DİM sədrindən abituriyentlərə xəbərdarlıq

27.08.2026

Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ixtisas seçimi zamanı abituriyentlərin yol verdiyi əsas səhvlərdən birinə diqqət çəkib.

O bildirib ki, əvvəlki ilin keçid balını builki qəbul üçün göstərici və ya zəmanət kimi qəbul etmək düzgün deyil.

“İxtisas seçimi öncəsi dəfələrlə qeyd edirdik ki, ötən ilin keçid balı builki keçid balının göstəricisi və ya təminatı kimi qəbul edilməməlidir. Keçid balı əvvəlcədən müəyyən edilmir. O, konkret ildə həmin ixtisasa neçə nəfərin, hansı nəticələrlə müraciət etməsindən və neçə plan yerinin olmasından asılı olaraq müsabiqənin sonunda formalaşır”, – Məleykə Abbaszadə deyib.

İkinci imtahan şansı da var

DİM sədri abituriyentlərin qəbul imtahanında iki dəfə iştirak etmək imkanından da danışıb. Onun sözlərinə görə, ikinci cəhddə başqa ixtisas qrupu üzrə imtahan vermək imkanından istifadə edənlərin sayı azdır.

Abbaszadə bildirib ki, birinci nəticə son nəticə kimi qəbul edilməməlidir. Bu nəticə abituriyentin hazırlıq səviyyəsini, güclü və zəif tərəflərini müəyyənləşdirməyə imkan verir.

Onun sözlərinə görə, ikinci cəhd yalnız daha yüksək bal toplamaq ümidi deyil, eyni zamanda ixtisas seçimi strategiyasını yenidən qiymətləndirmək imkanıdır.

Boş yerlər üzrə seçimdə daha geniş imkanlar

DİM sədri boş qalan yerlər üzrə seçim mərhələsində abituriyentlər üçün yaradılan imkanları da açıqlayıb.

Belə ki, abituriyent eyni elektron ərizədə həm ali təhsil müəssisələrinin boş qalan yerlərini, həm də tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını göstərə bilər.

Bir elektron ərizədə 20-dək ixtisas kodu yazmaq mümkündür. Onların ardıcıllığını isə abituriyent özü müəyyən edir. Məsələn, Bakıdakı kollec ixtisasını regiondakı ali məktəbin ixtisasından əvvəl yazmaq da mümkündür.

Kollec “ehtiyat variant” deyil

Məleykə Abbaszadə bildirib ki, müsabiqə ali və orta ixtisas təhsili müəssisələri üzrə fərqli qaydada aparılır.

Ali məktəblərin boş qalan yerlərinə qəbul zamanı müvafiq qrup üzrə birinci və ikinci mərhələnin ümumi nəticələri nəzərə alınır. Orta ixtisas təhsili müəssisələrində isə müsabiqə yalnız birinci mərhələnin – buraxılış imtahanının ümumi balı əsasında aparılır.

Bu səbəbdən blok imtahanında tələb olunan minimum nəticəni toplaya bilməyən abituriyentin ali məktəb üzrə həmin qrupda müsabiqədə iştirak etmək imkanı olmaya bilər. Lakin onun buraxılış imtahanındakı yüksək nəticəsi orta ixtisas təhsili müəssisələrinin bir çox ixtisasları üzrə rəqabət aparmasına imkan verə bilər.

DİM sədrinin sözlərinə görə, “Abituriyent” jurnalının 5-ci nömrəsində tam orta təhsil bazasında orta ixtisas təhsili üzrə təxminən 18,4 min plan yeri təqdim olunub.

Bu yerlərin təxminən 31 faizi iqtisadiyyat, maliyyə, idarəetmə, turizm və logistika istiqamətlərinə, 28 faizi tibb, biologiya, aqrar və ekoloji sahələrə, 26 faizi İT, texnika, energetika, nəqliyyat, rabitə və sənaye istiqamətlərinə aiddir.

Sosial, humanitar və pedaqoji istiqamətlər üzrə yerlər təxminən 10 faiz, incəsənət, dizayn və qabiliyyət tələb edən istiqamətlər isə 5 faiz təşkil edir.

Abbaszadə xüsusi olaraq vurğulayıb ki, bu bölgü DİM-in rəsmi qrup təsnifatı deyil, ixtisasların məzmununa əsaslanan analitik müqayisədir.

Onun fikrincə, bu rəqəmlər orta ixtisas təhsilinin yalnız ali məktəbə qəbul ola bilməyənlər üçün “ehtiyat variant” olmadığını göstərir.

Kolleci bitirən subbakalavrların uyğun bakalavriat ixtisasları üzrə ali təhsilin bakalavriat səviyyəsində müsabiqə yolu ilə təhsillərini davam etdirmək hüququ da var.

DİM sədri abituriyentlərə təsadüfi seçim etməməyi tövsiyə edib. Onun sözlərinə görə, bəzən yaxşı seçilmiş orta ixtisas təhsili proqramı insanın maraqlarına və gələcək peşəsinə uyğun olmayan ali məktəb ixtisasından daha doğru başlanğıc ola bilər.

AzPost.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью