Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 386,4 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, 2025-ci ilin ilk 9 ayı ilə müqayisədə 21,5 % çoxdur.
Ötən 9 ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 2,7 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 50,8 milyard manatlıq, o cümlədən 27,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 23,3 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 %, qeyri-ərzaq malları üzrə 6,7 % artıb.
Dərman satışlarının bu qədər artması əhalinin sağlamlıq vəziyyəti ilə bağlı hansı mənzərəni ortaya qoyur?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, dərman istehlakının və tibbi avadanlıqlara tələbatın artması təbii görünür:
“Çünki bir tərəfdən əhalinin sayı artır, digər tərəfdən klinikaların və həkimlərin sayı çoxalır, onların fəaliyyəti genişlənir. Müxtəlif müalicə üsulları da Azərbaycanda getdikcə daha geniş tətbiq olunur. Müxtəlif firmalar vasitəsilə ölkəyə ayrı-ayrı tibbi avadanlıqlar, o cümlədən xaricdən gətirilən cihazlar təmin edilir. Buna görə də dərman satışındakı artım dinamikası məntiqli görünür.
Amma burada söhbət dərmanlara ehtiyacın artmasından deyil, daha çox dərman istehlakının və satışının genişlənməsindən gedir. İcbari tibbi sığorta paketinin tətbiqi çərçivəsində dərman təminatı ilə bağlı xərclər də artır. Əhalinin ambulator şəraitdə qəbul etdiyi dərmanlar ümumi satışın böyük hissəsini təşkil edir. Çünki insanların böyük bir qismi özünü müalicəyə meyillidir”.
Ekspert qeyd edib ki, bundan əlavə dərmanların bir qismi həkim resepti əsasında, digər qismi isə tibbi sığorta çərçivəsində təmin olunur:
“Bu baxımdan dərman satışının artması məntiqli hesab edilə bilər. Digər tərəfdən, əhalinin sayının artması ilə yanaşı, xəstəliklərin sayında da artım müşahidə olunur. Onkoloji və digər xəstəliklər, xüsusilə də COVID-19 pandemiyasından sonra bəzi xəstəliklərin sayında qeydə alınan artım dərman istehlakını stimullaşdıran amillərdəndir”.
Gülər Həsənli
“Cebheinfo.az”
Açar sözlər: Dərman xərci Adil Qeybulla
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin