Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sosial şəbəkələrdə dərsliklərdə müəyyən xəta və səhvlərin olduğu ilə bağlı zaman-zaman müzakirələr gedir. 7-ci sinif Azərbaycan dili dərsliyində olan səhvlər, Azərbaycan dilində xarici ədəbiyyatdan verilən mətn və adların yanlış qeyd edilməsi ictimaiyyətin narazılığına səbəb olur.
Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
“Azərbaycan dili dərsliklərində adlardan, eləcə də bədii ədəbiyyatdan istifadə olunacaqsa, klassik ədəbiyyatımızdan nümunələr verilməlidir. Xarici ədəbiyyatdan nümunə verilməsi nə dərəcədə məntiqlidir? Məsələn, 7-ci sinif şagirdinə Viktor Hüqonun “Səfillər” əsərindən hər hansı bir parçanın verilməsi nə qədər düzgündür? Bu uşaq 7-ci sinifdə “Səfillər” əsərini oxuyubmu?
Dərslik hazırlayanlar bu istiqamətə diqqət yetirməlidir.
Düşünürəm ki, bu məsələ ilə bağlı müəyyən bir komissiya yaradılmalıdır. Həmçinin dərsliklər nəşr olunmazdan öncə təcrübəli müəllimlərdən təşkil edilən heyətin müzakirəsinə verilə bilər. Bu, dərsliklərdəki problemlərin aradan qalxmasına ciddi töhfə verə bilər”, - o bildirib.