Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşkilatçılığı, Medianın İnkişafı Agentliyinin və Azərbaycan Mətbuat Şurasının tərəfdaşlığı ilə “Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi” mövzusunda ictimai müzakirə keçirilib.
APA xəbər verir ki, tədbirin məqsədi dezinformasiyanın qlobal, regional və milli səviyyələrdə yaratdığı çağırışların müzakirəsi və bu təhdidlərə qarşı birgə yanaşmaların dəyərləndirilməsi olub.
Forumun İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib ki, Dünya İqtisadi Forumunun “Qlobal Risklər Hesabatı”nda dezinformasiya 2026-cı il üçün həm Azərbaycan, həm də qlobal miqyasda əsas risklərdən biri kimi göstərilib.
Onun sözlərinə görə, dezinformasiya ictimai sabitliyi və dövlət-vətəndaş münasibətlərini hədəfə alan sistemli təhlükəyə çevrilib və bu baxımdan vətəndaş cəmiyyətinin rolu xüsusilə vacibdir.
Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli qeyd edib ki, dezinformasiya təhdidləri əsasən sosial media üzərindən yayılır və bu prosesə qarşı mübarizədə media savadlılığı ilə ictimai sayıqlıq mühüm rol oynayır.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid vurğulayıb ki, media subyektlərinin “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na riayət etməsi dezinformasiyaya qarşı mübarizədə mühüm əhəmiyyət daşıyır və bu prinsiplər sosial media fəallarına da müsbət təsir göstərə bilər.
İctimai müzakirə çərçivəsində keçirilən tematik sessiyalarda süni intellektlə yaradılan saxta kontent riskləri, QHT-lərin maarifləndirmə fəaliyyəti, hibrid təhdidlər və dezinformasiyanın regional təsirləri müzakirə olunub.