Icma.az, Moderator.az saytına istinadən bildirir.
Madridin “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone İspaniya futbol çempionatında qələbə sayına görə yeni rekorda imza atıb.
Moderator.az xəbər verir ki, argentinalı mütəxəssis La Liqanın XIII turunda “Xetafe” üzərində səfərdə qazanılan 3:0 hesablı qələbədən sonra bu nailiyyətə yiyələnib.
Bu, Simeonenin İspaniya çempionatında baş məşqçi kimi 345-ci qələbəsi olub. O, 344 qələbəsi olan əfsanəvi ispaniyalı mütəxəssis Luis Araqonesi geridə qoyub.
Simeone bu nəticəyə 567, Araqones isə 756 oyunda nail olub.
56 yaşlı argentinalı mütəxəssis 2011-ci ildən “Atletiko”ya rəhbərlik edir. Onun rəhbərliyi altında Madrid təmsilçisi iki dəfə İspaniya çempionu (2014, 2021), bir dəfə ölkə kubokunun (2013) və Superkubokunun (2014) qalibi olub.
Bundan başqa, “Atletiko” Simeonenin rəhbərliyi altında iki dəfə UEFA Avropa Liqasını (2012, 2018) və UEFA Superkubokunu (2012, 2018) qazanıb, iki dəfə isə Çempionlar Liqasının finalına yüksəlib (2014, 2016).