Dərinizdə bu əlamətlər varsa, diqqətli olun

17.10.2026

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb.

Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi, qabıqlanması və xüsusilə axşam saatlarında yaranan qaşınma çox vaxt adi quruluq kimi qəbul edilir. Lakin bu əlamətlər dərinin təbii qoruyucu baryerinin zəiflədiyini göstərə bilər. Problem payız və qış aylarında daha da güclənir.

Professorun sözlərinə görə, uşaqlar, yaşlılar, psoriaz və atopik dermatit kimi xroniki dəri xəstəlikləri olan şəxslər dəri quruluğundan daha çox əziyyət çəkə bilərlər. İrsi dəri xəstəlikləri, diabet və qalxanabənzər vəzi problemləri də dəri quruluğuna səbəb ola bilər.

Dəri quruluğu uzun müddət davam edərsə və müntəzəm nəmləndirməyə baxmayaraq aradan qalxmazsa, həkimə müraciət etmək lazımdır. Güclü qaşınma və ekzema əlamətləri də diqqətdən kənarda qalmamalıdır. Bəzi sistem xəstəlikləri və dərmanların istifadəsi də dəridə quruluq yarada bilər.

Mütəxəssis kifayət qədər su içməyin və balanslı qidalanmağın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, zülal, sağlam yağlar və vitaminlərlə zəngin qidalanma dərinin qoruyucu baryerini dəstəkləyir. Bununla belə, yalnız çox su içməklə dəri quruluğunu aradan qaldırmaq mümkün deyil.

Dəri quruluğunu artıran əsas amillərdən biri də uzun müddət isti duş qəbul etməkdir. Buna görə də qısa və ilıq duş qəbul etmək, duşdan sonra isə dərini sərt şəkildə ovuşdurmadan qurulamaq tövsiyə olunur.

Professor dərinin tam qurumasını gözləmədən nəmləndirici vasitələrdən istifadə etməyi məsləhət görüb. Xüsusilə gövdə, qol və ayaqların müntəzəm nəmləndirilməsi vacibdir.

Mütəxəssisin sözlərinə görə, havaların soyuduğu aylarda daha qatı tərkibli nəmləndiricilərə üstünlük vermək məqsədəuyğundur. Həssas dərisi olan şəxslərə isə ətirsiz və rəngsiz məhsullardan istifadə etmək tövsiyə olunur.

Sərt sabunlar və ətirli duş gelləri dərinin təbii yağ qatına zərər verərək quruluğu artıra bilər. Buna görə də dəri tipinə uyğun, zərif təmizləyici vasitələr seçilməlidir.

Müəllif: Mina Mikayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью