DİM Elm və Təhsil Nazirliyinə birləşdirilməlidir? 3 SƏBƏB

28.11.2026

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Ölkəmizdə yüz minlərlə şagird hər səhər məktəbə gedir. Onlar 11 il ərzində müxtəlif fənləri öyrənir, dərsliklər oxuyur, müəllimlərin verdiyi tapşırıqları yerinə yetirir, imtahanlara hazırlaşırlar. Ancaq bu uzun təhsil yolunun sonunda ali məktəbə qəbul olmaq istəyənlərin əksəriyyəti başqa bir hazırlıq sisteminə, repetitor yanına üz tutmalı olurlar. Təəssüf ki, yaranmış mənzərə ayrı-ayrı ailələrin seçiminə bağlı  deyil, məsələ ölkənin təhsil reallığına çevrilmiş problemdir. 

Valideyn övladını məktəbə göndərir, amma onun universitetə qəbul olunması üçün əlavə hazırlığa pul ayırır. 

Niyə...

Şagird gündüz məktəbdə, günün qalan hissəsində repetitor yanında olur. 

Niyə...

Beləliklə, məktəb təhsilin əsas ünvanı olmaqdan tədricən imtahana hazırlığın ilkin mərhələsinə çevrilir. Əgər şagird 11 il məktəbdə oxuduqdan sonra universitetə qəbul üçün əlavə təhsilə ciddi ehtiyac duyursa, burada yaranmış vəziyyət ciddi müzakirə edilməlidir.

Məhz bu reallıq fonunda bir neçə məsələ aydınlıq tələb edir. Dövlət İmtahan Mərkəzi Elm və Təhsil Nazirliyinə birləşdirilməlidirmi? Təhsilin məzmununu müəyyənləşdirən və onun nəticələrini qiymətləndirən qurumlar vahid idarəetmə altında fəaliyyət göstərməlidirmi?

Bu gün Azərbaycan təhsilinin qarşısında duran əsas problemlərdən biri tədrislə qiymətləndirmə arasındakı uyğunsuzluqdur. Məktəb şagirdə müəyyən bilik və bacarıqlar aşılayır. Qəbul imtahanı isə ondan konkret proqram, sual formatı və müəyyən test texnikasına uyğun nəticə tələb edir. Bu iki istiqamət arasında əlaqə zəiflədikcə məktəbin verdiyi təhsillə ali məktəbə qəbul üçün tələb olunan hazırlıq arasında məsafə artır. Nəticədə şagird məktəbdə öyrəndikləri ilə kifayətlənmədiyini düşünür, valideyn isə əlavə hazırlığı zərurət kimi qəbul edir. Repetitorluq bazarı böyüyür, ailələrin təhsil xərcləri artır, məktəbin nüfuzu isə sual altına düşür.

Əslində, repetitorluğun mövcudluğu özlüyündə problem yaratmır. Əlavə bilik almaq, müəyyən fənni daha dərindən öyrənmək hər bir şagirdin hüququdur. Problem odur ki, repetitor xidməti ali təhsil almağın vazkeçilməz mərhələsi kimi görünməyə başlayıb. 

Yenə qayıdaq ortaya çıxan suallara, Dövlət İmtahan Mərkəzi Elm və Təhsil Nazirliyinə birləşdirilməlidirmi? Təhsilin məzmununu müəyyənləşdirən və onun nəticələrini qiymətləndirən qurumlar vahid idarəetmə altında fəaliyyət göstərməlidirmi?

Bu gün  Elm və Təhsil Nazirliyi də imtahan və qiymətləndirmə mexanizmlərindən geniş istifadə edir. Müəllimlərin işə qəbulu müsabiqəsi, sertifikatlaşdırma və digər qiymətləndirmə prosesləri buna nümunədir. Bir az da konkretləşdirsək, şagidrlərə bilik və bacarıq öyrədən bütün müəllimlər nazirliyin qiymətləndirmə mexanizmlərindən keçir. Məntiqlə müəllimlərin qiymətləndirilməsi daha ağır və məsuliyyətli prosesdir. Bunu həyata keçirən qurum ali təhsilə qəbulla bağlı proseduru daha çevik yerinə yetirə bilər.

Buradan bir nəticə də çıxır, ölkədə həm təhsil siyasətini həyata keçirən, həm də müxtəlif qiymətləndirmə prosesləri aparan qurumlar mövcuddur. Demək ki, burada əsas məsələ onların oxşar funksiyanı yerinə yetirməsində axtarılmamalıdır. Daha vacibi fəaliyyətlərin vahid təhsil strategiyasına nə dərəcədə uyğunlaşdırılmasıdır.

DİM-in Elm və Təhsil Nazirliyinə inteqrasiyası məhz bu baxımdan ciddi müzakirə tələb edir. Məsələni vacib edən digər məqam isə tədris proqramlarının, məktəbdaxili qiymətləndirmənin, buraxılış və qəbul imtahanlarının vahid məntiq əsasında qurulmasıdır.

Universitetlərə qəbulun ən ciddi problemlərindən biri də imtahanlara hazırlıq prosesində əzbərçiliyin və test texnikasının həddindən artıq ön plana çıxmasıdır. Şagird məlumatı təhlil etməyi, müqayisə aparmağı, müstəqil fikir yürütməyi arxa plana atır, düzgün cavabı daha tez tapmağı öyrənir. Burada şagirddə təqsir axtarmaq da yanlışdır. Universitetə qəbul qaydası bunu diqtə edir. Və bu yanaşma müəyyən imtahan nəticəsi qazandırır, müasir əmək bazarının tələb etdiyi bacarıqları isə formalaşdırmır.
XXI əsrdə informasiya əldə etmək əvvəlki dövrlərlə müqayisədə xeyli asanlaşıb. Süni intellekt və rəqəmsal texnologiyalar məlumatı saniyələr ərzində təqdim edir. Buna görə də təhsilin əsas məqsədi məlumatı anlamaq, təhlil etmək, tətbiq etmək və yeni həllər yaratmaq bacarığı formalaşdırmaq olmalıdır.
Təbii ki, imtahanlar da bu dəyişikliklərə uyğunlaşmalıdır. İndi şagirdin nə qədər fakt əzbərlədiyini qiymətləndirmək şagirdə heç nə vermir. Ancaq bildiklərindən necə istifadə etdiyini ölçən qiymətləndirmə mexanizmlərinə çox böyük ehtiyac var.

Bu baxımdan qəbul imtahanlarının məzmunu məktəbin tədris proqramları ilə daha sıx əlaqələndirilməli, analitik düşüncə, oxuyub-anlama, problem həll etmə və tətbiqi biliklərə daha çox yer ayrılmalıdır.

O da məlumdur ki, DİM-in Elm və Təhsil Nazirliyinə birləşdirilməsi təhsil sistemindəki bütün problemləri avtomatik həll etməyəcək. Amma problemi bilib onun üzərinə getmək problemin yarı həlli deməkdir. Yəni hər bir halda iki qurum arasında daha sıx institusional və metodoloji koordinasiyanın yaradılması zəruridir.

Bunun üçün ilk növbədə qəbul imtahanlarının məzmunu məktəb proqramları ilə sistemli şəkildə uzlaşdırılmalıdır. İmtahan nəticələri əsasında məktəblərin və təhsil proqramlarının zəif tərəfləri müəyyənləşdirilməli, bu məlumatlar təhsil siyasətinin təkmilləşdirilməsində istifadə olunmalıdır. Şagirdin məktəbdə qazandığı bilik ali təhsilə qəbul üçün real baza yaratmalıdır. Eyni zamanda, qəbul imtahanlarının müstəqilliyi və obyektivliyi qorunmalı, qiymətləndirmə nəticələri ictimaiyyət üçün şəffaf olmalıdır.

Müasir dünyada şagirdin uğuru yalnız imtahan balı ilə ölçülmür. Onun düşünmə, araşdırma, ünsiyyət, yaradıcılıq və problem həll etmə bacarıqları da təhsilin əsas nəticələri kimi qəbul edilməlidir. Bu məsələ ətrafında da ciddi müzakirəyə ehtiyac duyulur. Çünki hər zaman şikayət etdiyimiz bir məsələnin həllinin açarı da məhz buradadır. Şagirdlərin analitik təfəkkürlü, təhlil qabiuliyyətli olmasını istəyiriksə, heç bir halda qəbul imtahanlarını texniki vərdişlərdən asılı etməməliyik.

Əslində bu gün müzakirə edilməli olan məsələ DİM-in mövcudluğunun zəruri olub-olmaması ilə məhdudlaşmır. Əsas məqam odur ki, Azərbaycan təhsilində məktəb, qəbul sistemi və ali təhsil bir-birini tamamlayan vahid mexanizm kimi fəaliyyət göstərə bilirmi?

Əgər məktəb şagirdə bilik verməli, qəbul sistemi həmin biliyi obyektiv ölçməli, universitet isə bu bilik və bacarıqları daha da inkişaf etdirməlidirsə, onların arasında ciddi əlaqə olmalıdır. Çünki təhsil bir zəncirdir. Bu zəncirin halqaları bir-birindən qopduqda nəticə zəifləyir. Məktəb bir istiqamətə, qəbul imtahanı başqa istiqamətə, repetitor hazırlığı isə tamam fərqli istiqamətə yönələndə ən böyük yük şagirdin və ailənin üzərinə düşür. Cəmiyyət bunun da fərqində olmalıdır.

Ona görə də DİM-in Elm və Təhsil Nazirliyinə birləşdirilməsi məsələsi açıq müzakirəyə çıxarıla bilər. Məqsəd elə bir təhsil sistemi qurmaqdır ki, şagird 11 il məktəbdə oxuduqdan sonra öz gələcəyini qurmaq üçün yenidən sıfırdan hazırlaşmağa məcbur qalmasın.

Və nəhayət, ən vacib məsələ, biz məktəbi uşağın gələcəyinə aparan əsas yol kimi görmək istəyirik, yoxsa onu repetitor hazırlığına gedən yolun başlanğıcında saxlamağa davam edəcəyik? Bu kimi məqamlara aydınlıq gətirilməlidir.          

Sevinc MƏHƏRRƏMOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью