Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
“Qarabağ” UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda bu gün Kiyev “Dinamo”sunu qəbul edəcək. Komandalar arasındakı ilk görüşdə ukraynalılar qələbə qazanıb – 1:0.
“Dinamo” bu mövsüm avrokuboklarda iki səfər oyunu keçirib. Avropa Liqasında Rumıniyanın “Universitatya Kluj” komandası ilə heç-heçə edən və həmin görüşdən sonra mərhələ adlayan kiyevlilər daha sonra Yunanıstanda PAOK-a uduzub. Saloniki təmsilçisinə iki görüşdə də məğlub olan “Dinamo” yoluna “Konfrans”da davam edib.
“Dinamo” bu mövsüm Ukrayna çempionatında bir oyun keçirib və səfərdə “Veres”ə son dəqiqədə vurduqları qolla qalib gəlib – 2:1.
“Qarabağ” isə son üç rəsmi matçda qələbə qazana bilməyib. “Atlılar” Avropa Liqasında II təsnifatda Bolqarıstanın ÇSKA komandası ilə mübarizədən məğlub ayrılıb. “Atlılar” bu görüşlərdə qol da vura bilməyib.
Hər iki komanda çətin günlərdən keçir. “Dinamo” əvvəlki əzəmətində deyil. Heyəti əsasən gənclərdən təşkil olunan kiyevlilər son illərdə avrokuboklarda da əsas mərhələyə düşə bilmir. “Dinamo” İqor Kostyukun rəhbərliyi altında uğursuz seriyanı sonlandırmaq arzusundadır. İlk matçdakı nəticə ukraynalıları daha motivasiya edir.
“Qarabağ” da pis gedişatı dayandırmaq arzusundadır. Yeni transferlərin komandaya uyğunlaşmasında problem var və bu, meydanda özünü aşkar göstərir. Lakin “Dinamo” məğlubiyyətə baxmayaraq, keçilməyəcək komanda deyil. “Atlılar” daha əvvəl də bir neçə dəfə məğlub olduğu matçlarda geridönüşlə qələbə qazana bilib.
“Qarabağ” – “Dinamo” oyununa saat 20:00-da start veriləcək.
Şahin Cəfərov