Dərmanların keyfiyyət sınağı Hansı məhsullar daha çox risk daşıyır?

04.05.2026

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Saxta və keyfiyyətsiz dərmanların dövriyyəsi son illərdə ciddi narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Bu problem birbaşa insanların sağlamlığına və həyatına təhlükə yaradır. Xüsusilə vaxtı keçmiş və tərkibi dəyişdirilmiş preparatların satışa çıxarılması vəziyyəti daha da ağırlaşdırır. Nəzarət mexanizmlərindəki boşluqlar bu cür halların artmasına şərait yaradır. Problemin aradan qaldırılması üçün ciddi addımların atılması zəruridir.
Məsələ ilə bağlı farmakoloq Aydın Əliyev Demokrat.az-a bildirib ki, saxta dərmanlar, əsasən, vaxtı keçmiş və ya tərkibi müəyyən dərəcədə dəyişdirilmiş preparatlardır:
"Bu məhsulların böyük hissəsi xaricdən gətirilir. Onların qarşısının alınması üçün ciddi tədbirlərin görülməsi vacibdir. Bu dərmanların ölkəyə daxil olma yollarında və idxal prosesində mövcud boşluqlar saxta məhsulların bazara çıxmasına şərait yaradır. Digər tərəfdən, dərmanların saxta və ya vaxtı keçmiş olub-olmaması, eləcə də apteklərdə düzgün saxlanılıb-saxlanılmaması bəzən nəzarətdən kənarda qalır. Nəticədə istifadə müddəti bitmiş preparatlar satışa buraxılır. Bu halların qarşısını almaq üçün dərmanlar mütləq ekspertizadan keçirilməlidir".
Mütəxəssis deyib ki, saxta və keyfiyyətsiz dərmanların satışa çıxarılması ciddi mənəvi məsuliyyət yaradır. 
"İnsanlara bilərəkdən təsirsiz və ya zərərli preparat təqdim etmək onların sağlamlığını təhlükə altına atmaq deməkdir. Hər bir şəxs öz vicdanı qarşısında cavabdeh olmalıdır. Keyfiyyətsiz dərmanların ölkəyə gətirilməsi və satışına şərait yaradılması yolverilməzdir. Hazırda ölkə dərman təminatında əsasən xaricdən asılıdır. Lakin yerli istehsal müəssisələrinin yaradılması bu asılılığı azalda bilər. Azərbaycanın zəngin flora və faunası, elmi potensialı və peşəkar mütəxəssisləri mövcuddur. Bu imkanlardan istifadə etməklə dərmanların əhəmiyyətli hissəsini ölkə daxilində istehsal etmək mümkündür. Bu istiqamətdə işlər genişləndikcə həm keyfiyyətə, həm də qiymətə nəzarət imkanları artacaq", - deyə o qeyd edib. 
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью