“Dezinformasiya siyasətinə qarşı mübarizə hər bir fərdin məsuliyyətidir”

25.01.2026

Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Davos İqtisadi Forumundan əvvəl açıqlanan 2026-cı il üçün qlobal risklər hesabatında  əsas təhlükə yeni rəqabət dövründə geosiyasi və iqtisadi risklərin artması ilə bağlıdır. Görünən budur ki,  növbəti iki ildə qeyri-sabitlik proqnozlaşdırılır. Belə ki, geoiqtisadi rəqabət və iqtisadi silahlanma, dövlətlərarası münaqişələr, regional qeyri-sabitlik, beynəlxalq əməkdaşlığın zəifləməsi, texnologiya-əsaslı risklər,iqtisadi qeyri-sabitlik qlobal problemlər sırasında olacaq.

Feyk xəbərlər və dezinformasiya ikiillik proqnozda ikinci yerdədir.Ölkəmiz üçün 2026-cı il hesabatında da yer alan əsas risklər kibertəhlükəsizlik, yanlış məlumat və dezinformasiyadır.Azərbaycan əslində uzun illərdir məqsədli dezinformasiya kampaniyalarının hədəfidir. 30 ilə yaxın davam edən işğal dövründə olduğu kimi, post-münaqişə dövründə də bu çirkin kampaniya davam edir. Mütəmadi olaraq insan hüquqları və demokratiya bəhanəsilə ölkəmizə qarşı qara piar kampaniyası aparılır. Məqsədli şəkildə ölkəmizə qarşı faktların təhrif edilməsi, sosial şəbəkələrdə troll şəbəkələrinin aktivləşməsi, xarici mediada qərəzli məqalələrin yayılması kimi vasitələrə əl atılır. Təəssüf ki, bu prosesdə antimilli ünsürlərdən alət kimi istifadə olunur. Ölkə hüdudlarından kənarda “bloger” adı altında fəaliyyət göstərən milli satqınlar  kommersiya maraqları naminə dövlətçilik maraqlarını qurban verirlər. Ümumiyyətlə, xarici qərəzli mərkəzlər üçün antimilli qüvvələr ən rahat alətdir. Onlardan mütəmadi şəkildə bu və ya digər formada maşa kimi istifadə olunur.

Bu cür dezinformasiya Azərbaycanın beynəlxalq nüfuzuna və milli maraqlarına zərər vurmağı hədəfləyir.
Ölkəmizi hədəf alan dezinformasiya siyasətinə qarşı mübarizə zəruridir. Bu, ilk növbədə milli təhlükəsizliyin qorunması üçün vacibdir. Beynəlxalq ictimaiyyətə obyektiv həqiqətlərin çatdırılması təmin olunmalıdır.

Burada media savadlılığının artırılması, beynəlxalq media və platformalarla əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.
Dezinformasiya XXI əsrin ən təhlükəli “silah”larından biridir. Ona qarşı mübarizə yalnız dövlətin deyil, medianın, vətəndaş cəmiyyətinin və hər bir fərdin məsuliyyətidir.

Könül Nurullayeva,

Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью