Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 3 fevral, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “Din araşdırmaları” jurnalının növbəti nömrəsinə məqalə qəbulu başlanıb.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, jurnalda məqalələrinin dərc olunmasını arzulayan müəlliflər martın 31-dək müraciət edə bilərlər.
Jurnala elmi dərəcəsi olan xarici ölkə və yerli alimlərin, doktorantların, həmçinin magistrantların məqalələri qəbul edilir.
Elmi nəşrə göndərilən və qəbul edilən məqalələr üçün heç bir ödəniş tələb olunmur. Jurnalda dərc olunan hər məqalə üçün DOI (Digital Object Identifier) təsisçi (Aİİ) tərəfindən təmin edilir. Müəllif məqaləsini göndərmək üçün jurnalın saytında qeydiyyatdan keçib ( https://journal.ait.edu.az/daj/user/register ), şəxsi kabinet yaratmalıdır. Məqalələr yalnız sayt üzərindən qəbul edilir. Jurnala daxil olan məqalələrin dəyərləndirilməsi zamanı ikitərəfli anonim rəy prosesi tətbiq olunur. Müəllif məqaləsi ilə bağlı gedişatı saytda yaratdığı profil üzərindən izləmək imkanına malikdir.
Aİİ-nin “Din araşdırmaları” jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) elmi jurnallar qarşısında qoyduğu tələblərə və beynəlxalq standartlara uyğun şəkildə ildə iki dəfə nəşr olunur və elektron formatda yayımlanır.
Jurnal 2020-ci ildən AAK tərəfindən fəlsəfə və psixologiya üzrə elmi məqalələrin dərc olunması tövsiyə olunan dövri elmi nəşrlərin siyahısına daxil edilib. Həmçinin DOAJ beynəlxalq xülasələndirmə və indeksləmə bazasında qeydiyyatdan keçib. Redaksiya heyətinin üzvləri Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Pakistan, Qazaxıstan, İndoneziya və Malayziya kimi ölkələrdə fəaliyyət göstərən nüfuzlu alimlərdən ibarətdir.
Nəşrin əsas məqsədi psixologiya və fəlsəfə üzrə, o cümlədən dinin tarixi, fəlsəfəsi, din sosiologiyası və din psixologiyası üzrə Azərbaycan, rus, ingilis, türk və ərəb dillərində hazırlanmış müstəqil tədqiqatları məqalə və resenziya kimi dərc edərək, beynəlxalq aləmdə bu istiqamətdə məlumatların, araşdırmaların artmasına töhfə verməkdir.