Dietoloqdan Razi Nurullayevə Düzgün deyil

29.01.2026

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev şəxsi qidalanma vərdişləri ilə bağlı açıqlama verib. O, xüsusi tibbi pəhriz saxlamadığını, lakin sadə və ölçülü qidalanmağa üstünlük verdiyini bildirib. Deputat qeyd edib ki, gündə cəmi bir dəfə və az miqdarda yemək yeməyə çalışır, əsasən ev yeməklərinə üstünlük verir və şirin qazlı içkilərdən tamamilə uzaq durur.
Bu barədə Demokrat.az-a açıqlamasında dietoloq Ceyhunə Yusifova bildirib ki, gündə bir dəfə qidalanma sağlam və uyğun hesab edilmir:
“İnsan orqanizmi gün ərzində davamlı şəkildə enerji, vitamin, mineral və zülala ehtiyac duyur. Bu ehtiyacların hamısını tək bir öyünlə qarşılamaq isə əksər hallarda mümkün olmur. Gündə bir dəfə qidalanma metabolizmanın yavaşlamasına, qan şəkərinin kəskin şəkildə düşməsinə, halsızlıq, başgicəllənmə və əsəbilik kimi halların yaranmasına səbəb ola bilər. Uzunmüddətli perspektivdə isə bu qidalanma modeli əzələ itkisi və hormonal pozğunluqlarla nəticələnə bilər”.
O deyib ki, ən vacib məqamlardan biri də odur ki, az yemək hər zaman sağlam arıqlamaq demək deyil:
“Əksinə, orqanizm özünü qoruma mexanizminə keçdiyi üçün çəki itirmək çətinləşir, hətta zaman keçdikcə çəki artımı belə müşahidə oluna bilər. Bəs normalda insan gündə neçə dəfə qidalanmalıdır? Bu sualın cavabı insanın yaşı, cinsi, sağlamlıq vəziyyəti, həyat tərzi və gün ərzində fiziki aktivliyindən asılı olaraq dəyişir. Ümumilikdə isə gündə 2-3 əsas öyün (səhər, günorta və axşam), ehtiyac yarandıqda isə 1 yüngül ara öyün ən balanslı və davamlı qidalanma modeli hesab olunur. Aralıqlı oruc və ya gündə iki dəfə qidalanma kimi alternativ modellər də mövcuddur. Lakin bu yanaşmalar mütləq şəkildə düzgün planlaşdırılmalı və hər kəsə eyni formada tətbiq edilməməlidir. Sağlam qidalanma az yemək deyil, düzgün, balanslı və orqanizmin ehtiyaclarına uyğun qidalanmaqdır. Orqanizmi cəzalandırmaq yox, onu anlamaq lazımdır”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью