Icma.az, 525.az portalına istinadən məlumat verir.
Natiq QULİYEV
Bakı Dövlət Universitetinin dosenti, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü
Azərbaycanla Ermənistan arasında sülh prosesinin davam etdiyi bir vaxtda tarixi irs və mədəniyyət məsələlərinin siyasi mübahisə predmetinə çevrilməsi təəssüf doğurur. Son günlər Azərbaycanda akkreditə olunmuş xarici diplomatların Qarabağa və Şərqi Zəngəzura səfəri ətrafında Ermənistanda səslənən fikirlər də bu baxımdan ciddi suallar yaradır. Xüsusən tarixi-mədəni irslə bağlı qarşılıqlı ittihamların yenidən gündəmə gətirilməsi göstərir ki, iki ölkə arasında etimad mühitinin formalaşdırılması hələ də asan məsələ deyil.
Azərbaycan və Ermənistan xalqları uzun illər davam edən münaqişənin ağır nəticələrini yaşayıblar. Bu səbəbdən sülh prosesinin əsas məqsədlərindən biri keçmişin mübahisələrini gələcək qarşıdurmaların səbəbinə çevirməmək, əksinə, onları qarşılıqlı dialoq və tarixi həqiqətlərin araşdırılması yolu ilə həll etmək olmalıdır. Bu baxımdan tarixi abidələrin mənsubiyyəti ilə bağlı yersiz və əsassız iddiaların siyasi ritorikaya çevrilməsi sülhə xidmət etmir.
Xüsusilə Gəncəsər məbədi ətrafında yaranmış mübahisə diqqət çəkir. Azərbaycan tərəfi məbədi Qafqaz Albaniyasının xristian irsi ilə əlaqələndirir, Ermənistan tərəfi isə onu erməni irsinin mühüm nümunəsi hesab edir. Son günlər Ermənistanın baş naziri Nikol Paşinyanın da Gəncəsərin mənşəyi ilə bağlı Ermənistan tərəfinin mövqeyinin artıq ifadə edildiyini bildirməsi göstərir ki, məsələ tarixi irslə bağlı mübahisələrin yeni mövzusuna çevrilib.
Belə bir vəziyyətdə siyasi xadimlərin üzərinə xüsusi məsuliyyət düşür. Çünki tarix və mədəniyyət məsələləri ilə bağlı səsləndirilən hər bir fikir cəmiyyətlərdə onsuz da mövcud olan həssas münasibətlərə təsir göstərə bilər. Uzun illər davam etmiş münaqişədən sonra sülhə ehtiyacı olan Azərbaycan və Ermənistan xalqlarının qarşısında yeni düşmənçilik zəminləri yaratmaq deyil, mövcud fikir ayrılıqlarını sivil və elmi müstəvidə müzakirə etmək vəzifəsi dayanır.
Tarixi irslə bağlı mübahisələr yalnız Gəncəsərlə məhdudlaşmır. İrəvanın və indiki Ermənistan ərazisinin tarixi-mədəni irsi də Azərbaycan cəmiyyətində ciddi müzakirə olunan məsələlərdəndir. Tarixi mənbələr də təsdiqləyir ki, Qacar dövründə İrəvan mühüm türk-müsəlman şəhərlərindən biri olmuş, şəhərdə 8-9 məscid fəaliyyət göstərmişdir. Lakin bu dini-memarlıq irsinin böyük hissəsi sonrakı dövrlərdə məhv edilmişdir.
Azərbaycanın Qarabağ bölgəsindəki dini və mədəni abidələrin taleyi də uzun illərdir ciddi narahatlıq doğuran məsələlərdən biridir. İşğal dövründə məscidlərin və digər dini-mədəni obyektlərin dağıdılması ilə bağlı çoxsaylı faktlar mövcuddur. Bu abidələrin vəziyyəti Azərbaycan cəmiyyətində haqlı olaraq ciddi narahatlıq yaradıb. Eyni zamanda, tarixi irsin qorunması məsələsinə yanaşma qarşılıqlı olmalıdır: bir tərəfin öz irsi ilə bağlı narahatlığının digər tərəfin irsinə münasibətdə eyni həssaslıqla müşayiət olunması sülh üçün daha sağlam zəmin yarada bilər.
Təəssüf ki, bu gün də tarix və mədəniyyət məsələləri siyasi ritorikanın alətinə çevrilir. Halbuki tarixi abidələrin kimə məxsus olması ilə bağlı mübahisələrin həlli emosional bəyanatlarla deyil, elmi araşdırmalar, ilkin mənbələr və beynəlxalq mütəxəssislərin iştirakı ilə aparılan obyektiv tədqiqatlar əsasında mümkün ola bilər.
Sülh yalnız sənəd imzalamaqdan ibarət deyil. Sülh həm də qarşı tərəfin tarixinə, mədəniyyətinə və milli yaddaşına hörmətlə yanaşmağı tələb edir. Bir tərəfdən sülhdən danışıb, digər tərəfdən qarşı tərəfin tarixi və mədəni irsinə dair onun qəbuledilməz hesab etdiyi iddiaları səsləndirmək cəmiyyətlər arasında etimadın formalaşmasını çətinləşdirir.
Azərbaycanın mövqeyi də bundan ibarətdir ki, ölkənin ərazi bütövlüyü və milli-mədəni irsi məsələsinə güzəştsiz yanaşma qorunmalıdır. Prezident, Ali Baş Komandan İlham Əliyevin müxtəlif çıxışlarında səsləndirdiyi “Dəmir yumruq” mesajı da Azərbaycanın təhlükəsizlik və ərazi bütövlüyü məsələsində mövqeyinin dəyişməzliyini ifadə edir. Bu mövqe Azərbaycanın təhlükəsizlik məsələlərində mövqeyinin ciddiliyini göstərən xəbərdarlıq kimi qiymətləndirilə bilər.
Əgər Azərbaycan və Ermənistan arasında həqiqi və davamlı sülhün əldə olunması qarşıya məqsəd qoyulubsa, bunun yolu tarixi mübahisələri yenidən siyasi qarşıdurma predmetinə çevirməkdən deyil, bu məsələlərə daha məsuliyyətli yanaşmaqdan keçir. Xalqların gələcəyini keçmişin mübahisələri üzərində deyil, qarşılıqlı hörmət, etimad və dinc yanaşı yaşamaq prinsipləri üzərində qurmaq lazımdır.