Dəri xərçəngindən necə qorunmalı? KONKRET

04.08.2026

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yay mövsümündə insanlar daha çox vaxtlarını açıq havada və çimərliklərdə keçirirlər. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, günəş şüalarına uzun müddət və qorunmadan məruz qalmaq dəri sağlamlığı üçün ciddi risk yarada bilər. Bəs günəş şüaları həqiqətən də dəri xərçənginin yaranma ehtimalını artırırmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, günəş şüalarının insan orqanizminə həm faydalı, həm də zərərli təsirləri var. Onun sözlərinə görə, əsas məsələ günəş vannasının düzgün vaxtda və təhlükəsizlik qaydalarına riayət etməklə qəbul edilməsidir.

“Günəş şüalarından faydalanmaq üçün günün uyğun saatlarını seçmək vacibdir. Lakin saat 11:00-dan 17:00-dək Günəş şüaları Yer səthinə daha dik bucaq altında düşdüyündən bu vaxt uzun müddət açıq havada qalmaq tövsiyə edilmir. Çünki ultrabənövşəyi (UV) şüalara uzunmüddətli məruz qalmaq dəri xərçənginin yaranmasının əsas risk amillərindən biridir”, – deyə həkim bildirib.

Onkoloq qeyd edib ki, dəri xərçəngi dünyada ən çox rast gəlinən onkoloji xəstəliklərdən biridir. Bu səbəbdən profilaktik tədbirlərə ciddi əməl olunmalıdır.

“Çimərliyə getməzdən əvvəl mütləq günəşdən qoruyucu kremlərdən istifadə edilməlidir. Həm uşaqlar, həm də böyüklər dərilərini ultrabənövşəyi şüaların zərərli təsirindən qorumaq üçün SPF tərkibli günəşdən qoruyucu vasitələrdən istifadə etməlidirlər”, – deyə Fərid Museyibov vurğulayıb.

Həkimin sözlərinə görə, dəri xərçəngi daha çox günəş şüalarına məruz qalan nahiyələrdə – alın, burun ətrafı və dodaq bölgəsində müşahidə edilir. O əlavə edib ki, xəstəliyin yaranmasında irsi meyillilik də mühüm rol oynayır.

Onkoloq vətəndaşlara günəş altında uzun müddət qalmamağı, xüsusilə günün ən isti saatlarında qoruyucu vasitələrdən istifadə etməyi, həmçinin dəridə rəng, forma və ya ölçü dəyişikliyi, sağalmayan yara və digər şübhəli əlamətlər müşahidə olunduqda vaxt itirmədən həkimə müraciət etməyi tövsiyə edib.

Aynurə İsmayıl,
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью