Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ruhəngiz ƏLİYEVA
Naxçıvan Dövlət Universitetinin baş müəllimi,
pedaqogika üzrə fəlsəfə doktoru,
AYB və AJB-nin üzvü
(Əkbər Qoşalının “Dərvişin nağılı” və “Dərvişə sual” poemaları üzərinə düşüncələr)
Ədəbiyyatda müəllifin illər sonra öz yaratdığı obraza qayıtması maraqla qarşılanan hadisələrdəndir; əgər həmin qayıdış öncəki mətnin davamı olmayıb, obrazı yeni zamanın, yeni yaşın, yeni düşüncə təcrübəsinin içindən yenidən sorğuya çəkməkdirsə, məsələ daha ciddi ədəbi hadisəyə çevrilir.
Əkbər Qoşalının 2020-ci ildə yazdığı “Dərvişin nağılı” ilə 2026-cı ilin iyun-sentyabr aylarında qələmə aldığı “Dərvişə sual” arasında altı il var. Təqvim üçün altı il böyük zaman sayılmaz. İnsan şüuru, yaradıcılıq keçmişi və xüsusən poetik özünüdərk üçünsə yetərincə ciddi aralıqdır. Doğrusu, bu iki əsəri yanaşı oxuyanda qəribə bir mənzərə yaranır: sanki eyni dərviş altı il yol gedib, gedib və ikinci şeirdə qarşımıza yenidən (və yeni) çıxıb. Ancaq dəyişən yalnız dərvişdirmi? – Onu yaradan şair də dəyişib və bəlkə, əsl müqayisə elə buradan başlamalıdır...
Dərviş kimdir? – Şərq mədəniyyətində dərviş yalnız dini-irfani tip sayılmır. O, böyük bir mədəni arxetipdir. Dərviş sərhəd adamıdır: zahirlə batin, dünya ilə axirət, mülk ilə mələkut (mələklər aləmi), ağılla eşq, evlə yol arasında yaşayır. Onun evi yoldur, sərvəti yoxsulluğu, biliyi isə çox vaxt bilmədiyini bilməsidir. Azərbaycan və ümumtürk mədəni yaddaşında dərviş obrazı həm təsəvvüfün, həm xalq müdrikliyinin, həm ozan-aşıq düşüncəsinin, həm də nağıl-təhkiyə ənənəsinin içindən keçir. Buna görə çağdaş şairin dərvişə müraciəti keçmişə dekorativ qayıdış sayıla bilməz. Dərviş obrazı işləkdirsə, o, çağdaş insanın suallarını daşımalıdır. Əkbər Qoşalının hər iki poemasında belədir. Ancaq iki əsərdə dərvişin funksiyasının eyni olmadığını görürük. “Dərvişin nağılı”nda dərviş yaşayandır. “Dərvişə sual”da dərviş yozandır. Birincidə o, hadisələrin içindən keçir; ikincidə hadisələrin mənasını açır. Bu fərq müəllif poetikasının altı ildə keçdiyi yolu anlamaq üçün əsas açarlardan biridir.
Birinci dərviş: itkidən yola çıxan insan
“Dərvişin nağılı”nın başlanğıcında metafizikadan öncə çox adi, çox da ağır bir insan həqiqəti dayanır: ata-ananın itkisi. Lirik qəhrəman valideynlərinin ölümündən sonra doğma elə bağının qopduğunu hiss edir. Qırx günlük yasın ardınca xirqəni, kəşkülü, əsanı, xəncəri, muncuğu götürərək yola çıxır. Bu məqam mühümdür; çünki burada dərvişlik hazır status kimi götürülməyib – dərvişlik burada itkidən doğur. İnsan dünyadakı ilkin dayaqlarını itirəndən sonra yol başlayır. Beləliklə, poema ənənəvi “qəhrəmanın səfəri” modelini xatırlatsa da, səfərin motivasiyası macəradan uzaq ontoloji boşluqdur. Ata və ana yoxdursa, insanın “ev” anlayışı dəyişir. Ev coğrafi məkandan yaddaş məkanına keçir.
Xirqənin “Nuhdan qalması”, kəşkülün Hinddən gəlməsi artıq fərdi özkeçmişi mədəniyyət tarixinin dərin qatlarına bağlayır. Dərviş bir fərdin ömründən çıxaraq kollektiv yaddaşın daşıyıcısına çevrilməyə başlayır və burada kulturoloji baxımdan maraqlı hadisə baş verir: şəxsi kədər mədəni yaddaşa transformasiya olunur. Əsl mədəniyyət də çox zaman belə yaranmırmı? Doğrudan da, insanın fərdi ağrısı simvola çevriləndə artıq yalnız həmin insana aid olmur.
Yolun birinci mənası: görmək
“Dərvişin nağılı” yol poemasıdır. Lakin yol coğrafi yaxud fiziki parametrlərlə götürülməyib. Dərviş çay nəğməsi toplayır, qaya səsi eşidir, insanlarla rastlaşır, gənc qızdan dərs alır, tarixin müxtəlif çağlarına toxunur. Bilal, Arslan Baba, Yəsəvi, Yunus Əmrə, Mövlanə, Şəms, Nəsimi şeirin zamanına daxil olur. Beləcə, fiziki yol tədricən mədəniyyət zamanına çevrilir. İnsan tarixi oxumur, müəyyən mərhələdən sonra tarix insanı oxumağa başlayır. – Poemanın mühüm fikirlərindən biri budur. Belə bir çevrilmə dərviş obrazının mahiyyətinə uyğundur. Yolun əvvəlində dünyaya baxan subyekt var; yol dərinləşdikcə o özü dünyanın baxış obyektinə çevrilir. – Öncə insan tarixdən keçir; sonra tarix insanın içindən keçir. Bu, “Dərvişin nağılı”nın fəlsəfi baxımdan ən məhsuldar qatlarından biridir.
Gənc qızın dərsi: sayılan sevgi, sayılmayan sevgi
Birinci poemada xüsusi önəm daşıyan epizodlardan biri sevgilisinə alma aparan qızla dağdöşündə görüşdür. Dərviş almaların sayını soruşur. Qızın cavabının mahiyyəti sadədir: insan sevdiyinə verdiyini saymaz. Bu kiçik dialoq dərvişin bütöv irfani təcrübəsindən daha güclü çıxır. O, təsbehin sapını qırır; barmaqlarının əzbər bildiyi muncuqlar yerə tökülür. Burada zahiri zikrlə daxili hal qarşılaşdırılır. – Saymaq ölçüdür. Eşq isə ölçüyə gəlmir. Məhz buna görə dərvişin təsbehi qırması inancdan imtina anlamı daşımır; əksinə, təsbeh qırma mexaniki təkrardan mənəvi dərkə keçiddir. Maraqlıdır ki, 2026-cı ildə yazılan ikinci poemada həmin muncuqlar sanki başqa şəkildə geri qayıdır: “Sualları muncuq kimi yığan dərviş…”
Birinci poemada zikrin muncuqları dağılır, ikinci poemada suallar muncuğa çevrilir. Bu iki mətn arasında bəlkə də ən gözəl daxili körpülərdən biri budur. – Altı il öncə dərviş saymağı dayandırmışdı. Altı il sonra isə sualları saymadan yığmağa başlayır...
İkinci dərviş: yolçudan həmsöhbətə
“Dərvişə sual” tamam başqa intonasiya ilə başlanır. Artıq dərviş öz nağılını danışmır. Kimsə onun qarşısında dayanıb sual verir. Həm də ilk sual metafizik mahiyyətdə deyil: saqqalını yatanda yorğanın üstünə qoyursan, yoxsa altına? Bu, xalq yumorunun və qədim lətifə məntiqinin içindən gələn sualdır; lakin şair həmin məişət paradoksunu bir neçə misra sonra zaman metaforasına çevirir. Dərvişin cavabı cismanilikdən uzaqdır: “Mən onu qoymuşam illərin üstə.” – Bu misra ikinci poemanın poetik səviyyəsini müəyyən edən tapıntılardandır. Saqqal artıq tük yığnağı olmaqdan çıxıb – saqqal zamandır; daha dəqiq desək, zamanın insan bədənində görünən yaddaşıdır. Birinci poemada tarix dərvişin xirqəsinin üstünə yarpaq kimi düşürdüsə, ikinci poemada illər onun saqqalının altında qalır... – Beləliklə, eyni obrazın zamanla münasibəti dəyişir. 2020-ci ilin dərvişi zamanın içindən keçir. 2026-cı ilin dərvişi zamanı öz üzərində daşıyır.
Fil.ü.f.d., şair-publisist Adilə Nəzər Əkbər Qoşalının bu əsərini sadə dildə yazılmış, lakin dərin irfani, fəlsəfi (və insani!) qatları olan kamil bir poetik mətn adlandıraraq, əsərdəki səmimiyyətə, obrazların oynaqlığı və fikrin dərinliyinə diqqət çəkir; həmin səmimiyyət “oxucunu mənəvi bir “yola çıxmağ”a və özünün Dərvişə (məncə, özünə!) suallarını verməyə təhrik edir” deyir. – “Lirik qəhrəman Dərvişə üz tutur, amma verdiyi hər sualın əks-sədası öz içinə qayıdır. Beləcə, Dərviş ayrıca bir obraz olmaqla yanaşı, insanın öz içindəki sorğu, vicdan və hikmət səsinə çevrilir.” – A.Nəzər bunun əsərin bəlkə də ən gizli dialoqu ola biləcəyini vurğulayır.
Yolun ikinci mənası: həqiqəti aldatmaq mümkündürmü?
İkinci poemadakı tərsinə nallanmış at obrazı xalq yaddaşından gələn qədim hiylə motivini çağdaş etik-fəlsəfi metaforaya çevirir. At bir istiqamətə gedir, iz başqa istiqaməti göstərir. Şair bunu insan davranışına keçirir: adam özü bir yana gedə, kölgəsini başqa yana sala bilər. Burada çağdaş insanın mühüm kulturoloji problemi görünür: görüntü ilə mahiyyətin ayrılması.
Virtual çağ bu ayrılığı daha da kəskinləşdirib. İnsan artıq yalnız özü olmaqdan çıxıb; yaratdığı obraz, təqdim etdiyi profil, söylədiyi söz, buraxmaq istədiyi iz də “özünün” bir versiyasına çevrilib. Lakin dərvişin cavabı qısadır: “Yol ayağı tanıyar.” – Bu ifadədə arxaik müdrikliklə çağdaş epistemoloji problem birləşir. İzi saxtalaşdırmaq olar, ayağı yox... Görüntünü dəyişmək olar, mahiyyəti sonsuza qədər dəyişmək mümkünsüzdür...
Qəlbin qapısı: oğurluqla eşq arasındakı sərhəd
“Qəlb oğrusu oğrudurmu?” sualı ilk baxışda söz oyunudur. Dərviş isə etik sərhəd çəkir: könül sındırılıb, qapı qırılıbsa – oğurluqdur; ürək özü açılıbsa – yox. Burada sevginin çox mühüm bir fəlsəfi prinsipi ortaya çıxır: qarşılıqlılıq və azad iradə! Poemanın ən tutumlu ifadələrindən biri də buradadır: “kilidi iç üzdədi.” – Qəlbin qapısını qıraqdan açmaq mümkün sayılmır; bu fikir təsəvvüfi məna daşımaqla yanaşı, çox çağdaş insani məna da qazanır: həqiqi yaxınlıq zəbt deyil, icazədir. Sevgi fəth etməkdən fərqli hadisə – qapının içəridən açılmasıdır. Bu yerdə şairin poemalarına aid olmayan məşhur sözlərindən biri yada düşür: “Ürək bir dəfə fəth olu, sonrakılar işğaldır...”
Gül, su və üçüncü mahiyyət
İkinci poemanın kulturoloji-fəlsəfi baxımdan ən maraqlı bölümlərindən biri “gül suyu” metaforasıdır. Gül güldür, su su... Lakin birləşəndə ortaya nə yalnız gül, nə yalnız su olan yeni mahiyyət çıxır. Burada sadə məişət vasitəsi ontoloji modelə çevrilir. İki varlıq birləşir, hər biri özündən nəyisə verir və nəticədə üçüncü keyfiyyət yaranır. – “Gül öz qoxusunu verib, su – təmiz yaddaşını…”– Bu düşüncəni kulturoloji müstəviyə çıxardıqda çox geniş məna alınır. Mədəniyyətlərin görüşü də belədir, insanların həqiqi görüşü də... Sevgi də, dialoq da... Heç biri sağlam halda tərəflərdən birinin digərini yox etməsi demək olmur; yeni bütövlük yaranır, amma ilkin mahiyyətlərin izi həmin bütövlükdə yaşayır. Şairin “Ah, bütün özgələr belə olsaydı!..” nidaları isə metaforanı şəxsi münasibətlərdən ümumbəşəri münasibətlərə keçirir. – Özgə mənə qarışanda məni məhv etməsin. Mən də özgəyə qarışanda onu yox etməyim. Bu, yalnız eşqin deyil, mədəni dialoqun da etikasıdır.
Uzaqdakı yaxın və yaxındakı uzaq
İndi mədəniyyətin böyük təzadlarından biri məsafə anlayışının dəyişməsidir. Texnologiya coğrafi məsafəni kiçildib, mənəvi məsafəni isə həmişə azalda bilməyib. “Dərvişə sual” bunu sadə qarşılaşdırma ilə ifadə edir: ömür boyu yanında olub uzaq qalan insanlar və arada dənizlər, çöllər olsa da nəfəsi duyulan insanlar. Burada məkan fiziki kateqoriya olmaqdan çıxır. Yaxınlıq – mənəvi iştirakdır. Bu fikir birinci poema ilə də bağlanır. “Dərvişin nağılı”nda ata-ana fiziki dünyadan gedəndən sonra belə yuxuda qayıdır. Deməli, yoxluq həmişə uzaqlıq olmur. İkinci poemada isə uzaqlıq həmişə yoxluq deyil. İki əsərin gizli fəlsəfi körpülərindən biri budur.
2020-dən 2026-ya: nə dəyişib?
İki poema arasında müəllif poetikasında nəzərəçarpacaq dəyişiklik var. Birinci əsər ekstensivdir: çoxlu hadisə, ad, tarixi işarə, yol epizodu, mədəni kod bir mətnə daxil edilir. İkinci əsər daha çox intensivdir: az sayda obraz götürülür, onların mənası dərinləşdirilir. Birinci poemada dünya dərvişin qarşısından keçir. İkinci poemada dünya bir neçə suala sıxılır. Birinci dərviş çox görür. İkinci dərviş gördüklərinin mənasını bilir. Bu, poetik inkişaf baxımından əhəmiyyətlidir. Ancaq məhz burada müəllif üçün tənqidi sual da başlanır. Müəllif öz dərvişindən nəyi soruşmalıdır? Hər iki əsərin gücü onun zəifliyə çevrilə biləcək xüsusiyyətinin də içindədir.
Əkbər Qoşalı aforistik ifadəyə meyillidir. “Yol ayağı tanıyar”, “kilidi iç üzdədi”, “Mən onu qoymuşam illərin üstə” tipli misralar yadda qalır; lakin aforizm poeziyada həm üstünlükdür, həm təhlükə... Çünki fikir həddən artıq tamamlananda şeir oxucuya düşünmək üçün açıq sahə qoymaya bilər. “Mən fikri söyləyirəm, yoxsa obrazın özünün danışmasına imkan verirəm?” – Məncə, şairin gələcəkdə özünə verməli olduğu suallardan biri budur.
