Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tarix elmləri doktoru Həsən Həsənov tarixçi İlbər Ortaylının Azərbaycan tarixi ilə bağlı mövqeyini sərt şəkildə tənqid edib.
Həsən Həsənovun yerli mediaya verdiyi açıqlamasında İlbər Ortaylının vaxtilə Azərbaycan xalqının mənşəyi ilə bağlı səsləndirdiyi fikirləri xatırladaraq, bunların tariximizə qarşı mənfi münasibətin göstəricisi olduğunu iddia edib:
“O deyirdi ki, siz farsdan dönməsiniz. Onunla tanış idim, görüşəndə bir-birimizə qarşı münasibət mehriban idi. Amma mən bilirəm ki, o, bizim tariximizə düşmən adam idi. Deyirdi ki, Azərbaycan xalqı olmayıb, farsdan dönməsiniz”.
İlbər Ortaylının iştirakçısı olduğu tədbirlərə qatılmış tarixçi və araşdırmaçı Dilqəm Əhməd “Cebheinfo.az"-a açıqlamasında bildirib ki, tarix elmləri doktoru Həsən Həsənov bu sahədə qiymətli əsərlərin müəllifidir:
“Xüsusilə, Cümhuriyyət dövrü, eləcə də tariximizin yeni siyasi inkişaf mərhələsi ilə bağlı çox dəyərli əsərlər yazıb. Son dövrlərdə onun qədim Azərbaycan tarixi, xəritəşünaslıqla bağlı əsərləri də diqqətəlayiqdir. Eyni zamanda, diplomat kimi də tarixi xidmətləri var. Bu baxımdan, onun tanınmış türkiyəli tarixçi, mərhum professor İlbər Ortaylı ilə söhbətinin mətnini inkar etməyimiz doğru olmazdı. İki şəxs arasında söhbətdir, orada nəyin danışıldığını biz bilə bilmərik".
Dilqəm Əhməd əlavə edib ki, İlbər Ortaylı çıxışlarında hər zaman “azəri” sözünün işlədilməsini qarşı çıxırdı, “türk” kimliyini önə çəkirdi:
"İlbər Ortaylıda qəribə İran sevgisinin olduğu dəqiqdir. Bu isə təkcə ona xas amil deyil. Məhz Türkiyədə alimlər arasında Qərb təsiri ilə iransevərlik halları var. Eyni zamanda, biz professor İlbər Ortaylı "azəri" sözünə qarşı çıxdığını, azərbaycanlıların özlərini türk adlandırmalarının doğru olacağını söylədiyini də bilirik. Ola bilsin ki, İlbər Ortaylı azərbaycanlıların formalaşmasında fars ünsürünün ola biləcəyini ehtimal edib. Nəzərə alaq ki, ölkəmizdə fars və Qafqaz mənşəli xalqlar da var, hamımız ümumi azərbaycanlı adlanırıq. Mənə elə gəlir ki, İlbər Ortaylı Azərbaycan xalqının formalaşmasında, mədəniyyətinin inkişafında fars amilinin olduğunu ifadə edib. Yəni bu formada deyə, ifadə etmiş ola bilər".
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Açar sözlər: Dilqəm Əhməd İlbər Ortaylı
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin