Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Təhsil eksperti Ramin Nurəliyev dərsliklərin hazırlanması və çapa göndərilməzdən əvvəl yoxlanılması məsələsinə toxunub.
Gununsesi.info-ya danışan ekspert qeyd edib ki, dərsliklər çapa göndərilməzdən əvvəl məktəblərdə çalışan təcrübəli fənn müəllimlərinin iştirakı ilə müzakirə olunmalı, aşkar edilən səhv və çatışmazlıqlar vaxtında aradan qaldırılmalıdır:
“Bu mütəxəssislər isə orta ümumtəhsil məktəblərində çalışan, öz fənni üzrə bilik və təcrübəyə malik müəllimlər olmalıdır.
Hesab edirəm ki, Elm və Təhsil Nazirliyi tərəfindən həmin müəllimlərdən xüsusi komissiyalar yaradılmalıdır. Dərsliklər çapa göndərilməzdən əvvəl bu komissiyalar tərəfindən nəzərdən keçirilməli, aşkar edilən səhv və çatışmazlıqlar vaxtında aradan qaldırılmalıdır”.
O hesab edir ki, ictimai müzakirələrdə fəallığın az olduğunu nəzərə alsaq, dərsliklərdəki mümkün nöqsanların vaxtında aşkarlanması üçün əsas yük praktik təcrübəsi olan müəllimlərin üzərinə düşməlidir.
“Bu prosesdə iştirak edəcək müəllimlər müəyyən müddət məktəblərdə çalışmış, öz fənni üzrə kifayət qədər bilik və bacarığa malik şəxslər arasından seçilməlidir.
Beləliklə, dərsliklərin keyfiyyətinə nəzarət gücləndirilə, onların səhv və çatışmazlıqlar aradan qaldırıldıqdan sonra çapa göndərilməsi təmin oluna bilər”,-deyə Ramin Nurəliyev əlavə edib.
Xatırladaq ki, Elm və Təhsil Nazirliyi daha əvvəl dərslik layihələrinin ictimai müzakirəsində iştirakçılıq səviyyəsinin aşağı olduğunu açıqlayıb. Nazirliyin məlumatına görə, bəzi dərslik layihələri üzrə ictimaiyyətdən heç bir rəy və təklif daxil olmayıb. Məsələn, “Riyaziyyat 7” və “Fizika 9” dərslik layihələri ilə bağlı ictimaiyyətdən rəy verilməyib. Bu isə dərsliklərin müzakirəsində ictimai iştirakın zəif olduğunu göstərir.
Şəbnəm