İkinci məsələ irfani termin və simvolların istifadəsidir. Xirqə, dərviş, zikr, Haqq, yol, nəfs, təsbeh, eşq kimi anlayışlar yüzillərin böyük poetik yükünü daşıyır. Onları işlətmək şairi avtomatik olaraq irfani poeziyaya daxil etmir; əksinə, bu qədər işlənmiş simvolu yenidən fərdiləşdirmək daha çətin məsələdir. Bu baxımdan hər iki poemada ən uğurlu yerlər məhz ənənəvi simvolun gözlənilməz şəkildə yeniləndiyi məqamlardır: təsbehin qızın bir cümləsindən sonra qırılması; saqqalın illərin üstünə qoyulması; yolun ayağı tanıması; ürək kilidinin içəridə olması; suyun “təmiz yaddaş” kimi təqdim edilməsi. Deməli, müəllifin öz poetikasından çıxarmalı olduğu nəticə də aydındır: ənənəni təkrar etmədən, ənənəyə yeni yaddaş vermək...
Üçüncü məsələ mətnin uzunluğudur. “Dərvişin nağılı”nın bəzi yerlərində poetik təhkiyə genişlənir, assosiativ sıralar çoxalır. Bunun öz dastançılıq nəfəsi vardır, lakin çağdaş oxu təcrübəsi baxımından hər epizodun ümumi fəlsəfi yükə eyni dərəcədə xidmət edib-etmədiyini müəllif yenidən soruşa bilər. İkinci poemada bu baxımdan daha yüksək poetik qənaət müşahidə olunur. Deməli, altı ildə yalnız dərviş qocalmayıb, şair (yaxud şeir) də artıq sözə daha qənaətlə yanaşmağa başlayıb.
Bəs dərviş müəllifin özüdürmü? Ən təhlükəli suallardan biri budur. Bioqrafik tənqid asanlıqla “dərviş şairin özüdür” nəticəsinə gələ bilər. Məncə, bu, natamam yanaşma olardı. Dərvişdə müəllifdən parçalar olsa da... yaxşı poetik obraz müəllifindən böyükdür. O, yazıldıqdan sonra müstəqil semantik həyata başlayır. Bununla belə, iki poema birlikdə oxunduqda müəlliflə obraz arasında maraqlı münasibət görünür. Birinci poemada müəllif dərvişin içindən danışır. İkinci poemada isə sanki öz yaratdığı dərvişi qarşısına oturdub ondan soruşur. Bu, artıq poetik özünütənqid mexanizmidir. Şair öz obrazından məsafə ala bilirsə, özündən də məsafə almağa başlayır. Yazar öz mətninə yad bir oxucu kimi də baxa bilməlidir. – Ədəbiyyatda kamilləşmənin mühüm şərtlərindən biri məhz budur.
Düz cavabın təhlükəsi
İkinci poemanın finalı hər iki əsərin fəlsəfi açarı sayıla bilər:
“Düz cavabı axtaranlar bir gün, əlbət, dayanar.
Düz sualı axtaransa ömrü boyu yol gedər…”
Burada dərviş öz müdrikliyini mütləqləşdirmir. Əksinə, öz cavabını da keçici edir. Bu, çox mühüm məqamdır; çünki həqiqi fəlsəfə cavab istehsal edən maşın deyil; fəlsəfə sualın keyfiyyətini yüksəldən düşüncə hadisəsidir. Mədəniyyət də belədir. Mədəniyyət yalnız əcdadların verdiyi cavabların muzeyi olsaydı, çoxdan daşlaşardı; o yaşayırsa, hər nəsil öncəki cavablara yeni sual verdiyi üçün yaşayır. Bu mənada 2020-ci ilin “Dərvişin nağılı” ilə 2026-cı ilin “Dərvişə sual”ı arasında münasibət təkcə iki poema arasındakı münasibət kimi götürülməməlidir. Birincisi müəyyən cavablar gətirir. İkincisi həmin cavabların özünü sorğuya çəkir. Və şairin yaradıcılıq inkişafı üçün ən sağlam istiqamət də, görünür, elə budur. Bəs belə bir müqayisə nə üçün gərəklidir? – Öncə müəllifin özü üçün. Yaradıcı insanın ən böyük təhlükələrindən biri öz uğurlu üslubunun əsirinə çevrilməsidir. – Bir zamanlar tapdığı intonasiya, obraz sistemi, metafora quruluşu, hətta oxucunun sevdiyi ifadələr zamanla onun yaradıcılıq rahatlığına çevrilə bilər. Özünütənqid həmin rahatlığı pozur. Müəllif özündən soruşmalıdır: 6 il öncə deyə bilmədiyim nəyi bu gün deyə bilirəm? 6 il öncə necə dediyimi indi də eyni cür deyirəmsə, bu mənim üslubumdur, yoxsa təkrarçılığım? Obrazlarım inkişaf edir, yoxsa yalnız başqa mətnlərə köçür? Mən dərvişi danışdırıram, yoxsa dərviş artıq məni danışdırır? Bu sualların cavabı müəllifi kiçiltmir; əksinə, yaradıcılığın növbəti mərhələsini mümkün edir. Ədəbiyyatşünaslıq da məhz buna görə lazımdır. Belə demək mümkünsə, tənqid şairin qarşısına qiymət yazılmış güzgü tutmamalıdır. O, müəllifin özünün görə bilmədiyi tərəfləri göstərən ikinci baxış olmalıdır. Yaxşı tənqid “bu əsər gözəldir” deməklə bitmir. “Bu əsər hara gedir?” deyə soruşur...
Nağıldan suala
“Dərvişin nağılı”nın dərvişi ata-ana itkisindən yola çıxmışdı. “Dərvişə sual”ın dərvişi artıq illərin üstünə saqqalını qoymuş adamdır. Birinci poemada onun əlində təsbeh vardı; sonra muncuqları dağıldı. İkinci poemada qarşısında suallar var; bu dəfə həmin suallar muncuq kimi yığılır. Öncəki əsərdə o, yolu gedirdi; ikinci əsərdə artıq... yolu aldatmaq olmur, “Yol ayağı tanıyar.” Lakin ikinci poemanın ən mühüm nəticəsi bundan da o tərəfə keçir. Dərviş axırda sual verənə deyir ki, mənim cavabımın ardınca getmə – öz sualını özünə ver. Bəlkə, bu iki poemanın birlikdə yaratdığı ən böyük məna elə budur.
Türk dünyası ədəbiyyatına misilsiz xidmətləri, zəngin yaradıcılığı və ortaq mədəni yaddaşımıza verdiyi töhfələrlə seçilən Əkbər Qoşalı mənim üçün dəyərli bir şair və ziyalı olmaqla yanaşı, düşüncəsinə, sözünə və mənəvi dünyasına sayğı duyduğum dəyərli xocamdır.
Xocam, qələminizin işığı, sözünüzün hikməti və Turan ünvanlı ədəbi missiyanız daim var olsun!
Bəzən şair sözlə yol açır, bəzən yaratdığı obrazla insanı özünə qaytarır. Siz isə dərvişin yolu ilə oxucunu həm yaddaşa, həm idraka və də özünüdərkə səsləyirsiniz.
Sayğılarla…
Qaynaqlar:
https://www.bayraqdar.info/2021/04/01/%C9%99kb%C9%99r-qosalidan-d%C9%99rvisin-nagili
https://edebiyyatqazeti.az/news/poeziya/14914-yollar-gerek-qutlu-olsun
https://www.turkustan.az/news/authors/152936