Din, siyasət və jurnalistika etimadın qara siyahısı

12.11.2026

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünya dəyişir. Bu dəyişiklik dövlətlərin sərhədlərində, siyasi münasibətlərdə, iqtisadi modellərdə və texnoloji imkanlarda görünür. Daha insanların düşüncə tərzi, informasiya istehlakı, bir-birinə münasibəti, peşələrə verilən dəyər və güvən də əvvəlki deyil.

Bir vaxtlar nüfuzlu hesab edilən peşələr bu gün cəmiyyətin sualları qarşısında aciz görünür. Yeni peşələr yaranır, ənənəvi peşələrin funksiyaları dəyişir, bəziləri isə tədricən tarixin arxivinə göndərilir.

Əslində, hər bir peşə sahibinin öz sahəsinə münasibəti fərqlidir. Hər kəs öz işinin faydasını və əvəzolunmazlığını düşünür. Jurnalistlər üçün də jurnalistika belə bir sahədir. Bu gün jurnalistikanın qarşısında duran ən problem ictimai etimadın itirilməsidir.

Texnologiya xəbərin yayılma sürətini və coğrafiyasını dəyişir, həqiqiliyinə isə təminat vermir. Bu baxımdan jurnalistika çox çətin vəziyyətə düşüb.

Beynəlxalq tədqiqat şirkəti Ipsos 2024-cü il oktyabrın 31-də 32 ölkədə 23 530 nəfər arasında keçirdiyi Global Trustworthiness Index 2024 araşdırmasının nəticələrinə görə respondentlərdən müxtəlif peşə nümayəndələrinin nə dərəcədə etibarlı hesab etdikləri soruşulub.

Nəticə jurnalistlər üçün çox kədərlidir. Respondetlərin 58 faizi həkimləri etibarlı hesab edib. Alimlərə etimad 56, müəllimlərə 54 faiz təşkil edir. Jurnalistləri etibarlı hesab edənlər cəmi 27 faiz olub. Siyasətçilərə və dindarlara etimad daha aşağı olub.

Araşdırmada  21 peşə və ictimai qrup qiymətləndirilib və nə yazıq ki, jurnalistika da cəmiyyətlərin ciddi etimad problemi yaşadığı peşələr sırasındadır. Jurnalistlərə etimadın aşağı olmasını tək siyasətçilərin yaratdığı ümumi etimadsızlıq mühitinin ayağına yazmaq doğru olmaz. Jurnalistikanın öz davranışları, peşə standartları və ictimai məsuliyyəti də bu mənzərənin formalaşmasında mühüm rol oynayır. Bir vaxtlar dördüncü hakimiyyət adlandırılan jurnalistika indi öz nüfuzunu qorumaq üçün mübarizə aparır. Odur ki, indi dördüncü hakimiyyətin ən böyük problemi birinci, ikinci və üçüncü hakimiyyətlə münasibətlərdə axtarılmamalıdır. Ən düşündürücü məqam oxucusunun, tamaşaçısının və dinləyicisinin gözündə itirilən etibarın necə bərpa edələcəyidir.


Əlbəttə ki, jurnalistikanın etimad itkisi illərlə yığılan problemlərin nəticəsidir. Sosial şəbəkələr bu prosesi sürətləndirib, bu doğrudur, ancaq böhranın yeganə səbəb ünvanı kimi onu göstəmək doğru olmazdı.

Jurnalistikanın fundamental prinsipi ictimai maraqdır. Bu prinsipə görə jurnalist ilk növbədə cəmiyyətin doğru informasiya almaq hüququnu müdafiə etməlidir. Onun vəzifəsi hansısa siyasi qüvvəni, biznes qrupunu və ya şəxsi marağı qorumaq olmamalıdır. Nə yazıq ki, müasir mediada bu prinsiplər az qala həyat tərzinə çevrilib.

Bəzi media qurumları hadisələri olduğu kimi təqdim etmək əvəzinə, onları müəyyən maraqlar çərçivəsində şərh edir. Xəbərin seçilməsindən başlığına, təqdimatından şərhlərinə qədər redaksiya qərarlarına müxtəlif təsirlər daxil olur. Müstəqillik yoxdursa, xəbər ictimai məlumatlandırma vasitəsindən təsir vasitəsinə çevrilir.

Gəlin diqqət edək, eyni beynəlxalq hadisəyə müxtəlif ölkələrin mediasında tamamilə fərqli münasibət görürük. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki proseslər və ABŞ-ın beynəlxalq siyasəti buna dair geniş müzakirələr doğuran nümunələrdir.


Burada bir məsələni də vurğulamaq lazımdır, sosial şəbəkə platformalarının alqoritmləri müəyyən siyasi mövqelərin, emosional reaksiyaların və mübahisəli materialların daha geniş yayılmasına şərait yaradır.  Nəticədə oxucu hadisənin özünü hiss etmir, ona təqdim edilən versiyasını qəbul edir.

Əvvəllər jurnalist xəbər hazırlayır, redaksiya onu yoxlayır və ictimaiyyətə təqdim edirdi. Bu yanaşmanı nostalji kim qəbul etməyin. İndi sosial şəbəkələr informasiya istehsalını və yayımını sürətləndirdi. Hər kəs hadisə yerindən video çəkir, məlumat paylaşır. Yaranmış vəziyyətdə jurnalistikanın ənənəvi informasiya filtrləri zəifləyir.

İndi qeyri-ciddi  insanın paylaşımı peşəkar jurnalistin araşdırmasından daha çox izləyici toplayır. Bax, burada alqoritmik idarəetmə anlayışı meydana çıxır. Alqoritmin məqsədi həqiqəti müəyyənləşdirmək deyil. Biznes modelindən asılı olaraq istifadəçinin diqqətini saxlamaq, qarşılıqlı əlaqəni artırmaq və reklam gəlirlərini təmin etmək platformaının prioritetləridir.

Reuters İnstitutunun Oksford Universiteti nəzdində hazırladığı 2025-ci il Digital News Report hesabatında 48 media bazarı üzrə 97 mindən çox onlayn xəbər istehlakçısının məlumatları təhlil edilib. Hesabata görə, respondentlərin 58 faizi internetdə doğru məlumatı yanlış məlumatdan ayıra bilməyiblər. Bu rəqəmlər informasiya bolluğunun informasiya keyfiyyəti yaratmadığını göstərir.


Bəli, müasir jurnalistikanın ən ciddi problemlərindən biri sürət yarışıdır. Bir hadisə baş verir. Hamı ilk olaraq xəbər yaymağa çalışır. İlk paylaşan olmaq, ilk başlığı vermək, ilk videonu yerləşdirmək uğrunda rəqabət başlayır. Təəsüüf ki, bu yarışda məlumatın yoxlanılması son plana keçir.

Nəticədə sosial şəbəkədə yayılan bir video mənbəyi dəqiqləşdirilmədən xəbər olur. Anonim hesabın yazdığı məlumat başlığa çevrilir. Bir şəxsin iddiası fakt kimi təqdim edilir. Sonradan təkzib verilsə də, ilkin məlumatın təsiri qalır. Ən təhlükəlisi isə budur ki, oxucu bir neçə dəfə aldadıldıqdan bütövlükdə jurnalistikaya şübhə ilə yanaşmağa başlayır.

Əlbəttə media üçün auditoriya vacibdir. Media qurumu yaşamaq, əməkdaşlarına maaş vermək, texniki imkanlarını inkişaf etdirmək və rəqabətdə qalmaq üçün iqtisadi resurslara malik olmalıdır. Deməli, problem həm də iqtisadi marağın jurnalistikanın peşəkar missiyasını üstələməsidir.

Jurnalistikanın digər problemi peşəkar məsafənin itirilməsidir. Jurnalistin şəxsi mövqeyi ola bilər. Ancaq jurnalistin peşəkar vəzifəsi şəxsi münasibətini fakt kimi təqdim etməməkdir.

İnsan indi informasiya axınının içində yaşayır. Səhər gözünü açan kimi telefona baxır. Hətta yatmazdan əvvəl də ekranı əlindən buraxa bilmir. Dünyada baş verən hər şeydən xəbərdar olmaq istəyir. Paradoks ondadır ki, məlumat artdıqca hadisələri anlamaq asanlaşmır. Burada informasiya yüklənməsi anlayışı yada düşür. Müasir insanın əsas problemlərindən biri də hər şeyi izləməsi, hər şeyi təhlil etməyə vaxt tapa bilməməsidir. Təbii ki, bu faktor jurnalistikaya da təsir göstərir. Çünki jurnalistika həm də insanın diqqəti uğrunda mübarizə aparır. Məhz bu məqamda deyə bilərik ki, jurnalistikanın texnologiyaya təslim olub.


Bu gün sosial şəbəkələrin ən böyük gücü insanın qarşısına hansı informasiyanın çıxacağını müəyyənləşdirən sistemlərdədir. Bunun üçün rekomendasiya alqoritmləri, fərdiləşdirilmiş informasiya axını və filtr köpüyü (filter bubble) kimi anlayışlardan istifadə olunur.

Məsələn, Rusiya-Ukrayna müharibəsi haqqında fərqli mövqeləri izləyən iki istifadəçinin sosial şəbəkədə qarşılaşdığı informasiya mənzərəsi tamamilə fərqli ola bilər. Birinin qarşısına Rusiyanın hərbi üstünlüyünü göstərən videolar, digərinin qarşısına Ukraynanın uğurlarını nümayiş etdirən materiallar çıxır. Hər iki istifadəçi özünün gördüyü mənzərəni ümumi reallıq hesab edir. Eyni vəziyyət İsrail-Fələstin münaqişəsi, ABŞ-ın xarici siyasəti və digər beynəlxalq proseslərdə də müşahidə olunur.

