Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Müasir dünyanın ən böyük ehtiyaclarından biri xalqlar arasında qarşılıqlı anlaşmanın, etimadın və sülhün möhkəmləndirilməsidir. Müxtəlif regionlarda münaqişələrin, dini və etnik zəmində qarşıdurmaların yaşandığı bir dövrdə mədəniyyətlərarası dialoq təkcə fikir mübadiləsi deyil, həm də ortaq gələcəyin qurulması üçün mühüm vasitədir. Azərbaycanın ev sahibliyi etdiyi VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu məhz bu ali məqsədə xidmət edən beynəlxalq platforma kimi diqqət çəkir.
2026-cı il oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən Forum dünyanın müxtəlif ölkələrini təmsil edən siyasətçiləri, dövlət və hökumət nümayəndələrini, beynəlxalq təşkilatların təmsilçilərini, alimləri və ictimaiyyət nümayəndələrini bir araya gətirib. Tədbirdə 100-dən artıq ölkədən 500-dən çox xarici qonaq olmaqla, 2000-dən artıq iştirakçı qeydiyyatdan keçib. Bu geniş təmsilçilik Azərbaycanın təşəbbüsü ilə formalaşan dialoq platformasının beynəlxalq əhəmiyyətini bir daha təsdiqləyir.
Forumun əsası 2011-ci ildə qoyulub və iki ildən bir keçirilən bu mötəbər tədbir zaman keçdikcə qlobal problemlərin müzakirəsi üçün nüfuzlu məkana çevrilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə başlanan “Bakı Prosesi” isə müxtəlif mədəniyyətlərin və sivilizasiyaların nümayəndələri arasında əməkdaşlığın inkişafına mühüm töhfə verib. BMT-nin Sivilizasiyalar Alyansı və digər beynəlxalq tərəfdaşların dəstəklədiyi bu təşəbbüs Azərbaycanın dünyada dialoq və anlaşma ənənələrinin möhkəmləndirilməsinə verdiyi töhfənin ifadəsidir.
VII Forumun açılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında ölkəmizin tarixi multikulturalizm ənənələrinə, xalqlar və dinlər arasında qarşılıqlı hörmətə, həmçinin beynəlxalq əməkdaşlığın vacibliyinə diqqət çəkib. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan əsrlər boyu Avropa ilə Asiya arasında mədəniyyət körpüsü olub. Bu gün də ölkəmizdə müxtəlif xalqların və dini icmaların nümayəndələri sülh və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Bu reallıq göstərir ki, multikulturalizm Azərbaycan üçün sadəcə bir anlayış deyil, xalqımızın həyat tərzinin və milli dəyərlərinin ayrılmaz hissəsidir.
Forumun əhəmiyyəti yalnız müxtəlif ölkələrin nümayəndələrini bir araya gətirməklə məhdudlaşmır. Burada mədəniyyətlərarası və dinlərarası münasibətlər, sülhün qorunması, gənclərin rolu, rəqəmsal gələcək və süni intellekt kimi müasir dünyanın aktual məsələləri də müzakirə olunur. Əsas məqsəd fərqlilikləri qarşıdurma səbəbinə deyil, qarşılıqlı zənginləşmə və əməkdaşlıq imkanına çevirməkdir. Çünki davamlı sülh yalnız siyasi razılaşmalarla deyil, xalqlar arasında etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsi ilə mümkündür.
Azərbaycanın belə mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin artan nüfuzunu, sülhə və əməkdaşlığa əsaslanan siyasətini nümayiş etdirir. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan öz tarixi təcrübəsi, tolerantlıq ənənələri və beynəlxalq təşəbbüsləri ilə fərqli mədəniyyətləri birləşdirən etibarlı tərəfdaş kimi çıxış edir.
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bir daha sübut edir ki, dünyanın gələcəyi qarşıdurmada deyil, anlaşmada, ayrı-seçkilikdə deyil, qarşılıqlı hörmətdə, təcriddə deyil, əməkdaşlıqdadır. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi təşəbbüslər isə daha təhlükəsiz, ədalətli və sülhsevər dünyanın qurulmasına xidmət edir.
Sərxan Rəhimov
YAP Sədərək rayon təşkilatının fəal üzvü