəfər mövsümi işçi çalışır. İntensiv becərmə üsulunun tətbiqi nəticəsində hər hektardan orta hesabla 8–10 ton məhsul əldə edilir.
Rəqəmlər sadə görünür. Amma 8 hektar sahədə hər hektardan 8–10 ton məhsul demək, təsərrüfatın tam məhsuldarlıqla işlədiyi halda ildə təxminən 64–80 ton moruq istehsal etmək potensialına malik olması deməkdir. Bu isə ətraf kəndlərin məşğulluğuna və yerli iqtisadiyyata təsir göstərən ciddi bir istehsal sahəsidir.
Göygölün moruqçuluğa marağı isə sonradan yaranmayıb. Rayonun təbii-iqlim şəraiti giləmeyvəçilik üçün əlverişli imkanlar yaradır. Elə buna görə də son illərdə rayonda moruq təsərrüfatlarının yaradılmasına maraq artıb. Bu marağın artıq özünün bir “bayramı” da var. 2024-cü ildə Göygöl rayonunun Keşkü kəndində Azərbaycanda ilk dəfə Moruq Festivalı keçirildi. Festivalın təşkil olunmasında məqsəd yalnız moruğu tanıtmaq deyildi. Burada daha böyük məqsəd vardı: Göygölün kənd təsərrüfatı potensialını, yerli məhsullarını, aqroturizm imkanlarını göstərmək və moruq istehsalının inkişafına təkan vermək.
İlk festivalın ardınca 2025-ci ildə artıq “II Moruq Festivalı” keçirildi. Festivalda moruq məhsullarının sərgi-satışı, dequstasiyalar, ustad dərsləri, müxtəlif əyləncə proqramları təşkil edildi. Yəni moruq artıq Göygölün tanıtım elementlərindən birinə çevrilməyə başladı.
Bu, əslində, çox maraqlı bir prosesdir. Bir kənd təsərrüfatı məhsulunun ətrafında təsərrüfat yaranır, təsərrüfat məşğulluq yaradır, məhsul bazara çıxır, sonra həmin məhsulun ətrafında festival keçirilir, turistlər cəlb olunur, yerli məhsullar tanıdılır. Beləcə kənd təsərrüfatı ilə turizm bir nöqtədə görüşür. Moruğun Göygöl üçün əhəmiyyəti də məhz buradadır.
Moruqçuluğun inkişafı yeni təsərrüfatların yaranması deməkdir. Yeni təsərrüfat isə torpağın istifadəyə verilməsi, müasir suvarma sistemlərinin qurulması, məhsuldarlığın yüksəldilməsi və yeni iş yerlərinin açılması deməkdir.
Səmədli qəsəbəsindəki təsərrüfatda yığım mövsümündə hər gün 50 nəfərin çalışması bunu əyani şəkildə göstərir.
Digər tərəfdən, müasir intensiv becərmə üsulları fermerə daha yüksək məhsuldarlıq əldə etməyə imkan verir. Damcı suvarma həm suyun daha səmərəli istifadəsinə, həm də bitkinin ehtiyacına uyğun qulluq göstərilməsinə şərait yaradır.
Bu gün bazarda moruq digər bir sıra giləmeyvələrlə müqayisədə kifayət qədər yüksək qiymətə satılır və qiymət mövsümə, məhsulun keyfiyyətinə, satış yerinə və təzəliyinə görə ciddi dəyişə bilir. Ona görə də moruqçuluğun gəlirliliyi yalnız satış qiyməti ilə deyil, məhsuldarlıq, becərmə xərcləri və məhsulun itkisiz şəkildə bazara çatdırılması ilə birlikdə qiymətləndirilməlidir.
Göygölün bu sahədə daha bir üstünlüyü isə artıq moruqla bağlı təbliqat, tanıtım işlərinin gücləndirilməsidir. 2024-cü ildə ilk festivalın keçirilməsi, 2025-ci ildə onun ikinci dəfə təşkil olunması göstərdi ki, bu giləmeyvə rayonun kənd təsərrüfatı və turizm həyatında özünə yer tapmaqdadır.
İndi isə rayon üçüncü moruq festivalına hazırlaşır. Sentyabrın əvvəllərində təşkil olunacaq bayrama ciddi hazırlıq görülür.
Bəlkə də bir neçə il əvvəl “Göygöl və moruq” ifadəsi çoxlarına bir qədər qəribə səslənərdi. İndi isə vəziyyət tamam başqadır. Göygölün gözəl təbiəti, yaylaqları, kəndləri ilə yanaşı, moruq təsərrüfatları da rayonun kənd həyatının yeni rənginə çevrilir.
Mərhum Xalq şairimiz Hüseyn Arif tez-tez Gəncəyə, Göygölə gələrdi. Bəlkə də “Dərədə moruq dər, döşdə çiyələk…” deyəndə bu yerləri nəzərdə tutub?
Səmədli qəsəbəsində salınan 8 hektarlıq intensiv moruq sahəsi də bu mənzərənin yeni nümunəsidir.
Görüşdə ölkəmizdə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi və yaradılan əlverişli şərait yüksək qiymətləndirilib, bu istiqamətdə görülən işlərə görə möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlıq ifadə edilib.
Torpaq var, zəhmət var, müasir texnologiya var, bazar var. Bütün bunlar bir araya gələndə isə balaca bir moruq giləmeyvəsi böyük bir təsərrüfatın, böyük bir zəhmətin və yeni iqtisadi imkanların simvoluna çevrilir.
Göygöldə moruqçuluğun gələcəyi də məhz bu ümidverici mənzərədən keçir.
Hamlet QASIMOV,
XQ-nin Gəncəbasar müxbiri
Göygöl