Reuters İnstitutunun 2026-cı il Digital News Report hesabatında xəbər istehlakında platformaların rolunun artması ilə yanaşı, xəbərlərə ümumi etimadın 37 faizə düşdüyü göstərilir. Sosial şəbəkələrdə yayılan xəbərlərə etimad isə 22 faiz səviyyəsindədir.  

Sosial şəbəkələrdə hər şey paylaşılmalıdır düşüncəsi formalaşıb. Bəzən xəbərin əhəmiyyətindən çox onun paylaşılma potensialı əsas götürülür. İnsanlar məlumatı oxumaqdan çox ona reaksiya verməyə alışırlar. Bəyənmək, şərh yazmaq, paylaşmaq, mübahisə etmək informasiya istehlakının əsas hissəsinə çevrilib. Əlbəttə ki, belə mühitdə ciddi təhlil, araşdırma, uzunmüddətli müşahidə və mürəkkəb mövzuların izahı diqqətsiz qalır. Bunun bir səbəbi sosial şəbəkələrin emosional məzmunun yayılmasına verdiyi üstünlükdür. Qəzəb, qorxu, təəccüb və mübahisə doğuran materiallar çox vaxt yüksək qarşılıqlı əlaqə yaradır. Halbuki jurnalistika insanın düşünməsinə, hadisəni anlamasına, faktları müqayisə etməsinə və düzgün nəticə çıxarmasına kömək etməlidir. Bir cəmiyyətin emosional reaksiyalar üzərində informasiya istehlak etməsi onun müzakirə mədəniyyətini də dəyişir. Fikir mübadiləsinin yerini qarşılıqlı ittihamlar, arqumentin yerini emosional hücumlar tuta bilər.

Jurnalistikanın nüfuzunun azalması tək jurnalistlərin problemi hesab edilə bilməz. Məsələ cəmiyyətin informasiya təhlükəsizliyi, ictimai dialoq və demokratik institutlarla münasibəti baxımından da əhəmiyyətlidir. İnsan jurnalistə inanmırsa, hadisələri yoxlamaq üçün başqa mənbələr axtarır. Həmin mənbələr isə həmişə peşəkar və etibarlı olmur. Beləliklə, dezinformasiya, manipulyasiya və saxta xəbərlər üçün daha geniş imkan yaranır.

Nəticədə informasiya xaosu anlayışı meydana çıxır. Yəni doğru, yanlış, qismən doğru, kontekstdən çıxarılmış və qəsdən manipulyasiya edilmiş məlumatlar bir-birinə qarışır.  Əlbəttə ki, burada insan nəyi doğru hesab edəcəyini müəyyənləşdirməkdə çətinlik çəkəcək.  Daha təhlükəlisi isə ictimai etimadın ümumiyyətlə zəifləməsidir. Belə mühitdə həqiqəti sübut etmək də çətinləşir. Çünki insanlar faktı qəbul etməzdən əvvəl onun öz dünyagörüşünə uyğun olub-olmadığını yoxlayırlar. Ən böyük təhlükə insanların yalan xəbərə inanmasından çox, doğru xəbərə inanmamağa başlamasıdır. Bu məsələ jurnalistikanın itirdiyi nüfuzdan daha böyük problemdir.


Dünyanın dəyişməsi qaçılmazdır. Yeni texnologiyalar yaranacaq, süni intellekt informasiya istehsalında daha böyük rol oynayacaq, sosial şəbəkələrin təsir imkanları genişlənəcək. Saytlar daxil ənənəvi media modelləri tarixə qovuşacaq, yeniləri meydana gələcək. Amma jurnalistikanın gələcəyi tam olaraq yeni kameraların, süni intellekt proqramlarının, sürətli internetin və daha böyük auditoriyanın hesabına müəyyənləşməyəcək. Onun gələcəyini insanların bu peşəyə nə qədər etibar edəcəyi müəyyən edəcək.

Həkim xəstənin sağlamlığını, müəllim gələcə, alim elmi həqiqəti qorumağa çalışırsa, jurnalistin də əsas vəzifəsi ictimai həqiqətin qorumasıdır. Bu baxımdan jurnalistikanın böhranı cəmiyyətin həqiqətlə münasibətində yaranan problemdir.

Bir vaxtlar insanlar dünyada nə baş verdiyini öyrənmək üçün jurnalistikanın qapısını döyürdülər. İndi jurnalistika insanların qapısını döyür və özünə inanılmasını istəyir. Bu qapının yenidən açılması üçün isə jurnalistikanın əvvəlcə öz qapısını həqiqətə açması lazımdır. Etimad tələb edilmir, qazanılır. Jurnalistikanın itirdiyi də məhz budur.

Elnur ƏMİROV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью