Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Son günlər havanın qeyri-sabit keçməsi, temperaturun qısa müddət ərzində gah yüksəlməsi, gah da aşağı düşməsi insanların sağlamlığı ilə bağlı narahatlıqları artırır. Mövsümə uyğun olmayan hava dəyişiklikləri orqanizmin ətraf mühitə uyğunlaşmasını çətinləşdirir.
Xüsusilə temperatur fərqlərinə həssas olan insanlarda bu dəyişikliklər müxtəlif sağlamlıq problemlərinin yaranmasına və mövcud xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər. Bəs qeyri-sabit hava şəraiti insan orqanizminə necə təsir edir?
Həkim-terapevt Rasif Bağırov “Cebheinfo.az”a bildirib ki, temperaturun gah yüksəlməsi, gah da aşağı düşməsi sağlam insanlarda ciddi problemlər yaratmır:
“Xroniki xəstələrdə isə kifayət qədər narahatlıqlar yaradır. Xroniki xəstələrin, xüsusilə də adaptasiya qabiliyyətləri yaxşı olmadığına görə, belə hava dəyişiklikləri zamanı problemlər yaranır.
Məsələn, təzyiq xəstələrində arterial təzyiq yüksələ bilər, yaxud ürək-damar xəstəliklərindən əziyyət çəkənlərdə müəyyən narahatlıqlar yarana bilər. Temperaturun qəfil düşməsi zamanı orqanizmin adaptasiya qabiliyyəti kifayət qədər olmadıqda, immun sistemi zəif olan insanlarda da yuxarı tənəffüs yollarının xəstəlikləri yarana bilər. Havanın tez-tez dəyişməsi zamanı bütün xəstəliklər kəskinləşə bilər”.
Həkim qeyd edib ki, buna görə də insanlar gündəlik həyat tərzlərini hava temperaturuna uyğun tənzimləməlidirlər. Əks halda, müəyyən narahatlıqlar meydana çıxa bilər.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin