futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda İsrail təmsilçisi “Hapoel”ə (Beer Şeva) uduzdu – 1:2.
Rumıniyada keçirilən matçda “bayquşlar” erkən qolla hesabı açsa da, üstünlüyünü qoruya bilmədi. Fasiləyə yaxın fərqlənən “Hapoel” ikinci hissəni də dominant oynayaraq, arzuladığı qələbə qolunu vurdu.
Görüşün ilk yarım saatında “Sabah” yaxşı oynadı, şanslar yaratdı. Bəlkə də, ikinci qolu vurmaqla oyunun taleyini həll etmək mümkün idi. Lakin epizodların boşa verilməsi, ardınca rəqibin topa nəzarəti ələ keçirməsi “futuristlər”i geri saldı.
Xüsusilə fasilədən sonra “Sabah”ı topsuz qoyan İsrail komandası geridönüş etməyi bacardı. Orta xətdə Perets və Venturanın top çevirmə oyunu “Bayquşlar”ın yarımmüdafiəsini zərərsizləşdirdi.
“Sabah” məğlub olsa da, şanslar hələ davam edir. III təsnifatın ilk matçında Danimarka çempionu “Orhus”a eyni hesabla uduzan komanda revanşda inamlı qələbə ilə mərhələ adlamışdı. Bu dəfə də Bakıda beer-şevalıları mübarizədən kənarlaşdırmaq lazımdır.
“Sabah” cavab oyununu Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. 30 minlik arenada “bayquşlar”ın dəstəkçisi çox olacaq və liqa mərhələsi motivasiyası komandaya əlavə güc qatacaq.
Valdas Dambrauskas ilk oyunu dəqiq təhlil etməli, rəqibin orta xəttini “bağlamaq” yollarını tapmalıdır. “Hapoel” “Orhus” kimi açıq futbol oynamır, boşluqlar vermir. Sürətli hücumlar və öndə pressinq revanşda qələbənin açarı ola bilər.
Şahin Cəfərov