Dietoloqu əvəz edən süni intellekt: Nə qədər etibarlıdır?

27.07.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Bir neçə suala cavab verməklə fərdi menyu və qidalanma planı hazırlayan tətbiqlərə maraq getdikcə artır.

Arıqlamaq, çəki artırmaq və ya sağlam qidalanmaq istəyən bir çox insan dietoloqa müraciət etmək əvəzinə bu vasitələrdən istifadə edir.

Lakin hər insanın orqanizmi fərqlidir və qidalanma planı da buna uyğun hazırlanmalıdır. Bu səbəbdən süni intellektin hazırladığı menyuların nə dərəcədə etibarlı olduğu və dietoloqu əvəz edib-edə bilməyəcəyi sual doğurur.

Bəs süni intellektin hazırladığı qidalanma planları nə dərəcədə etibarlıdır?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında qida üzrə məsləhətçi, dietoloq Lamiyə Əzimova bildirib ki, süni intellektin hazırladığı qidalanma planlarından nəzarətsiz istifadə bəzi hallarda sağlamlıq üçün ciddi risklər yarada bilər: 

"Ən böyük problem odur ki, bu proqramlar hər zaman insanın klinik vəziyyətini tam qiymətləndirə bilmir. Bu səbəbdən orqanizmin enerji və qida maddələrinə olan real tələbatı düzgün hesablanmadıqda zülal, vitamin və mineral çatışmazlığı, əzələ kütləsinin azalması, maddələr mübadiləsinin yavaşıması və hormonal balansın pozulması kimi problemlər yarana bilər.

Bundan əlavə, bəzi süni intellekt sistemləri elmi cəhətdən təsdiqlənməmiş və ya hər kəs üçün uyğun olmayan qidalanma yanaşmalarını tövsiyə edə bilir.

Halbuki qidalanma planı yaşa, cinsə, sağlamlıq vəziyyətinə, laborator göstəricilərə, fiziki aktivliyə və xroniki xəstəliklərə uyğun fərdiləşdirilməlidir.

Bu amillər nəzərə alınmadıqda xüsusilə şəkərli diabet, böyrək, qaraciyər, ürək-damar və endokrin xəstəlikləri olan insanlarda sağlamlıq riskləri arta bilər".

Onun sözlərinə görə, ona görə də süni intellekti diaqnoz qoyan və ya müalicə təyin edən vasitə kimi qəbul etmək doğru deyil:

"Süni intellekt mövcud elmi biliklər əsasında tövsiyələr formalaşdırsa da, o, insan orqanizminin qidalanmaya verdiyi fərdi reaksiyanı izləyə və klinik qərar qəbul edə bilmir.

Halbuki qidalanma dinamik prosesdir və orqanizmdə baş verən dəyişikliklərə uyğun olaraq rasionun mütəmadi yenilənməsi tələb olunur.

Məsələn, eyni qidalanma planı iki fərqli insanda tamamilə fərqli nəticələr verə bilər. Bunun səbəbi genetik xüsusiyyətlər, bağırsaq mikrobiotası, fiziki aktivlik səviyyəsi, yuxu rejimi, stress və digər fizioloji amillərin qida maddələrinin mənimsənilməsinə və maddələr mübadiləsinə təsir göstərməsidir.

Digər mühüm məqam isə odur ki, süni intellekt təqdim etdiyi tövsiyələrin tibbi təhlükəsizliyini fərdi səviyyədə qiymətləndirmir.Bəzi hallarda aşağı kalorili və ya müəyyən qida qruplarını məhdudlaşdıran pəhrizlər qısa müddətdə çəki itkisi yaratsa da, uzunmüddətli perspektivdə qida çatışmazlığı, hormonal dəyişikliklər və metabolik pozğunluqlara səbəb ola bilər. 

Xüsusilə böyümə dövründə olan uşaqlar, hamilə və südverən qadınlar, yaşlı insanlar və xroniki xəstəlikləri olan şəxslər üçün belə yanaşmalar daha yüksək risk daşıyır".

O qeyd edib ki, buna görə də süni intellektin təqdim etdiyi qidalanma planlarına tənqidi yanaşmaq və onları mütləq elmi-praktik qiymətləndirmədən keçirmək vacibdir:

"Gələcəkdə bu texnologiyalar daha da təkmilləşsə belə, dietoloqun rolu yalnız menyu hazırlamaqdan ibarət deyil.
Mütəxəssis pasiyentin sağlamlıq vəziyyətini qiymətləndirir, risk faktorlarını müəyyənləşdirir, nəticələri izləyir və ehtiyac yarandıqda qidalanma planına vaxtında dəyişiklik edir.

Buna görə də düzgün və təhlükəsiz qidalanma üçün plan hər bir insanın sağlamlıq vəziyyətinə uyğun fərdiləşdirilməli və mütəxəssis nəzarəti ilə hazırlanmalıdır".

Gülər Həsənli 
"Cebheinfo.az"

Açar sözlər: Diyetoloq Lamiyə Əzimova

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью