Icma.az, futbolpress-az saytına istinadən bildirir.
Qırğızıstanın “Ozqon” klubunda çıxış edən Ramin Əhmədovun “Futbolpress.az“a müsahibəsi:
– Qırğızıstan karyeran necə gedir?
– Ümumilikdə yaxşıdır. Həm oyun, həm də həyat baxımından çox şey öyrənmişəm. Hazırda “Ozqon” da oynayıram komandamızla birlikdə qarşıya qoyduğumuz məqsədlər uğrunda mübarizə aparırıq. Stabil oynuyub komandama maksimum fayda vermək istəyirəm.
– Artıq iki ildir, oradasan. Azərbaycandan təklif olmur, ya özün qayıtmırsan?
– Təkliflərim var idi sadecə karyeramla bağlı qərar verərkən mənim üçün ən vacib məsələ oynamaq və inkişaf etməkdir. Qırğızıstanda özümü göstərmək üçün imkanım oldu, burada stabil oynadım. Burda artıq məni tanıyırlar və ona görə 2-ci ilimdədə burada qaldım.
– Milli komandadan da kənarda qalmısan. Stabil oynamağına baxmayaraq dəvət almırsan. Səncə, səbəb nədir?
– Milli komandada oynamaq hər bir azərbaycanlı futbolçunun ən böyük arzularından biridir. Mən də bunun üçün çalışıram hər oyunda özümü yaxşı tərəfdən göstərib səviyyəmi daha da yüksəltməliyəm. Qərarı isə milli komandanın məşqçilər heyəti verir və mən onların qərarına hörmətlə yanaşıram. Dəvət gəlsə, Azərbaycan millisinin formasını böyük qürurla geyinərəm.
– Qırğızıstan çempionatı ilə Azərbaycan Premyer Liqasını necə müqayisə edərdin?
– İki çempionatın özünəməxsus fərqləri var. Azərbaycan Premyer Liqasında futbolun tempi və rəqabət daha yüksəkdir, həmçinin klubların imkanları və infrastrukturu daha fərqlidir. Qırğızıstan çempionatında isə fiziki mübarizə və sürət ön plandadır. Burada keçirdiyim iki ildə yaxşı təcrübə qazandım və düşünürəm ki, bu, başqa liqalarda mənə çox kömək edəcək.
– Karyeranla bağlı planların nədir?
– Hazırda əsas məqsədim mövsümü yaxşı başa vurmaq və komandamla qarşıya qoyduğumuz hədəflərə çatmaqdır. Mövsümdən sonra isə bütün variantları dəyərləndirəcəyəm. Azərbaycandan, Qırğızıstandan və ya başqa ölkədən yaxşı təklif olsa, baxacağam. Mənim üçün əsas olan düzgün layihə və inkişaf edə biləcəyim mühitdir. Əlbəttə daha yüksək səviyyəli çempionatda oynamaq və Azərbaycan millisinin formasını geyinmək istiyirəm.
Şahin Cəfərov