sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Zirə"nin kapitanı Qismət Alıyevin Sport24.az-a müsahibəsi
- Misli Premyer Liqasının XVIII turunun oyununda evdə "Sabah"a 1:3 hesabı ilə uduzdunuz. Məğlubiyyətə səbəb nə oldu?
- Bu rəqibə qarşı çox yaxşı hazırlaşmışdıq. Bilirdik ki, çempionatın lideri ilə oynayacağıq. Matç həm biz, həm də "Sabah" üçün çox vacib idi. Meydana istəkli də çıxmışdıq. Bəlkə də öncədən analiz etdiyimiz şeylərdən qollar buraxmadıq. Başlayan kimi iki istəmədiyimiz və gözləmədiyimiz qollar buraxdıq. Deyiləcək bir şey yoxdur. Bu oyunu yaddan çıxaracağıq. Qarşıda bizi kubok və çempionat görüşü gözləyir.
- "Sabah"a ilk matçda da uduzmuşdunuz. Bu rəqiblə başabaş oynaya bilməməyinizin səbəbi nədir?
- Başabaş söhbəti deməzdim. Bizim də 0:2 və 0:3-də də yaxşı qol imkanlarımız var idi. Sadəcə olaraq, təəssüf ki, onlardan istifadə edə bilmədik. Özü də gözləmədiyimiz anlarda elə futbolçular qollar vurdu ki...Bəlkə də hücumameyilli futbolçular vursaydı, başqa cür olardı. Deyiləcək çox şey yoxdur. Sadəcə onu deyim ki, digər komandalara qarşı necə hazırlaşırıqsa, "Sabah"a qarşı da elə hazırlaşmışdıq. Qarşıda onlarla bir oyunumuz da qalıb. Səhvlərin üzərində işləyib, 3-cü matçda qələbə qazanmağa çalışacağıq.
- Növbəti matçınız kubokda, sonra da çempionatda elə "Sumqayıt"a qarşıdır. Onlar da avrokuboklara iddialıdır. Bu matçlardan gözləntiniz nədir?
- Birinci kubokda oynayacağıq. Kubok görüşü də, liqa matçı da bizim üçün önəmlidir. Kubok Avropa Liqasına yollanmaq şansını artırır. Hər ikisi yaxşı oyun olacaq. "Sumqayıt" da avrokuboklar üçün oynayan komandalardandır, heyətlərində yaxşı futbolçular var. Son görüşdə də yaxşı qələbə qazandılar. Biz "Sabah"a məğlubiyyəti unudub, elə "Sumqayıt"la öncə kubok görüşünə hazırlaşacağıq. O qarşılaşmaya fokuslanacağıq.
- Çempionat yolu ilə avrokuboklara çox komanda iddia edir. Səncə, kubokdan, yoxsa liqadan daha rahatdır?
- Məncə, ilk növbədə çempionat matçları önəmlidir. Liqada yer tutduqdan sonra avrokuboklara yollana bilirsən. Bəlkə də kubokda heç bir komandada belə şey baş verməmişdi. "Neftçi" ilə mübarizəyə başladıq, sonra iki oyun "Sumqayıt"a qarşı olacaq... Biz "Sumqayıt"ı keçəriksə, "Turan Tovuz" - "Kəpəz" cütünün qalibi düşəcək. Heç bir oyun üçün deyə bilmirik ki, rəqib asandır, bu komandaya qarşı kubokda rahat olacaq. Hamısı çətin, ağır görüşlər olacaq. Hazırlaşmaq lazımdır.
- "Sabah"la görüşünün sonunda zədələndin. Vəziyyətin necədir?
- Əvvəlki zədəm idi, onun üstündə burxulma oldu. İndi normalam. Həkimlər nəzarət edəcək. Növbəti oyuna hazırlaşacağıq. Ümidvaram ki, hər şey yaxşı olacaq və növbəti görüşlərdə uğurlu nəticə qazanarıq.