Dillər Universitetinin Konfutsi İnstitutunda yeni tədris ili

21.09.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 21 sentyabr, AZƏRTAC

Yeni tədris ilinin başlanması ilə əlaqədar Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutu Çin dili, təhsili və mədəniyyətinə həsr olunmuş tədbirlər keçirib.

ADU-nun Konfutsi İnstitutundan AZƏRTAC-a bildirilib ki, bu institutun müəllim və tələbələri İçərişəhərdə təşkil olunan “Milli Geyim Günü” adlı mədəni proqramda iştirak ediblər. Çinin Azərbaycandakı səfiri Lu Meyin də qatıldığı tədbirdə ənənəvi Çin qadın geyimi olan qipaonun müxtəlif nümunələri nümayiş etdirilib. Qeyd olunub ki, qipaonun müasir forması 1920-ci illərdə Şanxay dizaynerləri tərəfindən yaradılıb.

Tədbir çərçivəsində Çin xalq rəqsləri təqdim olunub, həmçinin Çin çay mərasimi və xəttatlıq sənəti nümayiş etdirilib.

ADU Konfutsi İnstitutunun direktorları Rafiq Abbasov və Li Jihua ilə Şanxay Əməkdaşlıq Təşkilatı Tədqiqat Mərkəzinin baş katibinin müavini Yang Jinin rəhbərlik etdiyi Çin Sosial Elmlər Akademiyasının tədqiqatçılarından ibarət nümayəndə heyəti arasında da görüş keçirilib.

Görüşdə Azərbaycanda Çin dilinin tədrisi və yayılması təcrübəsi, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycan ilə Çin arasında mədəni mübadilələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

Qonaqlar ADU Konfutsi İnstitutunun Çin dilinin tədrisi üzrə müasir metodların hazırlanması, tematik mədəni tədbirlərin təşkili, həmçinin Çin dili və çinşünaslıq üzrə Azərbaycan mütəxəssislərinin hazırlanması istiqamətində fəaliyyəti ilə tanış olublar.

Yang Jin ADU Konfutsi İnstitutunun Azərbaycan-Çin humanitar əməkdaşlığının inkişafındakı rolunu yüksək qiymətləndirərək, institutun Çin dilinin yayılması ilə yanaşı, iki ölkə arasında akademik mübadilə üçün də mühüm platforma olduğunu bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью