DƏRS YOX, STRES! Uşaqlar məktəbdən niyə bezir?

27.01.2026

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Tez-tez rast gəlinən fikir var ki, uşaqlar məktəbə maraq göstərmir və ora sanki zorla gedirlər. Bu düşüncənin əsas səbəbi çox vaxt mövcud təhsil sisteminin ağır strukturu və uşaqlara yönəlik psixoloji təzyiqlərin artması ilə izah olunur. Valideynlər və müəllimlərin yüksək gözləntiləri də uşaqların məktəbi mənfi qəbul etməsinə səbəb ola bilər.

Uşaqların məktəbi sevməsi üçün təhsil sistemində hansı dəyişikliklərin edilməsi lazımdır?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında təhsil eksperti, fəlsəfə doktoru İlqar Orucov deyib ki, son dövrlər uşaqlar arasında məktəbə marağın azalması ciddi və aktual problemlərdən biridir. Onun fikrincə, bu marağı artırmaq üçün kompleks və sistemli yanaşma vacibdir. Ekspert hesab edir ki, məktəb uşaqlar üçün yalnız dörd divardan ibarət qapalı məkan kimi yox, daha çox rəngarəng, sərbəst və özünü ifadə etməyə imkan verən mühitə çevrilməlidir: “Mövcud tədris sistemi isə əksər hallarda şagirdlərə real həyatla əlaqəsi zəif olan, quru və primitiv biliklər ötürür. Mövzular daha çox şagirdlərə real həyat hadisələri ilə bağlı, yaddaqalan, onlarda quru bilikləri deyil, əzbərçiliyi deyil, eyni zamanda bacarıqları formalaşdıran bir alət olmalıdır. Digər mühüm problemlərdən biri qiymətləndirmə sistemidir. Bir çox hallarda qiymət şagird üçün motivasiya yox, cəza aləti kimi qəbul olunur. Bu isə öyrənməyə marağı azaldır. Qiymətləndirmə şagirdi qorxutmamalı, əksinə, öyrənməyə təşviq etməlidir.

Məsələnin digər tərəfi valideyn-müəllim-şagird üçbucağı arasında qırılmalarla bağlıdır. Uşaq məktəbə gedir, yük kifayət qədər çoxdur. Qiymətləndirmə alətləri də sanki uşağı cəzalandırmağa yönəlib. Belə olduğu təqdirdə uşaq məktəbdən evə döndüyü zaman aşağı qiymət alıbsa, valideyn tərəfindən təkrar təzyiqə məruz qalır. Burada mənəvi, fiziki, psixoloji və s. təzyiq var. Biz onun azadlığını, xoşbəxtliyini əlindən almaqla sanki onu yalnız və yalnız təzyiq altında saxlayırıq”.

İ.Orucov sinif otaqlarının mövcud vəziyyətinə də diqqət çəkir. O bildirir ki, sinif anlayışı bizdə yalnız divarlara şəkil və qrafiklərin asıldığı standart kabinet kimi formalaşıb: “Halbuki sinif otaqları uşaqlar üçün maraqlı, yaddaqalan və ifadə imkanları yaradan mühit olmalıdır. Uşağın azadlığı, sərbəstliyi, fənlərin tədrisində bilik qazanması üçün həm də rəngarəng bir mühit olmalıdır. Bu çox önəmlidir və biz o mühiti yarada bilmirik. Uşaqların partada oturması da ayrıseçkiliklərə səbəb olur. O azadlığı belə uşaqların əlindən almışıq. Eyni zamanda yaxşı oxuyan, özünü ifadə edə bilən şagirdlərə münasibət zəif oxuyan uşağa münasibətdə eyni olmur. Burada da ayrıseçkilik mühiti formalaşır. Bəzi hallarda müəllimlərin qeyri-peşəkar davranışı məktəb rəhbərliyi tərəfindən də davam etdirilir. Nəticədə şagird məktəbi inkişaf məkanı kimi deyil, sadəcə tez qurtulmaq istədiyi bir yer kimi qəbul edir”.

Ekspert sonda vurğuladı ki, bu problemlər kompleks yanaşma tələb edir: savadlı müəllim heyəti, düzgün qurulmuş psixoloji mühit, məktəbdə psixoloqların effektiv fəaliyyəti, sağlam ailə münasibətləri və peşəkar məktəb idarəçiliyi vacib şərtlərdir: “Əks halda nəticədə ya əzbərçi, ya da özünə qapanmış, özgüvəni zəif, travmalı bir şagird formalaşır. Bu cür yanaşmaların nəticəsində cəmiyyətə psixoloji zədələr almış fərdlər daxil olur və bu prosesdə itirən təkcə uşaq yox, bütövlükdə cəmiyyət və dövlət olur”.

Oğuz Ayvaz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью