Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçirilən ali təhsil müəssisələrinin sərgisi üçüncü və son günündə də abituriyentlərin və valideynlərin böyük marağı ilə davam edib. Azərbaycan Turizm və Menecment Universitetinin stendi ziyarətçilərin ən çox üz tutduğu məkanlardan biri olub.
Sərginin son günündə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ATMU-nun stendini ziyarət edib. Universitet nümayəndələri qonağa bu təhsil ocağında həyata keçirilən tədris prosesi, ixtisaslar, beynəlxalq əməkdaşlıq imkanları və universitetin gələcək inkişaf istiqamətləri barədə məlumat veriblər.
ATMU-nu sərgidə Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhəbbət Hacıyeva və Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini İranə Axundova təmsil ediblər.
Gün ərzində universitet nümayəndələri abituriyentlərə ATMU-da tədris olunan ixtisaslar, qəbul qaydaları, təhsil imkanları, beynəlxalq proqramlar və tələbə həyatı barədə ətraflı məlumat veriblər. Ziyarətçilər onları maraqlandıran suallara birbaşa universitet əməkdaşlarından cavab almaq imkanı əldə ediblər.
Üç gün davam edən sərgi ərzində ATMU-nun stendi çoxlu sayda abituriyent və valideyn tərəfindən ziyarət olunub. Universitet nümayəndələri gələcək tələbələri ixtisas seçimi ilə bağlı məlumatlandıraraq onların qərarvermə prosesinə dəstək göstəriblər.
Z.HÜSEYNOVA
XQ