“DH Volley”in voleybolçusu: “LKS ilə matç mənim üçün xüsusi əhəmiyyət daşıyır”

11.11.2026

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

CEV Çelenc Kubokunun 1/16 final mərhələsində Polşanın LKS komandası ilə oyun Azərbaycan təmsilçisi “DH Volley” voleybol komandasının üzvü Nataliya Qayevska üçün xüsusi əhəmiyyət daşıyır.

32 yaşlı oyunçu Lodz şəhərində keçiriləcək qarşılaşma haqqında fikirlərini bölüşüb.

“Bu matç mənim üçün xüsusidir, çünki hamının bildiyi kimi, Polşadanam. Bu, oyuna əlavə şəxsi hiss qatır. LKS bu mövsüm çox güclüdür. Düzünü desəm, bəzən arzulayıram ki, kaş onlarla ötən il qarşılaşaydıq, çünki o vaxt bu bir qədər asan sınaq olardı. Onlar yaxşı təşkilatlanmış kollektivdir və həqiqətən keyfiyyətli oyun nümayiş etdirirlər. Polşa çempionatını da yaxından izləyirəm, buna görə də rəqibin oyun üslubunu bilirəm. Lakin məşqlərdə göstərdiyimiz oyunu matçlara daşıya bilsək, yaxşı rəqabət apara biləcəyimizə inanıram. Çox gərgin və həyəcanlı matç olacağına ümid edirəm”, - deyə o report.az-a açıqlamasında bildirib.

Polşalı voleybolçu əvvəlki mərhələdə Danimarkanın “Holte IF” klubuna qarşı keçirdikləri matçlara da toxunub:

“Qələbə qazanmağımıza və növbəti raunda adladığımıza görə çox şadam. Bu, həqiqətən asan oyun olmadı. İtirəcəkləri bir şeyin olmadığını görə bilərdiniz, buna görə də xüsusən ötürmələrdə çox risk etdilər və müəyyən məqamda bu risk öz bəhrəsini verdi. Bununla belə, diqqətimizi cəmləyə bildik, sonadək mübarizə aparıb oyunu müsbət nəticə ilə bitirdik. Düşünürəm ki, güclü komanda olduğumuzu da göstərdik. Rəqibdən nə gözləyəcəyimizi daha yaxşı başa düşürdük və oyuna daha effektiv nəzarət etməyi bacardıq”.

N.Qayevska komandanın qarşısına qoyulan məqsəddən və hazırlıq prosesindən də söz açıb:

“Mümkün olan ən yaxşı nəticəni əldə etmək istəyirik. Böyük potensiala malik olduğumuza inanıram. Avropadakı ilk matçlarımız xüsusilə çətin keçdi, çünki Polşadan fərqli olaraq, Azərbaycan liqası hələ başlamamışdı. Bizim üçün bu, praktiki olaraq birlikdə ilk rəsmi oyunumuz idi, buna görə də ritm tapmaq və meydançada bir-birimizi daha yaxşı tanımaq üçün zamana ehtiyacımız var idi. Önümüzdəki ayı yaxşı dəyərləndirsək, məşqlərdə çalışmağa davam etsək və daxili liqanın ritminə düşsək, daha da güclü komandaya çevrilə bilərik. Bir şey dəqiqdir: asanlıqla təslim olmayacağıq. Həm Bakıda, həm də Polşadakı cavab matçında sonadək mübarizə aparacağıq”.

Qeyd edək ki, “DH Volley” CEV Çelenc Kubokunun 1/16 final mərhələsindəki oyunları dekabrda keçiriləcək.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью