Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Səhər yeməyinin oyandıqdan bir-iki saat sonra yeyilməsi tövsiyə olunur.
Redaktor.az “Health” nəşrinə istinadla xəbər verir ki, bunu dietoloq Merve Ceylan bildirib.
Onun sözlərinə görə, oyandıqdan dərhal sonra yemək enerji ehtiyatlarını bərpa etməyə kömək edir və maddələr mübadiləsini tənzimləyən daxili bioloji saatın fəaliyyətini qoruyur. Bundan əlavə, səhər saatlarında orqanizm insulinə daha həssas olur və qanda qlükoza səviyyəsini daha yaxşı tənzimləyir.
Mütəxəssis qeyd edib ki, 7 mindən çox insanın iştirak etdiyi araşdırma gec səhər yeməyinin qan şəkərinin yüksəlməsi və insulin müqaviməti ilə əlaqəli olduğunu göstərib.
Ceylan əlavə edib ki, səhər yeməyi üçün optimal vaxt insanın yuxu rejimindən, fərdi xüsusiyyətlərindən və sağlamlıq vəziyyətindən asılı olaraq dəyişə bilər.
Dietoloqun sözlərinə görə, bəzən səhər yeməyini buraxmaq zərərli deyil. Lakin bu vərdişin müntəzəm hal alması piylənmə, 2-ci tip diabet və ürək-damar xəstəlikləri riskini artıra bilər.
Aytəkin TOFİQQIZI