DİM sədri: 2025 ci ildə zal nəzarətçiləri bazasından 935 nəfər çıxarılıb

04.02.2026

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"2025-ci ildə zal nəzarətçiləri bazasından 935 nəfər müxtəlif səbəblərə görə çıxarılıb, 286 nəfəri birbaşa imtahanla bağlıdır".

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzində imtahan rəhbərləri və zal nəzarətçiləri ilə görüşdə məlumat verilib.

Bildirilib ki, 346 nəfər imtahanda iştirakdan dəfələrlə imtina etdiyinə görə siyahıdan çıxarılıb:

"Sosial məzuniyyətdə olan nəzarətçilərin sayı 122 nəfər təşkil edib. Cari ildə keçirilən imtahanlarda ağırdərəcəli köçürməyə yol verdiyi və ya köçürməyə şərait yaratdığına görə, o cümlədən sual kitabçalarının və cavab kartlarının dəyişdirilməsi, konspektdən istifadəyə göz yumulması kimi hallara görə imtahan rəhbəri tərəfindən qeyri-qənaətbəxş qiymətləndirilən 159 nəfər bazadan uzaqlaşdırılıb.

Bundan başqa, cavab kartını, cavab vərəqini, sual kitabçasını və ya yazı işi vərəqini səhv verdiyinə görə 14 nəfər, imtahan iştirakçısının imtahan zalından cavab kartını, cavab vərəqini və ya yazı işi vərəqini çıxarmasına yol verdiyinə görə isə 10 nəfər nəzarətçi siyahıdan çıxarılıb. İmtahan zalında telefon aşkarlandığı və ya nəzarətçinin özü ilə imtahan binasına telefon keçirdiyi hallara görə altı nəfər məsuliyyətə cəlb olunub.

İmtahan zalını lazımi qaydada idarə edə bilmədiyinə və imtahan zamanı iştirakçılarla söhbət etdiyinə görə 42 nəzarətçi bazadan çıxarılıb. Sənədlərlə iş bacarığı və prosedur qaydalarına dair məlumatı zəif olan, cavab vərəqini sual kitabçası zərfinə qoyan, cavab vərəqini vaxtında təhvil almayan, sual kitabçasını iştirakçıya vaxtından əvvəl verən, iştirakçını səhv yerdə əyləşdirən, iştirakçıları vaxtından əvvəl buraxan və ya imtahan zamanı zaldan çıxan nəzarətçilərin sayı 16 nəfər olub".

Məlumatda əlavə olunub ki, etik davranış qaydalarını pozduğuna görə 14 nəfər, nəzarətçi vəsiqəsini götürdüyü halda dəfələrlə imtahanlarda iştirak etmədiyinə görə isə 25 nəfər siyahıdan çıxarılıb:

"Müqavilə bağlanmadığına və ya mövcud müqaviləyə xitam verildiyinə görə 23 nəfər, işdən çıxdığına və ya təqaüdə getdiyinə görə isə 114 nəfər bazadan silinib".

Məhərrəm Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью