Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 18 noyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycan dili, ingilis dili, rus dili və informatika fənlərindən hazırlıq kurslarına qeydiyyat başlanıb.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat bildirilib. Hazırlıq kurslarında müəllimlər, metodistlər, eləcə də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində müvafiq fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və həmin istiqamətdə təhsilini davam etdirən magistrantlar iştirak edə bilərlər. Kursda iştirak etmək istəyən şəxs ixtisasına uyğun fəndən qeydiyyatdan keçə bilər. Bir neçə fənn üzrə qeydiyyatdan keçənlərin yalnız müvafiq fənn üzrə qeydiyyatı nəzərə alınacaq. Qeydiyyat aprelin 4-ü saat 23:59-dək davam edəcək. Hazırlıq kurslarında iştirak üçün nəzərdə tutulmuş ödəniş məbləği 100 (yüz) manatdır. Ali təhsil müəssisələrinin müvafiq ixtisaslar üzrə təhsil alan sonuncu kurs tələbələri və həmin istiqamətdə təhsilini davam etdirən magistrantlar üçün kurslarda ilk dəfə iştirak etmək ödənişsizdir. Kurslarda iştirak etmək istəyən şəxslər DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat epayment.dim.gov.az/ internet səhifəsində verilmişdir) istifadə etmək mümkündür. Şəxsi kabinet yaradıldıqdan və ödəniş tələb olunan iştirakçılar tərəfindən hesaba müvafiq məbləğdə vəsait köçürüldükdən sonra “Hazırlıq kurslarında iştirak etmək üçün qeydiyyat”dan keçmək lazımdır. Kursun sonunda iştirakçılar müvafiq fənlər üzrə kalibrləmə prosesindən (cavabı yazı ilə ifadə olunan tapşırıqların kompüterdə xüsusi proqram vasitəsilə yoxlanılması) və yoxlama imtahanından keçəcəklər. Həm kalibrləmə prosesindən, həm də yoxlama imtahanından müvəffəqiyyətlə keçənlərin şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək və onlara sertifikat veriləcək.
Qeydiyyat zamanı anketin təsdiq edilməsi ilə bağlı çətinlik yaranarsa, həmin şəxslər (012) 310-53-16 (daxili nömrə:1532) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. DİM-in regional bölmələrinin ünvanları və əlaqə vasitələri ilə keçiddə tanış ola bilərsiniz.