Icma.az, Gununsesi portalına istinadən məlumat verir.
Bilirsiniz, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) kimin adına olan küçədə yerləşir? Mirzə Fətəli Axundov küçəsində. Axundov yalnız ədəbi dilimizin banisi deyil. Həm də milli ateizmin ilk ideoloqudur. İlk ateistimiz deyil. İlk ateistimiz onun müəllimi olmuş Mirzə Şəfi Vazehdir.
İncanlı insanam. Amma Vazehin şeirlərini və Axundovun əsərlərini uşaqlıqdan sevirəm və indi də təkrar-təkrar oxuyuram.
Məni maraqlandıran odur ki, görəsən, QMİ-ni və onun rəhbəri Şeyxülislamı yerləşdikləri küçənin adı narahat edirmi, bu onları təhqir edirmi? Səhv etmirəmsə, QMİ 1980-ci ildən həmin küçədə yerləşir. Şeyxülislam da elə vəzifəsində həmin ildəndir. İndiyə kimi buna etiraz etməyiblərsə, deməli, narahat etmir.
Bu günlərdə hansısa bloqeri inanclıların hisslərini təhqir etdiyi üçün həbs ediblər. Baxdım bəzi çıxışlarına. Axundovun nəinki yanında, heç həndəvərində dura bilən kəs deyil. Belələri çoxdur. Bir-iki kitab oxuyublar, elə bilirlər ki, hər şeydən halidirlər və özlərini gözə soxmaq, primitiv çıxışlarla şöhrət qazanmaq üçün ağızlarına gələni döşəyirlər dinin ünvanına.
Mən də vaxtilə ateist olmuşam, bunların dediklərindən daha çox arqumentə də malik olmuşam. Lakin ədəb-ərkan, etikanı gözləmişəm həmişə. Allaha inanmırsan, dini uydurma hesab edirsən, çox yaxşı, ədəblə sözünü de, vəssalam. Səndən də ağıllı, savadlı, bilikli insanlar ciddi əsərlər yazıb dinin əleyhinə. Sənə niyə qulaq assınlar ki insanlar? Elə böyük alimləri oxuyarlar da. Sən niyə həyatını, fəaliyyətini buna həsr etmisən ki? Nə xeyrin var bu xalqa?..
Lakin hesab etmirəm ki, belə insanları həbs etmək lazımdır. Ümumiyyətlə, sözə görə insanın azadlıqdan məhrum olunmasını yaxşı hal saymıram. Söz əmələ çevrilmirsə, danışsın da nə qədər ürəyi istəyir. Xüsusilə dini mövzuda. İnanclı insanın əqidəsi o qədər dərindir ki (olmalıdır hər halda), hansısa bloqerin lağ-lağı çıxışları bu əqidəni heç cür sarsıda bilməz. Əksinə, inanclı insan bunu sınaq kimi qəbul etməli və İblisin oyunlarının bitmədiyini bir daha görüb imanında möhkəmlənməlidir. Belələri heç mübahisə etməyin yeri də yoxdur, çünki onlara həqiqət yox, şou lazımdır. Həm də axı hamı inanclı ola bilməz ki. Cəhənnəmə də kimsə düşməlidir, ya yox?!.
Vəkil Əkrəm Həsənov